Neft qiymətinin dəyişməsi Rusiya iqtisadiyyatına mənfi təsir edib

Şəklin mənbəyi, Getty
Rusiya iqtisadiyyatı 2015-ci ildə 3,7 faiz ixtisara məruz qalıb, ölkənin statistika xidmətinin dərc etdiyi rəqəmlər göstərir.
Pərakəndə satış 10 faiz azalıb və kapital qoyuluşu 8,4 faiz düşüb. Bu, 2009-cu ildən bəri iqtisadiyyatın ən aşağı göstəricisidir.
Buna zidd olaraq, Rusiya ümumdaxili məhsulu 2014-cü ildə 0,6 faiz artıb.
Neft qiymətlərinin kəskin aşağı düşməsi Rusiya iqtisadiyyatına mənfi təsir göstərib və keçən 15 ay ərzində 70 faiz aşağı düşüb.
Rusiyanin 2014-cü ildə Krımı ilhaq etməsindən sonra tətbiq olunan Qərb sanksiyaları da iqtisadiyyata mənfi təsir göstərib.
Baş nazir Dmitri Medvedev bu ayın əvvəli bildirmişdi ki, bu eniş 2016-cı il büdcəsinə dəyişiklər edilməsinə gətirib çıxara bilər.
Prezident Vladimir Putin dekabr ayında bildirmişdi ki, büdcə neftin bir barelinin 50 dollar olmasına uyğun hesablanıb.
Neftin bir barelinin qiyməti hazırda 30 dollardan biraz yuxarıdır.
Təhlil: Steven Rosenberg, BBC Moskva müxbiri
“Biz təşviş keçirmirik!” Bu, bazar günü TV xəbər bülletenində xəbər başlıqlarından biridir. Bu sözlər aparıcının arxasında, rubl şəkilləri ilə yanaşı böyük hərflərlə yazılıb.
Rusiya təşviş keçirməsə də, açıq-aşkar narahatlıq keçirir.
Dövlətin nəzarət etdiyi media böhrana görə aşağı neft qiymətləri və bir az da Qərb sanksiyalarını günahlandırır.
Lakin siz televiziyada bu problemə görə Prezident Putinin tənqid olunduğunu görə bilməzsiniz.
Ölkəni idarə etdiyi son 15 ildə cənab Putin Rusiyanı neft qiymətlərinin aşağı düşməsinə hazırlamayıb və iqtisadiyyatının şaxələnməsini təmin etməyib və neftdən asılılığın azalması üçün işlər görməyib.
Rusiya vətəndaşlarının narahatlığı artmaqdadır. İnflyasiya artmaqdadır və işlərin itirilməsi qorxusu çoxalır.
Bu arada Rusiyada real gəlirlər aşağı düşür və sosial müavinətlər kəsilir.
Bu ayın əvvəlində yaşlı sakinlər Soçi və Krasnodarda yolları kəsərək təqaüdçülər üçün pulsuz nəqliyyatdan istifadənin ləğv edilməsinə qarşı etirazlarını bildiriblər.
Rusiya iqtisadiyyatının çətinlikləri davam etdikcə, sosial etirazın daha geniş yayılması mümkünlüyü də artır.
Neft və qazdan gələn vergilər Rusiya hökumətinin gəlirlərinin təxminən yarısını təşkil edir.
Capital Economics iqtisadiyyatçısı William Jackson deyib: “Rusiya böhranının ən pis günləri geridə qalsa da, iqtisadiyyat hələ də çox zəifdir”.
Rublun problemi
Rubl keçən həftə ABŞ dollarına qarşı rekord aşağı düşüb. Daha sonra neftin qiyməti bir qədər artdığı üçün, rubl da nisbətən güclənib.
Rubl bazar ertəsi 1 faizdən aşağı düşüb.
İqtisadiyyat naziri Aleksey Ulyukayev bildirib ki, o, Rusiya mərkəzi bankının faiz dərəcəsini 11 faizdə saxlayacağını gözləyir.
Mərkəzi bankın rəhbəri Elvira Nabiullina keçən həftə deyib ki, rəsmilər iqtisadiyyatı sabit saxlamaq üçün “bütün vasitələrə” malikdirlər.

Şəklin mənbəyi, Getty
Rusiyada işsizlik dekabr ayında 5,8 faiz təşkil edib. Bu o deməkdir ki, ölkədə 4,4 milyon insan işsizdir və real gəlirlər 10 faiz aşağı düşüb.
Pessimist iqtisadi xəbərlərə baxmayaraq, fastfud nəhəngi olan McDonald’s bazar ertəsi bəyan edib ki, bu il Rusiyada 60-dan çox restoran açmağı planlaşdırır.


