Gürcüstan Avropa ilə viza rejiminin ləğvinə aparan sənədi alqışlayır

Şəklin mənbəyi, Reuters
Gürcüstan hökuməti Avropa Komissiyasının Gürcüstan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə hərəkət planının icrasına dair hesabatın açıqlanmasını "tarixi hadisə" adlandırıb.
Bundan əvvəl Avropa Komissiyası, Gürcüstanın Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması üçün bütün şərtləri yerinə yetirdiyini bəyan etmişdi.
"Mən çox şadam ki, tezliklə biometrik pasportları olan Gürcüstan vətəndaşları Şengen zonasına qısamüddətli səfərləri vizasız edə biləcəklər – miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə Avropa komissarı Dimitris Avramopolusun məlumatında deyilir.
Bu məlumat Avropa İttifaqının Gürcüstan nümayəndəliyinin internet saytında dərc edilib.
Cənab Avramopolus deyib ki, Gürcüstan hökumətinin gürcü xalqının rifahında bu mühüm məqsədə çatılması üçün üç il ərzində gördüyü çətin iş müsbət nəticələr verib.
Hesabatda deyilir ki, Avropa Komissiyası 2016-cı ilin əvvəllərində müvafiq qanunvericilik təkliflərini təqdim edəcək. Bu təkliflərdən biri də, Gürcüstanın Avropa İttifaqına üç ay müddətinədək vizasız səfər edə bilən ölkələr siyahısına daxil edilməsidir.
Belə təkliflər Avropa Parlamentinə təqdim edilir və qəbul edildiyi təqdirdə baxılmaq üçün Avropa İttifaqının şurasına ötürülür. Burada təsdiqləndikdən sonra yeni qayda Avropa İttifaqının reqlamentinə daxil olur. Yalnız bundan sonra Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız səfərlərə çıxa biləcəklər.
“Tarixi gün”
Tbilisidə ümid edirlər ki, Gürcüstan vətəndaşları artıq 2016-cı ilin ortalarından Avropa ölkələrinə vizasız gedə biləcəklər.
"Bu gün bizim ölkəmiz və onun hər bir vətəndaşı üçün tarixi bir gündür, - Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib, - Avrointeqrasiya istiqamətində Gürcüstan elə bir addım atıb ki, bu, əhəmiyyətli dərəcədə ölkənin Avropa dövlətləri ailəsindəki gələcəyini müəyyən edib”.
"Yalnız müasir Avropa dövləti qurmaqla, biz ölkəni abxaz və osetin qardaşlarımız üçün cazibədar edə bilərik. Mən inanıram ki, bizim abxaz və osetin qardaşlarımızın Avropa inteqrasiyasının bəhrələrindən tam istifadə edəcəyi gün gələcək” – baş nazir deyib.

Şəklin mənbəyi, Reuters
Avropaya vizasız
Gürcüstan və Aİ arasında viza rejiminin sərbəstləşdirilməsinə dair dialoqa 2012-ci ilin yayında başlanmışdı.
2013-cü ilin fevralında Gürcüstan hökumətinə öz vətəndaşlarına Şengen zonasına vizasız qısamüddətli səfərlər etmək icazəsinin verilməsi üçün Tbilisinin yerinə yetirməli olduğu tələblərin siyahısı təqdim edilmişdi.
Hökumət qeyd edir ki, dərc olunmuş hesabatda Gürcüstanın hərəkət planının ikinci fazasını yerinə yetirdiyinin bildirilməsi, viza rejiminin sərbəstləşdirilməsi üçün texniki prosesin uğurla başa çatdığından xəbər verir.
Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ölkə çox qısa müddət ərzində əhəmiyyətli tərəqqiyə nail ola bilib, beləki hərəkət planının icrasına ötən ilin noyabrında başlanmışdı.
Bu hərəkət planının tələblərinə uyğun olaraq Gürcüstanda 60-dək qanun dəyişikliyi, 9 milli strategiya qəbul olunub və 7 beynəlxalq konvensiya ratifikasiya edilib.
Gürcüstan vətəndaşları üçün vizasız rejimin nə vaxtdan tətbiq ediləcəyi bəlli deyil, lakin ekspertlərin fikrincə bu, artıq 2016-cı ildə baş verəcək.




