Rusiya Misirə uçuşları dayandırır

Şəklin mənbəyi, RIA Novosti
Şarm əl-Şeyx yaxınlığında baş verən aviaqəzanın bomba nəticəsində baş verməsinə dair gümanların ardınca Rusiya Misirə bütün uçuşları dayandırıb.
Birləşmiş Krallıq tədqiqatçıları bildiriblər ki, təyyarə uçmazdan əvvəl içərisində bombanın olduğunu fərz edirlər. Prezident Vladimir Putin qərarını bundan sonra bəyan edib.
Sinayda İslam Dövləti qruplaşması ilə əlaqəli cihadçılar təyyarəni vurduqlarını iddia ediblər. İD Suriyada hava kampaniyası həyata keçirən Rusiya və ABŞ-a qarşı müharibəyə çağırış edib.
Kogalymavia Airbus A-321 təyyarəsi şənbə günü Şarm əl-Şeyxdən Sankt-Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub.
FSB-nin tövsiyəsi
Cənab Putinin qərarı, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbərinin tövsiyəsindən sonra açıqlanıb.
Moskvada keçirilən fövqəladə iclasda FSB rəhbəri Aleksandr Bortnikov Sinay yarımadasında A321 aviaqəzasının səbəblərinin müəyyənləşdirilməsinədək Rusiya aviaşirkətlərinə Misirə uçuşları dayandırmağı tövsiyə edib.
"Baş verənlərin həqiqi səbəbləri müəyyənləşənədək Rusiya aviasiyasının Misirə uçuşlarının dayandırılmasını məqsədəuyğun hesab edirəm. Bu ilk öncə turist kanallarına aiddir ", - Aleksandr Bortnikov prezidentin sədrliyilə keçirilən Rusiya Təhlükəsizlik Şurasında deyib.
Britaniya xüsusi xidmətləri hesab edirlər ki, A321 təyyarəsinə bomba uçuşdan əvvəl qoyula bilərdi, BBC-ə məlum olub.
Çərşənbə günü Britaniya Misirin Şarm əl-Şeyx kurortundan uçuşları dayandırıb. Çərşənbə günündən başlayaraq, bir sıra ölkələr Şarm əl-Şeyxdən səyahəti məhdudlaşdıran Britaniyaya qoşulub.




