Sinay qəzasına "xarici amil" səbəb olub

Şəklin mənbəyi, EPA
Rusiyanın Kogalymavia hava şirkəti şənbə günü baş vermiş təyyarə qəzası səbəbinin "xarici amil"lə bağlı olduğunu bildirib. Hava nəqliyyatına nəzarət edən Rosaviasiya dövlət qurumu bildirir ki, belə bir nəticəyə gəlmək erkəndir.
Şirkət rəhbərliyi təyyarənin öz-özünə dağıla bilməsinin ağlabatan olmadığını deyib.
Kogalymavia hesab edir ki, təyyarə hansısa xarici qüvvənin mexaniki təsiri nəticəsində dağılıb.
Bunu bazar ertəsi Moskvada keçirdiyi brifinqdə şirkətin baş direktoru Aleksandr Smirnov bildirib.
Onun təbirincə, təyyarənin kompüter sistemi maşının kəskin hərəkət etməsinə imkan verə bilməzdi.
"Parçalanmanın yeganə mümkün səbəbi təyyarəyə mexaniki təsirin göstərilməsi ola bilərdi", - Aleksandr Smirnov qeyd edib.

Kogalymavia baş direktorunun sözlərinə görə, istintaqın nərticələri məlum olandan sonra təyyarənin havada dağılması səbəbləri barədə daha aydın təssəvvür yaranacaq.
Hava Nəqliyyatı üzrə Rusiya Federal Agentliyinin (Rosaviasiya) rəhbəri Aleksandr Neradko deyib ki, aviaqəza səbəblərilə bağlı Kogalymavia şirkətinin bəyanatı erkəndir.
"Bəli biz bilirik ki, konstruksiya elementlərinin səpələndiyi ərazi genişdir. Bu parçalanmanın havada, yüksək səviyyədə, baş verdiyinə dəlalət edir. Lakin bunun səbəbləri barədə danışmaq tamamilə erkəndir, buna əsas yoxdur", - Neradkonun dediklərindən İnterfax agentliyi iqtibas gətirir.
Bundan öncə Rusiyanın Aviasiya Komitəsinin rəhbəri Viktor Soroçenko bildirmişdi ki, Rusiya hava yollarına məxsus, Sinay yarımadasında da qəzaya uğramış və içərisindəki 224 adamın hər birinin həlak olduğu təyyarə havada parçalanıb.
Özünü İslam Dövləti adlandıran qrupun müttəfiqləri olan cıhadçılar, sosial mediada iddia ediblər ki, KGL9268 təyyarəsini onlar vurublar.
Ancaq Misirin Baş naziri deyib ki, qəzanın əsas səbəbi çox güman ki, texniki nasazlıq olub. O, İslam Dövləti qruplaşmasının təyyarəni guya onların vurmasına dair iddialarını rədd edib.
BBC Monitorinqin apardığı təhlilə görə, təyyarənin guya "vurulmasını" göstərən video İD qruplaşmasının rəsmi kanalında yayımlanmayıb və onlara məxsus rəsmi klip deyil.
Təyyarənin qara qutuları tapılıb və istintaqa göndərilib.
BBC müxbiri Sally Nabil Qahirədən xəbər verir ki, bu hadisə Misirin onsuz da zəifləyən turizm sənayesinə böyük zərbə olacaq və Misirdə hakimiyyət istintaq prosesini mümkün qədər tezləşdirməyə çalışır.
Kogalymavia Airbus A-321 şənbə günü Şarm əl-Şeyxdən Sankt Peterburqa yola düşəndən az sonra qəzaya uğrayıb.
Misirin sivil aviasiya naziri Hossam Kamal deyib ki, təyyarədə hər hansı problemin olmasına dair məlumat yoxdur. Ancaq bundan əvvəl verilən məlumatlarda deyilirdi ki, pilot təcili enmək üçün müraciət edibmiş.




