Lavrov: Moskva “Azad Suriya Ordusuna” kömək edəcək

Şəklin mənbəyi, AP
Rusiyanın xarici işlər naziri Sergey Lavrov efir vasitəsilə bildirib ki, Moskva cihadçılara qarşı vuruşan Suriyanın müxalif “Azad Suriya Ordusu” qruplaşmasına havadan kömək etməyə hazırdır.
“Biz sadəcə Bəşər Əsədin və ya hansısa konkret müxalif qruplaşmanın maraqlarını müdafiə etmək niyyətində deyilik,” nazir bildirib.
“Biz Suriyanın maraqlarını nəzərə almaq istəyirik. Suriya üçünsə tezliklə müharibənin başa çatması və sülh şəraitinin bərqərar olması vacibdir,” cənab Lavrov əlavə edib.
Şənbə günü Lavrov və onun misirli həmkarı Sameh Şükri Suriya münaqişəsinin həlli uğrunda əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Azad Suriya Ordusuna” Qərb ölkələri tərəfindən dəstək göstərilib. Lakin Rusiyanın Suriyada hava zərbələrinə başlamasından sonra, bir sıra mənbələrə görə, qruplaşmanın mövqeləri də Rusiya mərmilərinin zərbəsinə tuş gəlib.
Qərbdə dəfələrlə vurğulanıb ki, Rusiyanın Suriya ərazilərini bombalaması İslam Dövləti (İD) qruplaşmasına heç bir zərər yetirmir.
ABŞ prezidenti Barack Obama bildirib ki, Rusiya Suriyaya havadan zərbələr endirdiyi zaman, İD ilə Bəşər Əsədə müxalif qruplaşmalar arasında fərq qoymur.
Britaniya baş naziri David Cameron isə bildirib ki, Moskva cihadçı İD qruplaşmasına zərbə endirmək əvəzinə, “Əsədin qəssablarına” kömək edir.




