Pamirdə kartof becərmək, yoxsa Rusiyada miqrant olmaq?

- Müəllif, Anora Sarkorova
- Vəzifə, BBC Rus Xidməti, Dağlıq Bədəxşən-Düşənbə
Rusiyada Qərbin sanksiyaları işə düşəndən və miqrasiya qanunvericiliyi sərtləşdirildikdən sonra tacik miqrantlarının çoxu bu ölkədən vətənə qayıtmağa başlayıb. Rusiyada qalanlar isə evlərinə xeyli az miqdarda pul göndərə bilir.
Tacikistanın ən yoxsul bölgələrindən biri sayılan Dağlıq Bədəxşan muxtar vilayətində bu problem özünü daha kəskin şəkildə göstərir.
Ərzaq məhsulları və yaşayış üçün digər vacib malların qiyməti Tacikistanın qalan bölgələrilə müqayisədə təxminən 2 dəfə bahadır.
Vilayətin 250 minlik əhalisinin (bu ölkə əhalisinin təminən 5%-i deməkdir) təxminən onda biri uzun illərdir ki Rusiyada yaşayır və işləyir.
Pamirlilərin bir çoxu ora 1992-1997-ci illərin vətəndaş müharibəsi dövründə gedərək Rusiya vətəndaşlığı alıblar.

Vilayət mərkəzi Xoroq şəhərinin sakini Mərzinə Tayqunşoyevanın dediyinə görə, təkcə onun ailəsindən 7 nəfər Rusiyaya işləməyə gedib.
"Qardaşım 6 il bundan əvvəl gedib, bizə oradan pul göndərib. lakin son 2 ildir, göndərə bilmir. Deyir, böhrandır, pul yoxdur. vəziyyətin nə vaxt düzələcəyini heç kəs bilmir", Mərzinə deyir.
Dağlıq Bədəxşanın "Mədinə" qadınlar cəmiyyətinin rəhbəri Nabat Dodxudoyeva deyir ki, Pamirdə torpaq qıt olduğundan, burada yaşamaq çox çətindir.
"Burada torpaq azdır, torpağı becərməklə dolanmaq mümkün deyil. Hər şey xaricdən göndərilən pul köçürmələrindən asılıdır", Nabat Dodxudoyeva deyir.

Rusiyada yeni miqrasiya qanunları qəbul olunandan sonra Tacikistandan gəlmiş əmək miqrantlarının vəziyyəti daha da çətinləşib.
Yeni qaydalar qüvvəyə mindikdən sonra, 325 min Tacikistan vətəndaşına qaydaları pozduqlarına görə, Rusiyaya giriş qadağan olunub.
"İllər ərzində Rusiyada işləmişəm, Moskvada, Kaluqada və digər şəhərlərdə evlər, bağlar tikmişəm. keçən il adımı qara siyahıya salıblar. Səbəbini deməyiblər. İndi işsizəm - nə pul var, nə iş", Pastxuf kənd sakini Karvan Qurbancanov deyir.
Düşənbə qara siyahı problemini Rusiya tərəfilə danışıqlarda dəfələrlə həll etməyə cəhd göstərib.
"Pamirdə qara siyahıya adı düşmüş mirantlar üçün hazırlıq kursları təşkil edilir, onlara qrantlar ayrılır, sahibkarlıq üçün şərait yaradılır", vilayətin Miqrasiya xidmətinin şöbə rəisi Mülkəman Qəniyev deyir.

"İxtisaslı işçilər çatışmır. Texniki problemlərimiz var. Kursların səviyyəsi qəaətbəxş deyil. Maddi-texniki bazamız zəifdir, bizə müasir avadanlıq lazımdır", Mülkəman Qəniyev davam edir.
Ucqar dağ kəndinin sakini Xuf Müzəffər Şoboyev oğullarının Rusiyaya işləməyə yollandıqlarını deyir.
"İndi onlardan biri geri qayıdıb. Torpaqda birgə işləyirik, taxıl, noxud becəririk. Bu iş çox pul gətirməsə də, bir təhər dolanırıq", kənd sakini izah edir.

Pamirdəki vəziyyət ölkənin digər bölgələri üçün də səciyyəvidir.
Tacikistan Milli bankının məlumatına əsasən, bu il ökəyə xaricdən 615,6 milyon dollar məbləğdə pul köçürmələri göndərilib, bu isə keçən ilin müvafiq göstəricisindən 318,6 мilyon dollar azdır.
Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına əsasən, Rusiyada 1 milyona yaxın Tacikistan vətəndaşı işləyir.

Tacikistan rəsmiləri Rusiyadan qayıdan əmək mirantlarını işlə təmin edə bilmir.
Bu səbəbdən, rəsmi Düşənbə Moskvadan yüz minlərlə Tacikistan vətəndaşları üçün miqrasiya amnistiyasının və güzəştlərin elan olunmasına çalışır.
Tərəflər bu barədə Tacikistanda Rusiya hərbi bazasına dir müqavilənin uzadılması müqabilində razılığa gəliblər.




