Suriya münaqişəsi: Hələb yaxınlığında İran generalı öldürülüb

General Hüseyn Həmədani Hələb şəhəri yaxınlığında həlak olub.

Şəklin mənbəyi, tasnimnews

Şəklin alt yazısı, General Hüseyn Həmədani Hələb şəhəri yaxınlığında həlak olub.

İran İslam İnqilabının Keşikçiləri Korpusunun komandirlərindən biri - Hüseyn Həmədani Suriyadakı Hələb şəhərinin yaxınlığında həlak olub.

Generalın ölümü barədə xəbəri təsdiqləyən İran İslam İnqilabı Keşikçiləri Korpusu Hüseyn Həmədaninin İslam Dövləti qruplaşmasına qarşı döyüşən Suriya ordusuna məsləhət xidməti göstərdiyini bildirir.

Prezident Bəşər əl-Əsədin əsas regional partnyoru olan İran Suriya hökumətinə hərbi dəstək göstərir.

Hüseyn Həmədani 2011-ci ildən bəri davam edən Suriya münaqişəsində həlak olmuş ən yüksək rütbəli İran hərbçilərindən biridir.

General 1980-1988-ci illərdə İran-İraq müharibəsində iştirak edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu İran hərbçilərinin bilavasitə döyüşlərdə iştirak etmədiyini bildirir.

Suriya prezidenti Bəşər əl-Əsəd daha əvvəl deyib ki, Suriya, İran və İraqı “terrorçuluğu dəf etmək” məqsədi birləşdirir.