Suriya münaqişəsi: Rusiya “yeni zərbələr endirib”

Rusiya hava zərbələri çərşənbə günü Homs şəhərindən şimalda olan ərazilərə endirilib
Şəklin alt yazısı, Rusiya hava zərbələri çərşənbə günü Homs şəhərindən şimalda olan ərazilərə endirilib

Rusiya artıq ikinci gündür Suriyadakı hədəflərə havadan zərbələr endirir.

Müdafiə nazirliyi bildirib ki, Rusiya təyyarələri İslam Dövləti (İD) qruplaşmasının döyüş sursatı anbarını və nəzarət mərkəzlərini məhv edib.

Lakin hava zərbələrinin endirildiyi ərazilərin İD və Suriya hökumətinə müxalif qrupların nəzarətində olduğu deyilir.

BBC-nin təhlükəsizlik müxbiri Frank Gardner bildirib ki, prezident Əsəd öz müttəfiqləri olan İran və Rusiya ilə birgə digər üsyançı qrupları sıxışdırıb çıxarmağa çalışır ki, Suriyadakı rejimə yeganə alternativ qüvvə kimi İD qalsın.

Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında 50-dən çox təyyarə və helikopter iştirak edir, Rusiya müdafiə nazirliyi bildirib.

Müxalif qruplar bildirib ki, çərşənbə günü keçirilmiş hücumlar nəticəsində 30-dan çox mülki şəxs həyatını itirib.

Lakin prezident Putin bu iddiaları rədd edib və bildirib ki, dinc sakinlərin ölümü ilə bağlı xəbər “hətta hərbi təyyarələrin hava zərbələrinə başlamasından əvvəl” gəlib.

Suriya və İraqdakı İD hədəflərinə hava zərbələri endirən ABŞ bildirib ki, onlar çərşənbə günü başlayan Rusiya hava hücumlarından yalnız əməliyyatın başlamasına bir saat qalmış xəbər tutublar.

Fransa müdafiə nazirliyi bildirib ki, hava zərbələri İD-ni hədəf almayıb. ABŞ müdafiə katibi Ashton Carter isə deyib ki, Rusiyanın bu yanaşması “ocağa benzin tökməyə bərabərdir”.

Hava zərbələri Fəth Ordusu adlı alyansın nəzarət etdiyi şimal-qərb bölgəsindəki üsyançıların mövqelərini hədəf alıb, Livanın al-Mayadeen televiziyası xəbər verib.

Bazar ertəsi Rusiya, İD-nə qarşı hava hücumları təşkil etdiyini bildirmişdi.

Lakin ABŞ bildirib ki, hədəflərin İD deyil, Suriya prezidenti Bəşər əl-Əsədin opponentləri olduğundan narahatdır.

Müxtəlif islamçı qruplardan ibarət Fəth Ordusu alyansı son aylarda ölkənin şimal-qərbində irəliləyib və İdlib şəhərini hökumətpərəst qüvvələrdən ələ keçirib.

Rusiya və ABŞ hava reydlərini müzakirə edir

Suriyada "təsadüfi insidentlərin" baş verməsindən qorunmaq üçün Rusiya hərbçiləri ABŞ həmkarları ilə yaxın zamanda məsləhətləşmələrə başlayacaq.

Bu barədə ABŞ dövlət katibi John Kerry və Rusiya XİN rəhbəri Sergey Lavrovun birgə mətbuat konfransında elan olunub.

Rusiya və ABŞ Suriyaya hava reydlərini müzakirə edəcək.ı

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya və ABŞ Suriyaya hava reydlərini müzakirə edəcək.ı

ABŞ dövlət katibi Rusiya tərəfilə məsləhətləşmələrin artıq çümə axşamı başlayacağına ümid etdiyini bildirib.

Çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyi Suriyada "İslam Dövləti" qruplaşması silahlıların mövgelərinə ilk hava zərbələrinin endirilməsini təsdiqləyib.

Məlumata görə, Rusiya hərbi aviasiyası 20-dək hava reydi həyata keçirib.

ABŞ mənbələri Rusiya aviasiyasının Homs şəhəri ərazisinə hava zərbələri endirdiyini xəbər verib.

Suriyanın SANA dövlət informasiya agentliyi Rusiya hərbi təyyarələrinin İD mövgelərini Rastan, Tel-Bisə, Zəfərani, Tülül əl-Xumra, Aydın, Dər-Fülə və Səlamiyyədə bombaladığını xəbər verib.

Ötən gün Rusiya parlamentinin yuxarı palatası ölkənin hərbi qüvvələrindən xaricdə istifadəsinə icazə verib.

Federasiya Şurası bu məsləyə dair prezident Vladimir Putinin müraciətini təmin edib.