Ramzan Kadırov: "Məkkədə ölənlərə həsəd aparıram"

Kadırovun sözlərinə görə, həcc ziyarətinə getmək istəyən hər bir müsəlman orda ölmək istəyir

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Kadırovun sözlərinə görə, həcc ziyarətinə getmək istəyən hər bir müsəlman orda ölmək istəyir

Çeçenistan lideri Ramzan Kadırov bildirib ki, Məkkədə həcc ziyarətində həyatını itirmiş insanlara həsəd aparır, çünki onlar müsəlmanların müqəddəs məkanında ölüblər.

“Onlar ən müqəddəs gündə, müsəlmanların ən müqəddəs məkanında dünyasını dəyişib. Buna görə də çox xoşbəxt insanlardı, biz onlara həsəd aparırıq. Allah qoysa biz onlarla cənnətdə görüşərik,” o, RSN xəbər agentliyinə bildirib.

Kadırovun sözlərinə görə, Minada baş verən hadisəni faciə kimi qiymətləndirmək olar, lakin eyni zamanda Səudiyyə Ərəbistanında həcc ziyarətinə gedən hər bir müsəlman, orada ölməyi arzulayır.

“Allah həcc ziyarətində ölən şəxslərin bütün günahlarını bağışlayır. Hər bir müsəlman Allahı görmək istəyir. Yəni bu faciədir, eyni zamanda da Allahın böyük nemətidir,” Çeçenistan lideri bildirib.

Minada çaxnaşma, Qurban bayramının ilk günü, cümə axşamı baş verib. Hadisə nəticəsində ən azı 717 nəfər həyatını itirib, yüzlərlə insan isə yaralanıb.

Bu, həcc ziyarəti zamanı baş vermiş ilk belə hadisə deyil.