Rusiya: sanksiyaya düşən ərzağın məhvinə başlanıb

Belqorod 10 ton qeyri-qanuni pendir məhsulu məhv ediləcək

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Belqorod 10 ton qeyri-qanuni pendir məhsulu məhv ediləcək

Rusiyanın Belqorod şəhərində sanksiya siyahısına düşmüş 10 ton pendir məhsulunun məhvinə başlanılıb, Rosselxoznadzor rəsmisi bildirib.

İdarənin mətbuat-katibi Yiliya Melano-nun TASS agentliyinə bildirdiyinə görə, ərzaq məhsulu əvvəlcə ağır texnikanın köməyilə əziləcək, sonra isə torpağa basdırılacaq.

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə xaricdən qeyri-qanuni ölkəyə gətirilmiş ərzaq məhsulları cümə axşamından başlayaraq məhv olunmalıdır.

Belqoroddakı 10 ton pendirdən başqa, cümə axşamı Orenburq şəhərində 20 ton pendir, Sankt-Peterburqda isə donuz ətinin məhv edilməsi nəzərdə tutulurdu.

Bu arada 250 mindən çox Rusiya vətəndaşı ərzağı məhv etmək əvəzinə, onu ehtiyac içində yaşayanlara paylamağı xahiş ediblər.

250 min adamın imzaladığı həmin vəsatət internetdə, sosial şəbəkələrdə dərc olunub.

Lakin ötən gün prezidentin mətbuat katibi Dmitri Peskov xatırladıb kı, fərman avqustun 6-dan qüvvəyə minir və yerinə yertirilməsi başlıca şərtdir.

Moskva 2014-cü ilin avqustundan özünə qarşı sanksiya yeridən Qərb ölkələrindən Rusiyaya ərzaq məhsulunun idxal olunmasına embarqo tətbiq edib.