Gürcüstanda daşqına görə ümummilli matəm elan olunub

Gürcüstanda təbii fəlakətdən sonra matəm günü elan olunub

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Gürcüstanda təbii fəlakətdən sonra matəm günü elan olunub

Tbilisidə daşqın nəticəsində həlak olanların xatirəsini yad etmək üçün bazar ertəsi iyunun 15-də Gürcüstanda ümummilli matəm günü elan olunub.

Təbii fəlakət nəticəsində 12 nəfər həlak olub, 20 nəfərin axtarışı davam etdirilir.

Baş nazir İrakli Garibaşvili xarici ölkələrin liderlərinə Tbilisidəki təbii fəlakətlə bağlı Gürcüstanla həmrəylik nümayiş etdirdiklərinə görə minnətdarlığını bildirib.

Şəklin mənbəyi, AP

Şəklin mənbəyi, na

Baş nazir bildirb ki, Latviya, Ermənistan, Azərbaycan, Türkiyə və Ukrayna həmkarları ona zəng edərək Gürcüstana yardım göstərməyə hazır olduqlarını çatdırıblar.

Daşqından sonra nəqliyyatın işində əngəl yarandığından və təmizlik işlərinin keçirilməsilə bağlı bazar ertəsi paytaxtda, həm də qeyri-iş günü elan olunub.

Təbii fəlakət nəticəsində Gürcüstan paytaxtının bir çox evləri və küçələr suyun altında qalıb.

Daşqının Vera çayına bitişik ərazidən başlandığı qeyd olunur.

Torpaq sürüşməsi nəticəsində Tbilisinin bəzi küçələrində nəqliyyatın hərəkəti dayanıb.

Onlarla ailənin ev-eşiksiz qaldığı bildirilir.

Şəhər rəsmiləri zərərçəkənlərdən bəzilərini mehmanxanalarda yerləşdiriblər, 260 nəfərin icarəyə verilən mənzillərdə yerləşdiriləcəyi gözlənilir.

Təbii fəlakət nəticəsində şəhər zooparkının 3 əməkdaşı ölüb.

Heyvanların saxlandığı qəfəslərin əksəriyyəti dağılıb, vəhşi heyvanlar isə daşqından xilas olmaq üçün şəhər küçələrinə səpələnib.

Heyvanlardan bəzilərini, o cümlədən, pinqvinlər, canavarlar, ayılar, göreşən, begemot və xırda quşları zooparka qaytaramaq mümkün olub.

Lakin heyvanlardan bir neçəsini, o cümlədən, pələngləri, öldürmək lazım gəlib.

Təbii fəlakət nəticəsində ölən heyvanların sayı barədə dəqiq məlumat yoxdur.