Ermənistan MOK prezidenti atletlərin pulunu "cibindən verir"

Şəklin mənbəyi, BBC World Service
Ermənistan nümayəndə heyəti Bakıda Avropa Oyunlarında iştirak etməsi xərclərinin Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən ödənilməsindən imtina edib.
Bunu BBC Azərbaycancanın Yerevan müxbirinə Ermənistan Milli Olimpiya Komitəsinin baş katibi Hraçya Rostomyam deyib.
Onun sözlərinə görə, Bakıda birinci Avropa Oyunlarında iştirak edən Ermənistan nümayəndə heyətinin bütün xərclərini Ermənistan MOK prezidenti Qaqik Tsarukyan "öz şəxsi hesabına" ödəyir.
“Bu il üçün dövlət büdcəsi təyin ediləndə Ermənistanın Avropa Oyunlarında iştirak edəcəyi hələ məlum deyildi və müvafiq xərclər nəzərə alınmamışdı. Cənab Tsarukyan bütün xərcləri öz şəxsi vəsaitlərindən ödəyir”, - Rostomyam deyib.
Ermənistan idmançılarının Avropa Oyunlarında iştirak etməsinin Qaqik Tsarukyana neçəyə başa gəldiyini Rostomyan açıqlamayıb, amma “çox böyük məbləğə. Bir neçə yüz min dollara”, deyib.
Daha əvvəl Azərbaycan informasiya agentliklərinin məlumatına görə, Azərbaycan MOK baş katibi Çingiz Hüseynzadənin Avropa Oyunlarına ev sahibliyi edən ölkənin [Azərbaycanın] 50 iştirakçı milli nümayəndə heyəti, o cümlədən, Ermənistanın xərclərini öz üzərinə götürdüyünü bəyan etməsi Azərbaycanda narazılığa səbəb olmuş və manatın qiymətinin endirilməsinə görə Oyunları keçirməmək çağırışları səslənmişdi.
