Ermənistan prezidenti Moskvaya 9 may tədbirlərinə ABŞ-dan gedəcək

Serj Sarkisyan Vaşinqtonda Holokost müzeyində (Şəkil - Photolur.am)

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Serj Sarkisyan Vaşinqtonda Holokost müzeyində (Şəkil - Photolur.am)

Ermənistan prezidenti Serj Sarkisyan mayın 8-də Avrasiya Ali İqtisadi Şurasının iclasında və mayın 9-da "Böyük Vətən Müharibəsi"nin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya Vaşinqtondan gedəcək.

Həmin tədbirlərdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Lakin Ermənistan və Azərbaycan prezidentləri arasında mümkün görüş barədə heç bir məlumat yoxdur.

Ermənistan prezidenti mayın 5-dən işgüzar səfərlə ABŞ-dadır.

Çərşənbə günü Serj Sarkisyan Vaşinqtonda Amerika Holokost xatirə kompleksi muzeyinə baş çəkib, eksponatlarla tanış olub.

Buradan o, Dövlət Departamentinə yollanıb və Minsk Qrupunun həmsədri, sədri James Warlick-lə görüşüb. Bu barədə cənab Warlick öz Twitter səhifəsində yazıb.

Həmin gün Ermənistan prezidenti həmçinin ABŞ Konqresinin kitabxanasında olub və erməni dilində və Ermənistana aid materiallarla tanış olub, daha sonra isə “Erməni soyqırımının 100 illiyi: Henry Morgenthau” və “Erməni soyqırımının 100 illiyi: Amerikanın Yaxın Şərqə yardım komitəsi” sərlövhəli poçt markalarının təqdimatında iştirak edib.

Daha əvvəl Serj Sarkisyan ABŞ senatında Arizona ştatından senator John McCain, Rod Ayland ştatından senator Jack Reed və Nyu Cersi ştatından senator Robert Menendez-lə görüşüb.

Mayın 7-si axşamı Serj Sarkisyan Vaşinqton Kafedral Kilsəsində “erməni soyqırımı qurbanlarının xatirəsinə” ekumenik ibadətdə iştirak edəcək və nitqlə çıxış edəcək.

İbadətdə Amerikanın erməni icmasının nümayəndələri, minlərləə ABŞ vətəndaşı və yüksək vəzifəli şəxslərin iştirak edəcəyi bildirilir.

Amerikanın Səsinin məlumatına görə, ibadətdə ABŞ vitse-prezidenti Joe Biden-in də iştirak edəcək.

Ermənistan prezident aparatı mətbuat xidmətinin məlumatına görə, Serj Sarkisyanın səfəri əsnasında Ermənistanla ABŞ arasında “Ticarət və investisiyalar haqqında” saziş imzalanacağı nəzərdə tutulur.