Ermənistan Milli Məclisi dünya ölkələrinə müraciət qəbul edib

memorial_yerevan

Şəklin mənbəyi, BBC World Service

Ermənistan Milli Məclisi çərşənbə axşamı növbədənkənar iclasında “Erməni soyqırımının 100 illiyi ilə bağlı” bəyanat qəbul edərək, bütün dünya parlamentləri və beynəlxalq təşkilatları “Osmanlı Türkiyədə erməni soyqırımını tanımağa və pisləməyə” çağırıb.

Bəyanatda deyilir: "Ermənistan Respublikasının Milli Məclisi BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısını alma və cəzalandırma” konvensiyalarına və Ermənistan SSR Ali Sovetinin 11 noyabr 1988-ci ildə qəbul etdiyi “Osmanlı Türkiyədə ermənilərin 1915-ci il soyqırımının pislənməsi haqqında” qanuna əsaslanaraq (...)

- erməni soyqırımını rəsmən tanımış, erməni soyqırımın danılmasının kriminallaşdırılması haqqında qanun qəbul etmiş ölkə parlamentləri, dövlət və yerli idarəetmə orqanları və beynəlxalq təşkilatlara təşəkkürümüzü bildirərək,

Bütün dünya parlamentləri, parlamentlərarası və beynəlxalq təşkilatları Osmanlı Türkiyədə erməni soyqırımını bəşəriyyətə qarşı ağır cinayət kimi rəsmən tanıyıb pisləməyə çağırır".

Türkiyə “soyqırımı” termini qətiyyətlə rədd edir və 20-ci əsrin əvvəlində vətəndaş müharibəsi zamanı Rusiya qoşunlarının müdaxiləsini dəstəkləyən və osmanlı hakimiyyətinə qarşı duran 300-500 min erməni və təxminən eyni sayda türklərin həlak olduğunu israr edir.

Avrasiya İttifaqından Yerevana tək Putin gedir

“Erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Yerevana dörd ölkə - Rusiya, Fransa, Kipr və Serbiya - prezidentləri gələcək”, - tədbirlərin koordinatoru, prezident aparatının rəhbəri Vigen Sarkisyan Yerevanda mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, xatirə mərasimlərində müxtəlif ölkələrdən 60-a yaxın nümayəndə heyəti iştirak edəcək.

Ermənistanın bu ilin əvvəlindən üzvü olmuş Avrasiya İqtisadi İttifaqı ölkələrindən prezident səviyyəsində yalnız Rusiya təmsil olunacaq.

Vladimir Putinin Yerevana gedəcək, həmin gün Türkiyədə qeyd olunan başqa bir yubiley - Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş – tədbirlərdə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin iştirak edəcəyi bildirilir.

vigen_sarkisyan

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Tədbirlərin koordinatoru Vigen Sarkisyan aprelin 24-də Yerevan tədbirlərində prezident səviyyəsində Rusiya, Fransa, Kipr və Serbiya iştirak edəcəklərini bildirib

“Qazaxıstanda bu günlər prezident seçkiləri keçirilir, və biz bu ölkədən nümayəndə heyəti gözləmirik. Belarus isə, səhv etmirəmsə, dövlət səviyyəsində təmsil olunacaq, lakin konkret kimin gələcəyini deməyə çətinlik çəkirəm“, - Vigen Sarkisyan deyib.

Məlumatlara görə, həmin gün Belarus prezidenti Aleksandr Lukaşenko Tbilisidə Gürcüstan prezidenti ilə görüşür.

Tbilisi aprelin 24-də Yerevana Gürcüstan parlamenti sədrinin müavini Manana Kobaxidzeni ezam edir.

ABŞ-a gəldikdə, Vigen Sarkisyanın sözlərinə görə, Amerika nümayəndə heyətini “şəxsən prezident Obama” təyin edəcək.

Son məlumatlara görə, Fransanın prezidenti Francois Hollande Yerevandan sonra Bakıya səfər edəcək. Trend agentliyi bu səfərin təfərrüatları barədə məlumat olmadığını bildirir.

“System of a Down” və başqaları

Bu gün təmirdən sonra “Erməni soyqırımı“ muzey-institutu açılıb. Xatirə kompleksi ərazisində olan muzey-institut daha da genişləndirilib və, onun direktoru Hayk Demoyanın sözlərinə görə, “əvvəlkindən üç dəfə artıq“ eksponat toplanıb.

Aprelin 22-23-də Yerevanda “Soyqırım cinayəti əleyhinə” forum keçiriləcək, “forumun 500-dən artıq iştirakçıları birgə bəyanat qəbul edəcəklər”, tədbirlərin koordinatoru Vigen Sarkisyan deyir.

system_of_a_down

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "System of a Down" rok qrupunun “Ürəkləri oyatmaq” sərlövhəli dünya turnesi aprelin 23-də Yerevaqnda başa çatır

Bu gün artıq Yerevanda olan <link type="page"><caption> “System of a Down” Amerika rok qrupu</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/11/141126_soad_show_tour" platform="highweb"/></link> aprelin 23-də şəhərin mərkəzi meydanında 50 min tamaşaçı qarşısında çıxış edəcək.

Aprelin 24-də isə Respublika meydanında 40 ölkədən gəlmiş musiqiçilərin iştirakı ilə klassik musiqi konserti veriləcək. Və həmin axşam meydandan “Soyqırım xatirə kompleksinə ənənəvi məşəllərlə yürüş” keçiriləcək.

Aprelin 22-dən 24-nədək nəzərdə tutulan bütün tədbirlər peyk vasitəsilə yayımlanacaq. Tədbirləri televiziya ilə Avropa, Şimali və Cənubi Amerika ərazilərində izləmək mümkün olar.