Gürcüstanda bələdiyyə üzvü camaatı taksidə pulsuz gəzdirir

Şəklin mənbəyi, mari japaridze gza
Gürcüstandakı Gürcaani şəhərinin bələdiyyə üzvü maşınında pulsuz taksi xidməti göstərməklə ictimaiyyətə qulluq etdiyini nümayiş etdirməyə çalışır.
Zurab Sepiaşvili xüsusi taksi xidmətini hər bazar günü 4 saat ərzində yerinə yetirir, Gürcaani Televiziyası xəbər verir.
"Mən xalqın qulluqçusuyam və bunu onlara göstərmək istəyirəm”, - bələdiyyə üzvü deyir.
Onun sözlərinə görə, bəzi siyasətçilər bunun tam əksi olaraq özlərini xalqın “ağası” kimi aparırlar.
Cənab Sepiaşvili yanacaq pulunu da öz cibindən verdiyini deyir. O, müştəriləri istədikləri yerə aparmağa hazır olduğunu bildirir.
Bələdiyyə üzvü Leyborist partiyasının üzvü olsa da, taksisini siyasətdən azad məkan elan edib və hər-hansı partiya üzvünü qəbul etməyə hazırdır.
Cənab Sepiaşvilinin addımı sosial media saytlarında çoxsaylı şərhlər cəlb edib.
Bir çox istifadəçi onun addımını təqdirəlayiq hesab edir və hətta yerli sakinlərdən biri Sepiaşvili kimi pulsuz taksi xidməti təklif edəcəyinə söz verib.
Materialı BBC Monitorinq Xidməti hazırlayıb.




