Ukrayna münaqişəsi: Aİ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

Ukrayna əsgərləri

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ukraynada toqquşmalar yenidən şiddətlənib.

Avropa İttifaqı ölkələrinin liderləri öz xarici işlər nazirlərindən xahiş edəcəklər ki, Ukraynada davam edən döyüşlərə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirsinlər.

Bəyanatda tövsiyyə olunur ki, cümə axşamı günü görüşəcək nazirlər "müvafiq ölçülərə, xüsusilə məhdudlaşdırıcı tədbirlərin görülməsinə" baxsınlar.

Eyni zamanda bəyanat Rusiyanı sentyabr ayında Minskdə imzalanan atəşkəs sazişinə riayət etməyə çağırıb. Son günlər ərzində Rusiyapərəst üsyançılarla Ukrayna ordusu arasında döyüşlər yenidən gərginləşib.

Ukrayna ordusuna əsasən son 24 saat ərzində ordunun doqquz əsgəri öldürülüb.

Debaltsevo şəhəri və Luhanskaya kəndi yaxınlığında üsyançılar ağır minomyot və artilleriya atəşi həyata keçirir, Ukraynanın Unian agentliyi ordu rəsmilərindən gətirdiyi sitatda deyilir.

BMT təxmin edir ki, Donetsk və Luhansk regionlarında ötən aprel ayından bəri 5000-dən çox adam öldürülüb, bir milyondan çox adam isə qaçqın düşüb.