Jason Rezaian: İranda Washington Post müxbirinin məhkəməsi olacaq

Şəklin mənbəyi, Reuters

İranda altı aya yaxındır ki, həbsdə saxlanılan Washington Post müxbiri açıqlanmayan ittihamlara görə məhkəməyə çıxarılacaq.

Jason Rezaianın işi İnqilab Məhkəməsinə göndərilib, Tehran Baş Prokuroru Abbas Cəfəri Dolatabadi rəsmi İrna xəbər agentliyinə bildirib.

Washington Post qəzeti deyib ki, işin İnqilab Məhkəməsinə göndərilməsinin "Jason-un tezliklə azadlığa buraxılmasına doğru addım" olacağına ümid edir.

Həm ABŞ, həm də İran vətəndaşı olan cənab Rezaian iyulda həyat yoldaşı və iki əməkdaşı ilə birlikdə həbs edilmişdi.

Onun əməkdaşları bir neçə həftə ərzində buraxıldı, həyat yoldaşı Yeganeh Salehi isə oktyabrda zaminə buraxılıb.