Türkiyə xristianları çətin günlərini yaşayır

istanbul

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Türkiyədəki Pravoslav Xristian kilsəsində insanlar ibadət edir
    • Müəllif, Mark Lowen
    • Vəzifə, BBC, İstanbul

O, imperiyalar, mədəniyyətlər və dinlərin çarpışdığı şəhərdən bəhs edir. İsa Məsihin və Məryəm ananın mozaikaları ilə yanaşı, “Allah” və “Məhəmməd peyğəmbər” yazılarını daşıyan bina. Mədəniyyətlər toqquşmasını Ayasofiyadan daha mükəmməl əks etdirən başqa bir rəmz tapmaq mümkün deyil.

1000 il boyunca Ayasofiya, dünyanın ən əhəmiyyətli Pravoslav kilsəsi, paytaxtı əvvəlki adıyla Konstantinopol olan Xristian Bizans imperiyasının ürəyi olmuşdur.

Lakin 1453-cü ildə şəhər, Osmanlının əlinə keçir. Ayasofiya isə məscidə çevrilir və xristianlıq yavaş-yavaş ölməyə başlayır.

Osmanlı İmperiyasının ardından yaranmış Türkiyədə isə bu ölüm sürətlənməyə başlayır. Bu həftə baş tutacaq Roma Papasının səfəri ərəfəsində, ölkədəki xristianlar əhalinin yalnız 0.2 faizini təşkil edir. 100 il əvvəl isə bu rəqəm təxminən 20 faiz təşkil edirdi.

“Böyük beyin axını”

“Bölgədəki heç bir ölkə - İran da daxil olmaqla – Türkiyədəki qədər İslam anlamında homogen deyil,” tarixçi Cengiz Aktar deyir. “Bura təkrəngli bir ölkədir – bura Müsəlman ölkəsidir”.

istanbul

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Tarixçi Cengiz Aktar yunanların köçü ilə bağlı yeni sərgi açıb

1923-cü ildə Türkiyə Respublikası yaranandan bəri, Yunanıstanla həyata keçirilən “əhali mübadiləsi” daha çox etnik və dini yekdilliyə səbəb olub. Bir milyondan çox yunan Türkiyədən Yunanıstana köçməyə məcbur edilib və təqribən 300,000 müsəlman Yunanıstandan Türkiyəyə köçüb.

istanbul

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Əvvəl kilsə, sonra isə məscid olmuş Ayasofiya İstanbuldakı ən böyük turist məkanlarından biridir

İlkin olaraq İstanbuldakı yunanlar xilas olsa da, sarsıdıcı sərvət vergisi, 1955-ci ildəki anti-yunan poqromları və 1964-cü ildə həyata keçirilmiş kütləvi qovulmalardan sonra, yunan icması parçalanmış vəziyyətə düşüb. Eyni zamanda bu, onların itaət etdiyi Pravoslav Xristianlığa da təsir edib.

“Qeyri müsəlman azlığın etnik təmizlənməsi böyük beyin axınına səbəb olub,” cənab Aktar deyir. O, yunan itkisilə bağlı yeni sərgi də yaradıb.

“Bu həmçinin burjuaziyanın yox olması deməkdir, çünki onlar sadəcə zəngin deyil, eyni zamanda sənətkarlar idi. İstanbul bütün Xristian və Yəhudi irsini itirib”.

Gizlədilmiş xaçlar

istanbul

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Robert Koptas deyir ki, Türkiyədəki xristian ermənilər dini kimliklərini ifadə etməyə çəkinirlər

Burada xristianlığa təkcə yunan axını təsir etməyib.

Ermınilər digər böyük Xristian icması olub. 1915-ci ildə yüzminlərlə erməni sürgünə məruz qalıb. Onlar ya qətlə yetirilib, ya da aclıq və xəstəliklərdən həlak olublar. “Soyqırım” etiketi Türkiyə dövləti tərəfindən rədd edilib. İki milyonluq erməni əhalidən bu gün təxminən 50,000 qalıb.

Robert Koptas həftəlik erməni qəzeti olan Agos-un ofisini mənə göstərir. 2007-ci ildə redaktor Hrant Dink, türkiyəli millətçilər tərəfindən qətlə yetirilib. Yeddi il keçib, cənab Koptas deyir, sayca az olan erməni icması isə təzyiq altındadır.

“Burada ermənilər dini kimliklərini ifadə etməyə qorxurlar,” Robert Koptas deyir.

“Bir çox inanclı insan gəzdirdiyi xaçı köynəyinin altında gizlədir. Onlar küçədə açıq şəkildə onu gəzdirməyə çəkinirlər, çünki hücuma məruz qala bilərlər. Mən demək istəmirəm ki, bütün Türkiyə əhalisi xristianlığa qarşıdır, lakin millətçilik o qədər yüksəkdir ki, insanlar özlərini ifadə etməyə çəkinirlər”.

İndi xristianları bu çox narahat edir: Türkiyədə Recep Tayyip Erdoğanın rəhbərlik etdiyi İslam yönlü hakimiyyət altında Müsəlman millətçilik artmışdır.

Ölü missionerlər

Cənab Erdoğan xristianlara dəstək üçün bir sıra addımlar atmışdır. Bunların arasında müsadirə edilmiş torpaqların geri qaytarılması ilə bağlı qanunu və məktəblərdə Xristian dini dərslərin keçirilməsinə icazə verilməsini göstərmək olar. Lakin o, davamlı olaraq özünün Müsəlman kimliyini vurğulayır, onu dəstəkləyənlər əsasən mühafizəkar müsəlmanlardır və o, burada xrıstıanlara qarşı ovqatı pisləşdirən millətçiliyi qızışdırır.

istanbul

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ata İulian Pista deyir ki, Türkiyədə cəmiyyət islamçı olur

Türkiyədəki ən kiçik Xristian azlıq olan katoliklər də təsirdən yan ötməyib.

Bir neçə il əvvəl Katolik missioner və keşişlərin silsilə qətli icmanı sarsıdıb.

“Türk olmaq üçün indi gərək müsəlman olasan,” İstanbul Katolik kilsəsindən Ata İulian Pista deyir.

“Keçmişdə dindar müsəlmanlara yuxarıdan aşağı baxılardı. İndi isə cümə ibadətləri təşviq edilir. Burada cəmiyyət islamçı olur. Bu yaxınlarda bir yeniyetmənin kilsəmə işədiyini gördüm. Onlar “Allahu akbar” deyə qışqırırlar. Mən də Allahın böyük olduğuna inanıram, lakin onların bunu ifadə etmə tərzi adamı qorxudur”.

İslam 1923-cü ildə yaranmış Türkiyə Respublikasının konstitusiyasından kənarda qalmışdır. Lakin milli dövlətçilik formalaşdıqca din, Türkiyədə milli kimliyin bir hissəsinə çevrilmiş, cənab Erdoğanın hakimiyyəti dövründə isə bu proses sürətlənməkdədir.

Köhnə qorxular

istanbul

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, I Bartholomew “Konstantinopolın ümumdünya patriarxı” vəzifəsini daşıyır

Yeni məscidlərin çiçəklənməsi fonunda, 1971-ci ildə millətçi təzyiqləri altında qapadılmış dünyaca məşhur Halki Pravoslav dini məktəbi hələ də qapalıdır.

Türkiyədə qalmış yunanlardan biri, Fotis Benlisoy deyir ki, icma sıxılmış vəziyyətdədir: “Qeyri-müsəlman azlıqlara qarşı təhdid hissi yenidən artır.

“Bunun bir neçə səbəbi var: hakimiyyətin işlətdiyi dil və siyasət, prezidentin və baş nazirin Sünni kimliyinə istinadən qoyduğu daha radikal mövqe, kabinet üzvlərindən qeyri-müsəlman icmalara qarşı alçaldıcı ifadələrin işlədilməsi, Türkiyənin İslam Dövləti (Suriya və İraqdakı hərbi qruplaşma) ilə münasibətlərinə dair söz-söhbət – bütün bunlar bizi vadar edir ki, xilas yolları haqqında düşünək”.

İstanbuldakı möhtəşəm Panaghia Yunan Pravoslav Kilsəsində səhər ayini “Konstantinopol ümumdünya patriarxı” I Bartholomew tərəfindən həyata keçirilir.

Bu, ölkənin irsindən, kiçik, lakin əyilməyən Xristian inancından xəbər verir. Müasir Türkiyə öz kimliyini qurduqca, bir sual hələ də açıq qalır: o, əsl dini azadlığı ehtiva edə biləcəkmi – yoxsa millətçilik onun yolunu kəsəcək?