Türkiyə: Tüktəmizləmə reklamı üçün "əl-Qaidə fotosundan" istifadə edilib

Şəklin mənbəyi, AP
Türkiyədə bir şirkət tüktəmizləmə reklamında bilmədən həbs olunmuş əl-Qaidə xadimi Xalid Şeyx Məhəmmədin şəklindən istifadə edib, məlumatlarda deyilir.
ABŞ-da baş verən 11 sentyabr hücumunun layihəçisi olmaqda ittiham olunan kişinin məşhur fotosunda o, ağ köynək geyinib, sinəsində və kürəyində isə tüklər görünür. Foto 2003-cü ildə o, Pakistanda tutulandan sonra çəkilib.
Sözügedən şirkət bu fotodan "Tüklər özləri tökülməyəcək" şüarı ilə istifadə edib, Gündelik Sabah saytı xəbər verir.
Amma şirkətin sözçüsü deyib ki, bu, qəsdən edilməyib: kişi terrorçu fəaliyyətinə görə deyil, bol tüklərinə görə seçilib. "Biz bilmirdik ki, o terrorçudur", Mehmet Can Yıldız Hurriyet Daily News-a deyib. "Kişi xeyli tüklüdür. Bədəninin bizim məhsula uyğun olduğu üçün seçdik. İşin bura gələcəyini bilmirdik".
O deyir ki, foto "internetdə populyar ... olduğu üçün" seçilib.
Xalid Şeyx Məhəmməd hazırda ABŞ-da yerləşən Guantanamo Bay həbs düşərgəsində saxlanılır. 11 sentyabr hücumu üzrə hesabatda o, 2001-ci ildə baş verən hadisənin "əsas arxitektoru" adlandırılır.
Xəbəri BBC Monitoring hazırlayıb.
