Moskva özünün "Krım tarixi"ni yazdı

- Müəllif, Rafael Saakov
- Vəzifə, BBC, Moskva
“Düşünürəm ki, bu kitabı Ukraynada qadağan edəcəklər”. Bunu Rusiyanın mədəniyyət naziri Vladimir Medinski “Krım tarixi” kitabının Moskvada, TASS xəbər agentliyində keçirilmiş təqdimatı barədə BBC-ə məlumat verərkən söyləyib.
Krım tatarlarının lideri Mustafa Cemilov isə bu kitabı “Rusiya tarixşünaslığının rüsvayçılığı” adlandırıb.
“Mənsə əlavə edərdim ki, bu, ukraynalıların öz problemidir”. Bunu isə təqdimat mərasimində nazirlə yanaşı dayanan Sevastopol qubernatoru Sergey Menyalo bildirib.
“Krım tarixi” kitabı Rusiya Hərb Tarixi Cəmiyyəti (RHTC) tərəfindən hazırlanıb. Bu cəmiyyətin sədri elə cənab Medinskinin özüdür. Krımdan, Moskvadan və Lipetskdən olan 14 tarixçidən ibarət müəllif kollektivi “operativ” işləyib.
Krımın Rusiya tərəfindən ilhaqından altı aydan bir az çox vaxt keçib, lakin “Krım tarixi” kitabını artıq paytaxtın kitab mağazalarında almaq mümkündür. Hərçənd mədəniyyət naziri inandırmağa çalışır ki, kitabın nəşr olunmasında heç bir tələskənlik baş verməyib.
“Bu elə bir kitab deyildir ki, kimsə oturub və onu üç aya yazıb, - deyir Medinski, - Məncə hər şey öz vaxtında baş verib”.
Tarixçi Viktor Borisyonok deyir ki, iş “rekord müddətdə” görülüb, "lakin heç də hər hansı ictimai sifariş olduğuna görə yox, sadəcə peşəkar tarixçilərin ehtiyatında kifayət qədər arxiv materiallarının olduğuna görə".
İlhaq, yoxsa birləşmə?
Naşirlərin dediyinə görə, “Krım tarixi” kitabı Krım məktəblərinin tədris planlarına daxil ediləcək.
Simferopolla quruluan videokörpü sayəsində təqdimatda iştirak etmiş “Krım Respublikası” prezidenti Sergey Aksyonov, məhz buna söz verib, hərçənd kitabı hələ oxumadığını etiraf edib.
Rusiyanın hazırladığı kitabda “Krımın ilhaqı”ndan (Kiyev və beynəlxalq icma məhz bu termini işlədirlər) söhbət açılmır. Hadisələr müstəsna olaraq “Krımla Rusiyanın təkrar birləşməsi” və ya “Krımın Rusiya tərkibinə qayıtması” kimi təqdim edilir.
“2014-cü il “Rusiya baharı”nın tarixi hadisələri qanunauyğun şəkildə Krımın Rusiyaya birləşməsi ilə nəticələnib” – kitabın müqəddiməsində Vladimir Medinski yazır.
Layihənin kuratoru, RHTC-nin elmi direktoru Mixail Myaqkov deyib ki, Rusiyada nəşr olunmuş kitabın müəllifləri oxuculara belə bir tezisi çatdırmaq istəyiblər: “Krım həmişə bizim olub”.
Kitabın birinci tirajı 4000 nüsxədə çap olunub.

Cemilev: Rusiya tarixşünaslığının rüsvayçılığı
Uzun illərdir Krım tatarlarına liderrlik edən insan haqları müdafiəçisi Mustafa Cemilev bbcrussian.com-a deyib ki, “Krım tarixi” kitabının Rusiyada nəşr edilməsi Rusiya tarixşünaslığının və öz işləri ilə Krımın ilhaqına haqq qazandırmış tarixçilərin rüsvayçılığıdır.
“Bu adamlar asılıdırlar və onlara hakimiyyət nəyi əmr etsə, onu da yazacaqlar. Bu, diqtə altında yazılmış tarixdir və məcburi qaydada hamıya sırıyacaqlar – deyir Cemilev, - bir ərazinin yalnız nə vaxtsa fəth olunması faktı əsasında onun “bizim torpağımız” elan edilməsi elə bir primitivlikdir ki, tatarlar da buna əsaslanıb “elə Moskva da bizim şəhərimizdir” deyə bilərdilər, “çünki onu da nə vaxtsa fəth etmişik”.
Human Rights Watch insan haqları təşkilatının noyabr ayında açıqlanmış hesabatında Krımda insan haqlarının kütləvi pozulmalarından, o cümlədən Krım tatarlarının, Rusiya hakimiyyətinin siyasəti əleyhinə çıxmış jurnalistlərin və ictimai xadimlərin təhdid və təqib edilməsi faktlarından bəhs edilir. Rusiyanın Krımdakı fəaliyyəti təşkilatın hesabatında “işğal” kimi qiymətləndirilir.
Bu ilin avqustundan Ukrayna prezidenti yanında Krım tatarlarının işləri üzrə səlahiyyətli müvəkkil postunu tutan Cemilevin sözlərinə görə, hazırkı şəraitdə Krım tarixinin birmənalı təfsiri verilə bilməz.
Moskvada keçirilmiş təqdimatın iştirakçıları isə əksinə, iddia edirlər ki, Rusiyada “tarixi həqiqətin bərpa olunmasını” görən Kiyevdə “tarixi hamarlayıblar”.
“Biz, Ukraynada tədris edilən bu üzdəniraq dərsliklərə baxanda, alimlər dəhşətə gəldilər – deyir Vladimir Medinski, - Beləliklə, Krımın normal, insani, elmi tarixini yazmaq təçşəbbüsü yarandı”.
“Nə muxtariyyət olub, nə də tolerantlıq”
Kitabın “Kiyevin baş ağrısı” və “Georgi bayraqları bir daha Krım üzərində” adlı iki son fəsli Moskva tarixçisi Aleksandr Romanov tərəfindən yazılıb.
Romanov bu kitabda həmçinin 2014-cü ilin iyununda Ukrayna Tarix İnstitutu tərəfindən nəşr edilmiş “Krım yüzilliklər boyunca” kitabınından da misallar gətirir.
Ukraynada hazırlanmış kitabda Tarix İnstitutunun direktoru Valeri Smoli yazır ki, “Krım Ukraynanın ayrılmaz tərkib hissəsidir”.
“Bu ifadə artıq çoxdan köhnəlib: 2014-cü ilin yayınadək artıq Kiyev hakimiyyətinin ən yaxşı dostları da daxil olmaqla hamı başa düşürdü ki, Krım Ukraynanın tarixi keçmişdə qalmış ayrılan tərkib hissəsi olub” – yazır Romanov.
Müəllifin sözlərinə görə, Ukrayna prezidenti Viktor Yuşşenkonun fərmanı da daxil olmaqla Kiyevin Krımı və Sevastopolu ukraynalaşdırmaq cəhdləri “əks-effekt” verib. Romanov deyir ki, Kiyevin təşəbbüslərini Krımda “sakit bir laqeydliklə yox, şüurlu etirazla” qarşılayırdılar. Bu işdə hətta hakimiyyətə Rusiya yönlü Viktor Yanukoviçin gəlməsi də vəziyyəti dəyişməyib.
“Krımdakı Qara dəniz bazalarının icarə müddətinin artırılmasına dair Xarkov razılaşması Kiyevə Krım problemini həll etmək üçün daha bir imkan yaratmışdı. Lakin uşaq romantizmindən ibarət siyasət görünür Yanukoviçin də xasiyyətində var imiş” – deyilir “Krım tarixi” kitabında.
Nəticə etibarilə Krım 2014-cü ilin əvvəllərinədək “nə real muxtariyyət, nə də kiçicik dərəcədə Ukrayna dəyərlərinə tolerant bir vahidə çevrilməmişdi” – deyə iddia edir Rusiya tarixçisi Aleksandrr Romanov.




