İranda cinsiyyətini dəyişməyə məcbur edilənlər

Şəklin mənbəyi, BBC World Service

    • Müəllif, Ali Hamedani
    • Vəzifə, BBC Persian

İran homoseksual cinsi əlaqəyə görə cəza verən azsaylı ölkələrdən biridir.

Bununla belə, dindarlar şəxsin özünü daxilən hansı cinsə aid etməsilə onun bədənindəki zahiri cinsiyyət fərqlərinin bəzən üst-üstə düşmədiyini etiraf edir.

Nəticədə homoseksuallar cinsi cərrahi yolla dəyişmək məcburiyyəti qarşısında qala bilərlər - bundan qurtulmaq üçün isə çoxları ölkəni tərk etməyə üstünlük verir.

İranda böyüyən Donya başını həmişə qısa və dibindən qırxdırıb, başına yaylıq əvəzinə papaq taxıb. Menstruasiya başlayanda isə həkimə gedib aybaşını kəsmək üçün bir çarə tapmağı xahiş edib.

"Mən hələ uşaq idim, daxilimi anlaya bilmirdim", o, deyir. "Düşünürdüm ki, aybaşıları kəsə bilsəm, daha çox kişiləşə bilərəm".

Polis nəfərləri onun sənədini yoxlayarkən qız olduğunu aşkar etsəydilər, çox ehtimal kı onu qınayacaqdılar: "Nə gündəsən? Get cinsini dəyiş".

Cərrahiyə əməliyyatından keçmək artıq onun yeganə arzusuna çevrilmişdi.

"Vəziyyət o həddə çatmışdı kı, mümkün qədər tez əməliyyat olunmağı arzulayırdım", o deyir.

Donya 7 il ərzində hormon preparatları qəbul etdi - səsi yoğunlaşdı, üzü tükləndi.

Həkimlər cərrahiyə əməliyyatından keçməyi təklif edəndə, o, bənzər əməliyyatdan keçmiş dostlarından söz-soraq tutdu - onlar əməliyyata görə "çoxlu sayda problem" yaşadıqlarını bildirdilər. Donya əməliyyat olunmağın məqsədəuyğunluğu ilə bağlı tərəddüd etməyə başladı.

"İnternetə çıxışım yox idi, İsveç və Norvecdəki dostlarımın köməyilə araşdırma aparıb, özümü daha yaxşı anlaya bildim...Lezbian olduğumu başa düşdüm və bununla barışdım", o, deyir.

Lakin İranda kişinin və ya qadının açıq olaraq gey kimi yaşaması mümkünsüzdür. 33 yaşlı Donya qısa sürən nigahdan olmuş oğlu ilə əvvəlcə Türkiyəyə, sonra isə Kanadaya gələrək, orada sığınacaq almağa müvəffəq olur.

Şəklin mənbəyi, BBC World Service

İranda gey kişi və qadınları cinsin dəyişdirilməsi əməliyyatından keçməyə dövlət məcbur etməsə də, onlar təzyiqin təsirini hiss edir. 1980-ci illərdə İslam Respublikasının banisi Ayətullah Xomeyni cərrahi yolla cinsin dəyişdirilməsinə iicazə verən qərar çıxarmışdı.

Deyilənə görə, həmin fətvanı İran dövlətinin rəhbəri özünü "kişi bədənində həbsdəki kimi" hiss etdiyini deyən qadınla söhbətdən sonra imzalamışdı.

Şərti olaraq adı Şəbnəm kimi çəkilən İran dövlət klinikasının psixoloqu geylərin bəzən əməliyyat olunmaq məcburiyyəti qarşısında qaldığını qeyd edir. Onun təbirincə, həkimlərə bildirilir ki, gey kişi və qadınlara "xəstə olduqlarını" deyərək onları müalicəyə ehtiyacı oldudqlarına inandırmağa çalışsınlar.

Həkimlər adətən belə pasiyentləri problemlərini ruhanilərlə bölüşməyə göndərirlər, dini xadimlər isə belələrinə ruhlarını gündəlik dualarla möhkəmlətməyi məsləhət görür

Lakin eyni zamanda tibbi müalicə də təklif olunur.

Şəbnəmin sözlərinə görə, "fərdin öz seksuallığını fərqli hiss edə bilməsindən anlayışı olmayan" rəsmilərə görə, həkimlər pasiyentlərinə cinsin dəyişdirilməsi əməliyyatından keçməyi məsləhət görürlər.

"Onlar bunun çox asan iş olduğunu, sənədlərin qaydaya salınacağını, əməliyyatın xərcini ödəmək üçün kreditin veriləcəyini deyirlər", Şəbnəm bildirir.

Hökümət siyasətini dəstəkləyənlər iddia edirlər ki, əksinə, bu yolla iranlı transgenderlərə, digər ölkələrdən fərqli olaraq, daha dolğun həyat yaşamaq, özlərini daha azad hiss etmək imkanı verilir.

Lakin hökümət opponentləri bucür cərrahiyyənin transgenderlərlə yanaşı homoseksuallara da təklif olunduğuna diqqəti çəkərək, sonuncuların bu iki məfhum arasında fərqdən bixəbər ola bilməmələrini qeyd edirlər.

Şəbnəmin qənaətincə, bu halda insan haqqları pozulur:"Humanitar və tibbi yardım göstərməli olan qurumların bu məsələdə hökümətin tərəfini tutması məyusedicidir", o, deyir.

Soheil adlı 21 yaşlı iranlı geyə də psixoloqlar cinsin dəyişdirilməsi əməliyyatından keçməyi məsləhət görmüşdülər.

İran

Şəklin mənbəyi, BBC World Service

Ailəsi tərəfindən də ona təzyiq göstərilirdi.

Onun sözlərinə görə, atası və daha iki qohumu Tehrana gələrək ona "ya əməliyyatdan keç, ya da öldürüləksən" dedilər: "Bu vəziyyətdə ailəmizdə qala bilməzsən".

O deyir ki, Bəndər Abbasdakı evində dustaq kimi saxlanılırdı, lakin cərrahiyyə əməliyyatına bir gün qalmış evdən qaça bilib. Dostları ona təyyarəyə bilet alaraq Türkiyəyə yola salıblar.

"Polisə şikayət edib, homoseksual oluğumu bildirsəydim, daha acınacaqlı vəziyyətə düşəcəkdim", Soheil deyir.

Hökümətpərəst Khabaronline xəbər agentliyinə görə, cərrahiyə yolu ilə cinsini dəyişdirənlərin sayı 2006-cı ildə 170-dən 2010-cu ildə 370-ə çatıb.

Lakin həkimlərdən biri BBC-ə deyib ki, təkcə o, özü hər il 200-dək belə əməliyyat keçirir.

Donya və Soheil kimi çoxları ölkəni tərk edib. Adətən onlar Türkiyəyə yollanır, oradan isə Avropa və Şimali Amerikaya sığınacaq almaq üçün yollarına davam edirlər.

2005-ci ildə İrandan Türkiyəyə qatarda gəlmiş Arşam Parsi deyir ki, Kayseri şəhərində qalarkən gey olduğuna görə döyülüb, yerli xəstəxana isə onu qəbul etməkdən imtina edib. Bundan sonra o, evindən 2 ay ərzində kənara çıxmayıb.

iranlı

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Arşam Parsi Türkiyəyə İrandan qatarda gəlib

Sonradan o, Kanadaya gələrək iranlı qeylərin müdafisəilə məşqul olan dəstək qrupu təsis edib. Onun dediyinə görə, hər həftə qrupun ünvanına yüzlərlə müraciət gəlir, son 10 ərzində isə 1,000 insana İranı tərk etməyə kömək edib.

Bəziləri cərrahiyə əməliyyatından qurtulmaq üçün qaçır, bəziləri isə hətta əməliyyat olunduqdan sonra da təyiqlərə məruz qalmalarından bezdiklərinə görə ölkəni tərk edir.

Parsinin təxminlərinə görə, əməliyyatdan keçənlərin təxminən 45 faizi transgender yox, geydir.

Onun təbirincə, bu yaxınlarda İrandan bir qadın ona zəng edərək cərrahiyyə əməliyyatı ilə bağlı suallar verib. Parsinin "siz transseksualsız, yoxsa lezbian" sualına isə həmin qadın cavab verməyə çətinlik çəkib, çünki kimə "lezbian" deyildiyindən bixəbərdir.

Kyseridə hazırda qalan 37 yaşlı Marie İrandan 5 ay bundan əvvəl çıxıb. O, oğlan kimi böyüyüb, lakin iranlı həkimlərin onun 98 faiz qadın olduğunu bildirməsi onun üçün gözlənilməz olub.

"Həkim bildirdi ki, cərrahiyə yolu ilə 2 faizlik kişi əlamətlərini qadın əlamətlərinə çevirə bilər, lakin 98 faiz qadın əlamətlərini kişi əlamətlərinə çevirmək mümkün deyil", o, deyir.

Bundan sonra o, cinsini dəyişmək qərarına gəldi.

Hormonlarla müalicə müsbət nəticə verdi, döş vəzləri şişdi, bədəndəki tüklər nazildi.

"Mən özümü cazibədar qadın kimi hiss etməyə başladım", o, deyir.

Lakin cərrahiyə əməliyyatından sonra özünü "fiziki cəhətdən zədələnmiş" kimi hiss etdi.

Onun bir kişilə evliliyi qısa müddətli oldu, və qadın kimi həyatının normallaşacağını ümidləri əriməyə başladı.

"Cərrahiyyə əməliyyatına qədər kənar adamlar mənə baxanda qadın olduğumu deyirdi", Marie qeyd edir.

Onun təbirincə, cərrahiyyə əməliyyatından sonra, ətradakılar onu daha çox kişiyə bənzətməyə başladılar: "Cərrahiyyə əməliyyatı məni dərdə saldı".

"Mən indi düşünürəm, görəsən, azad cəmiyyətdə yaşasaydım, cərrahiyə əməliyyatına razılaşardımmı? Əmin deyiləm", Marie deyir.

Bu anda onun gözlərindən yaş axmağa başlayır.

"Yorulmuşam," o deyir. "Bütün həyatımdan bezmişəm. Hər şeydən bezmişəm".