Rusiya fəalından Halloweeni yasaqlamaq təşəbbüsü

Şəklin mənbəyi, Getty
Rusiyalı siyasi fəal ABŞ təsirinin məhdudlaşdırılması üzrə kampaniya çərçivəsində Hellouin (Halloween)bayramının ictimai yerlərdə qeyd olunmasını yasaqlamağa səsləyib.
Təşəbbüsün müəllifi Georgi Fyodorov deyib ki, o "cəsəd və qulyabanı kimi müxtəlif kostyumlar geyən sərxoş gənclərin küçələrdə” adamlara sataşması ilə bağlı çoxsaylı şikayətlər alıb.
İzvestiya qəzetinə əsasən mədəniyyət naziri Vladimir Medinskiyə ünvanladığı məktubda İctimai Palatanın üzvü olan cənab Fyodorov bayram şənliklərinin bəzən “orgiyalara çevrildiyini" yazır.
ABŞ-la münasibətlərin gərgin olduğunu deyən fəal Hellouinin Rusiya mədəniyyətinə yad olduğunu bildirir.
Hellouin yoxsa Poxmellin?
"Bəzi ekstremistlər “bayramları” təbliğat məqsədləri üçün istifadə edirlər. Sizin də əks-təbliğata başlamağınız lazımdır. Bizim ən azı dini əxlaqa və insan mənəviyyatına zidd olmayan öz ənənəvi bayramlarımız var”.
Cənab Fyodorov Hellouindən imtina edən əyləncə müəssisələrinə maliyyə imtiyazlarının verilməsini təklif edib.
Mədəniyyət Nazirliyinin nümayəndəsi İctimai Palata üzvündən hələ ki, məktub almadığını bildirərək deyib ki, bütün təqdirlərdə bayram nazirliyin nəzarətində olmayan kafe və restoran kimi yerlərdə qeyd olunur.
"Hellouini teatr, konsert zalları və yaxud da kitabxanalarda qeyd etmək planlarımız yoxdur”, - deyərək rəsmi İzvestiya qəzetinə bildirib.
Sosial mediada Fyodorovun təşəbbüsünü həm dəstəkləyən, həm də məzxərəyə qoyanlar çox olub.
İzvestiya oxucalarından biri isə kompromis olaraq bayramı Hellouin yox “Poxmelin” adlandırmaq təklifini irəli sürüb.
“Balqabağ başın ağrıması ilə bağlı doğma “Poxmelin” bayramı”, - yarızarafatla oxucu yazır.




