Türkiyə Suriya hərbi təyyarəsini vurub

Şəklin mənbəyi, Reuters
Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan deyir ki, Türkiyə silahlı qüvvələri ölkənin hava məkanına keçən Suriya hərbi təyyarəsini vurublar.
Məlumata görə, insident Suriya üsyançıları ilə hökümət qoşunlarının sərhəd keçidinə nəzarət üzrə vuruşduğu ərazidə baş verib.
Suriya Prezidenti Bəşər əl-Əsədə qarşı üç ildir davam edən üsyana görə yüz minlərlə adam Türkiyəyə qaçıb.
Münaqişə başlayandan 100 000-dən çox adam öldürülüb.
Cənab Erdoğan hərbi hava qüvvələrini bazar günü həyata keçirilən əməliyyata görə təbrik edib.
"Suriya təyyarəsi hava məkanımızı pozub. F-16-larımız bu təyyarəni vurub. Niyə? Çünki əgər sən mənim hava məkanımı pozacaqsansa, bundan sonra silləmiz ağır olur", tərəfdarlarının mitinqində danışan Baş nazir deyib.
Suriya son insidenti şərh etməsə də daha əvvəl Türkiyənin Latakia ərazisində fəaliyyət göstərdiyini iddia edib.
Son iki gün ərzində Türkiyənin "Kəsəb sərhəd regionunda Suriyanın suverenliyinə qarşı əsassız hərbi təcavüzü Suriyadakı hadisələrdəki iştirakını sübut edir", Suriya Xarici İşlər Nazirliyi bəyan edib.




