Ukrayna: Ali Rada Krım məsələsinə BMT-də baxılmasını xahiş edib

Krımda rusiya ordusu

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Rusiya ordusu Ukrayna ilə sərhəd xətti boyu hərbi təlimlərin intensivliyini artırıb

Ukrayna Ali Radası Krımda yaranmış vəziyyətin BMT-də müzakirə edilməsini xahiş edib.

Ukrayna parlamentinin BMT-ə ünvanlanmış müraciətinə Ali Radanın 250 deputatı səs verib.

Ali Radanın iclasında "Batkivşina" partiyasının parlament fraksiyasının sədr müavini Boris Tarasyuk bu müraciətin Krımdakı vəziyyətin müzakirəsini BMT Təhlükəsizlik Şurasının iclasına çıxarılmasını mümkün edəcəyəini qeyd edib.

Ötən gün dünyanın 7 aparıcı dövlətinin rəhbərləri Moskvanı Ukraynanın Krım bölgəsini Rusiyaya birləşdirmək cəhdlərinə son qoymağa çağırıblar.

G7 dövlətləri qrupunun bəyanatında deyilir ki, Krım məsələsində Moskva öz niyyətindən geri cəkilməsə, Rusiyaya qarşı "fərdi və kollektiv qaydada" müvafiq tədbirlər görüləcək.

Bu arada Rusiya ordusu Ukrayna ilə sərhəd xətti boyu hərbi təlimlərin intensivliyini artırıb.

Təlimlər Rusiya ordusunun Rostov, Belqorod, Tambov və Kursk vilayətlərindəki hərbi poliqonlarda keçirlir.

Rusiya Müdafiə Nazirliyi təlimlərin mart ayının sonunadək davam edəcəyini bildirib.