Saakaşvili Rusiyaya qarşı sərt mövqe göstərməyə səsləyib

Şəklin mənbəyi, Reuters
Gürcüstanın sabiq prezidenti deyib ki, Moskvaya güzəştə getməklə sərt cavab verməkdən boyun qaçıran Qərb səhvə yol verir.
Mixail Saakaşvili Rusiyaya qarşı sanksiyalar tətbiq olunmadığı təqdirdə, soyuq müharibənin başlanmasından bəri Avropada qanunların aliliyinə əsaslanan quruluşun çökə biləcəyini deyib.
BBC-ə müsahibə verən siyasətçi Putinlə bağlı şəxslərin adının sanksiyalar siyahısına salındığını iddia edib.
2008-ci ildə Cənubi Osetiyada Rusiya ilə müharibə aparan Gürcüstan liderinin sözlərinə görə, Qərbin hazırkı reaksiyası Hitlerin Çexoslavakiyanı zəbt etməsi vaxtı izhar olunmuş barışma mövqeyini xatırladır.
“Sizin baş nazir Neville Chamberlain demişdir ki, Çexoslovakiya haqqında az bildiyimiz uzaq ölkədir. Bəli biz Hitlerlə kompromisə getməliyik. O, rasional hərəkət edə bilər. Biz bunun necə başa çatdığını bilirik. Churchil olmaysaydı bu, Britaniya üçün böyük rusvayçılıqla nəticələnərdi. İndi son dərəcə bənzər vəziyyət yaranıb”, BBC müxbiri Nick Robinsonla müsahibəsində Saakaşvili deyib.
Hitlerin kütləvi qatil olması barədə BBC müxbirinin etirazına cavab verərkən Saakaşvili deyib ki, Rusiya addımları nəticəsində ölkəsində yarım milyon qaçqın peyda olub və Putinin Çeçenistan kampanisyasında “yüz mindən artıq adam” öldürülüb.
Sabiq prezidentin sözlərinə görə, bu kimi müqayisə adamları şoka sala bilər, lakin "faktlara baxılsa", o əsaslı görünür.
Hazırda Ukrayna hökumətinin məsləhətçisi olan Mixail Saakaşvili böhranın iqtisadi kökləri barədə də danışıb.
O, Krımın zəngin sahilyanı səmt qaz yataqlarına malik olduğunu deyib.
“Krım Avropada ən zəngin sahilyanı qaz ehtiyatlarından birinə malikdir. Bu, 2-3 il ərzində Avropa üçün alernativ mənbədir”
Saakaşvili bildirib ki, Amerika şirkətləri həmin qaz layihələrinə artıq böyük yatırımlar qoyublar.




