Mixail Saakaşvili Kiyevdə Ukrayna müxalifətinə dəstəyini bildirib

Saakaşvili

Kiyevdə jurnalistlər qarşısında çıxış edən Gürcüstanın eks-prezidenti avrointeqrasiya tələbilə etiraz aksiyaları keçirənlərə dəstəyini bildirib.

Bundan əvvəl Mixail Saakaşvili və Moldovanın sabiq baş naziri Vlad Filat müxalif Udar partiyasının lideri, məşhur boksçu Vitali Kliçko ilə görüşüblər.

Avrointeqrasiya tələbi ilə noyabrın 21-dən başlayan etiraz aksiyaları ölkə boyu davam etdirilir.

Ukrayna hökuməti Avropa İttifaqı ilə daha yaxın əlaqələri nəzərdə tutan Assosiasiya sazişinə qoşulmamasını başqa səbəblərlə yanaşı Rusiyanın təzyiqi ilə izah edib.

Moskva Ukraynanı Rusiya, Belorus və Qazaxıstandan ibarət Gömrük İttifaqında görmək istəyir.

Təhlilçilərə əsasən Rusiya Ukraynanı təchiz etdiyi qaz tariflərinə yenidən baxılacağı ilə hədələyir.

Şənbə günü Putinlə Yanukoviç arasında Soçidə keçən danışıqlardan sonra Rusiya prezidentinin mətbuat katibi müzakirə əsnasında qaz qiymətinə dair tərəflərin mövqelərinin yaxınlaşdığını deyib.