"Diversant", yoxsa 77 yaşlı ruhi xəstə?

Şəklin mənbəyi, azvision.az
Azərbaycan sərhədini keçərkən tutulmuş Mamikon Xocoyan Ermənistana qayıtmaq istəyini arzu edərsə, Qırmızı Xaç bu barədə danışıqlarda vasitəçilik edə bilər, təşkilatdan deyiblər.
Qırmızı Xaç təşkilatının Bakı ofisi Azərbaycanda saxlanılmış Ermənistan vətəndaşı ilə görüşdüyünü təsdiq edib.
"Onun Ermənistana geri qaytarılması barədə hakimiyyətlə müzakirələr aparılırmı" sualını cavablayaraq təşkilatın sözçüsü İlahə Hüseynova BBC Azərbaycancaya deyib ki, Qırmızı Xaç saxlanılan şəxs bu arzunu ifadə etdiyi təqdirdə bu danışıqlarda iştirak edə bilər.
Amma xanım Hüseynova həmin şəxsin bu arzunu ifadə edib etmədiyini ictimaiyyətə açıqlaya bilmədiyini bildirib.
Ermənistanın Tavuş vilayəti Nerkin Karmirağbyur kəndinin 77 yaşlı sakini Mamikon Xocoyan yanvarın 28-də Azərbaycan sərhədini Tovuz rayonu istiqamətində keçib, Əlibəyli kəndində tutulub.
Xocoyan harada yaralanıb?
Ötən həftə Azərbaycanda tutulmuş və Müdafiə Nazirliyinin "diversant bələdçi" olduğunu dediyi Mamikon Xocoyanın xəstəxanada qolu sarıqlı olduğunu göstərən videoları yayılıb.
ANS telekanalının onunla xəstəxanada müsahibə zamanı lentə aldığı bildirilən videoda danışan şəxsin qolu sarıqlıdır və bir gözünün xəsarət aldığı <link type="page"><caption> görünür</caption><url href="https://www.youtube.com/watch?v=gythnV0oxYA" platform="highweb"/></link>.
Xocoyanın Azərbaycan sərhədini keçməsindən sonra çəkilmiş videoda isə onun qolunun yaralı olduğu və gözündəki xəsarət izi <link type="page"><caption> görünmür</caption><url href="http://az.apa.az/news/329601" platform="highweb"/></link>.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı BBC Azərbaycancaya deyib ki, Mamikon Xocoyan "atışmada" sağ qolundan yaralanıb.
"Onun sağ qoluna güllə dəyib və yaralı ələ keçirilib", o bildirib.
Cənab Dərgahlı daha öncə yayılan videogörüntüdə Xocayanın əlinin salamat olması ilə bağlı suala cavabda deyib ki, "yerli televiziyalardan biri ondan xəstəxanada müsahibə alıb və görünür ki, sağ qolu sarıqlıdır".
<span >Xocoyanın kəndində
Ötən həftənin çərşənbə günü Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin nümayəndələri Tovuz rayonunda tutulan Mamikon Xocoyanın yaşadığı Nerkin Karmirağbyur kəndinə baş çəkiblər.
BQXK Yerevan ofisinin mətbuat katibi Zara Amatuni BBC Azərbaycancaya Xocoyanın ailə üzvləri və kənd rəhbərliyilə görüşdüklərini deyib.
"Bakı ofisi ilə əlaqə saxlayırıq ki, onunla mümkün qədər tez görüş təşkil etsinlər, o deyib.
Kəndin başçısı Kamo Çobanyanın sözlərinə görə, Qırmızı Xaç nümayəndələri Bakı ofisinə rəsmi müraciət göndərmək üçün Mamikon Xocoyan barədə məlumat toplayıblar.
"Xocoyanın nəvəsi babasına məktub yazıb. Qırmızı Xaç nümayəndələri məktubu Bakıya göndərməyi vəd ediblər", o deyib.
“Qırımızı Xaç nümayəndələri dedilər ki, əvvəllər də belə hal olub, belə xəstələrin qaytarılması məsələsi tez həll olunur. Ümid edirik ki, Mamikon kişini tez qaytarmaq olar”, - Kamo Çobanyan deyib.
"Diversant", yoxsa 77 yaşlı ruhi xəstə?
Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı BBC Azərbaycancaya çərşənbə bundan öncə danışarkən "ələ keçirilmiş" Mamiko Xocayanın "erməni kəşfiyyat-diversiya qrupunun bələdçisi" olmasında israr edib.
Xocoyanın həmyerliləri isə Ermənistan mediasına onun ruhi xəstə olduğunu bildirib.
“Geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib”, - Nazirlyin mətbuat xidmətinin məlumatında deyilir.
Azərbaycanın xəbər saytlarında yayılmış videolardakı yaşlı şəxsin yaralı olduğu görünmür.
Ermənistandan yayılan məlumatlarda oxşar adlı, psixi çatışmazlıqları olan 77 yaşlı kənd sakininin itkin düşdüyü xəbər verilir.
“Gedib üzüm yığmağa”
Ermənistan polisi mətbuat xidmətinin nümayəndəsi Armen Malxasyan Tavuş vilayəti Verin Karmiraxbyur kənd sakini 77 yaşlı Mamikon Tiqranoviç Xocoyanın yanvarın 28-də günortadan sonra yoxa çıxdığını və axtarış aparıldığını bildirib.
Verin Karmiraxbyur kənd icma başçısı Kamo Çobanyan yerli mətbuat nümayəndələrinə deyib ki, 29 noyabr 1937-ci il təvəllüdlü Mamikon Xocoyan psixi xəstədir və 3 ildir dispanserdə qeydiyyatdadır. Onun 3 oğlu, üç qızı var. Kənddə oğullarından birinin ailəsi ilə yaşayır.
Kəndin başçısı deyib ki, kənd qəbiristanlığında “İki mərasim var idi, Mamikon Xocoyan ora əlində vedrə ilə gəlmişdi”.
“Soruşublar ki, bu nə vedrədir, deyib: gedir moruq ya üzüm yığmağa. Deyiblər: ay kişi, bu qışın ortasında nə üzüm, nə moruq?”, - kənd başçısı söyləyib.
Onun sözlərinə görə, bağlardan sərhədə kimi təxminən 2 kilometrdir. “Dünən də hava çox dumanlı idi, yəqin azıb. Onu orda mal otaran kəndlilərdən də görən olub. Çayın qırağı ilə gedib o tərəfə keçmiş olar. Fikri yayınmış adamdı, nə desən ola bilər. İndi bütün kənd narahatdır ki, belə bir adamla orda nə cür dil tapıb danışa biləcəklər”, - Kamo Çobanyan deyib.
O deyib ki, axşam internetdə Azərbaycan saytında Mamikonun şəklini görəndə onun Azərbaycan tərəfinə keçdiyini biliblər.
Danışıqlar
Qırmızı Xaçın Bakı ofisi təşkilatın Azərbaycandakı nümayəndələrinin Ermənistan nümayəndələrilə “daimi əlaqədə” olduğunu bildirib.
BQXK Yerevan ofisinin nümayəndəsi Zara Amatuni Azərbaycan tərəfinə keçib tutulan Ermənistan vətəndaşı ilə görüş təşkil etmək məsələsi üzrə Bakı ofisi ilə əlaqələndirilmiş iş aparıldığını bildirib.
“Məqsədimiz, malik olduğumuz mandat çərçivəsində tutulan Ermənistan vətəndaşı ilə mümkün qədər tez görüşməkdir”, - Zara Amatuni deyib.
Gürüşün nə zaman baş tutacağı, onun sözlərinə görə, Azərbaycan hakimiyyətilə danışıqlardan asılıdır.




