Ukrayna: iqtidar mübahisəli qanunları ləğv etməyə razı olub

Şəklin mənbəyi, AP
Ukrayna prezidenti Viktor Yanukoviçlə müxalifət nümayəndələri arasında görüş əsnasında, yanvarın 16-da qəbul olunmuş, ölkədə etiraz fəallığını xeyli məhdudlaşdıran, qanunların ləğv edilməsi üzrə razılıq əldə olunub. Tərəflər həmçinin amnistiya məsələsində razılığa gəliblər.
Lakin “Batkivşina” (“Ana vətən”) müxalif parlament fraksiyasının lideri Arseniy Yasenyuk hökumətə başçılıq etmək təklifi rədd edib. Bu barədə Ukrayna ədliyyə naziri Olena Lukaş məlumat verib.
Öz növbəsində, Vitali Klçko Yanukoviçin, humanitar məsələlər üzrə baş nazir müavini vəzifəsini tutmaq təklifindən imtina edib.
“Mən özümü Yanukoviç hökumətində görmürəm. Bu məsələni müzakirə etməkdən dərhal imtina etmişəm. Bu məsələni qaldırmağın əhəmiyyəti yoxdur”, - kliçko jurnalistlərə deyib.
Dörd saat davam edən danışıqlar
“Udar” partiyasının lideri Vitali Kliçko, “Batkivşina” fraksiyasının rəhbəri Arseniy Yasenyukla və “Svoboda” fraksiyasının rəhbəri Oleq Tyaqnibokla prezident Yanukoviçin görüşü dörd saatdan çox davam edib.
Ədliyyə naziri Olena Lukaşın sözlərinə görə, prezident və müxalifət liderləri görüş əsnasında “Amnistiya haqqında” qanunun qəbul edilməsinə dair prinsipial razılığa gəliblər.
“Amnistiya yalnız bütün ələ keçirilən (mitinqçılər tərəfindən) otaqlar və avtomobil yolları azad edildikdən sonra qüvvəyə minəcək. Əks təqdirdə, törədilmiş hüquq pozuntuları əfv edilməyəcək”, - Lukaş deyib.
Yanvarın 16-da Radada qəbul olunan qanunlar bütün ölkə boyunca etiraz dalğasını qaldırıb. Ukrayna müxalifət liderləri onların ləğv edilməsini tələb edirdilər.
ABŞ, Avropa İttifaqı, hüquq müdafiə təşkilatları qanunların qəbul olunması ilə bağlı narahatlıq izhar edib, Aİ isə Yanukoviçi onları yenidən nəzərdən keçirməyə çağırmışdı.
BBC müxbirlərinin sözlərinə görə, qanunlar çərşənbə axşamı Ali Radanın növbədənkənar sessiyasında ləğv edilə bilər.
Avropa komissarı Kiyevə gedir
Aİ xarici siyasəti üzrə ali nümayəndəsi Cateherine Ashton çərşənbə axşamı, nəzərdə tutulduğundan iki gün əvvəl, Kiyevə gedəcək.
O, Aİ-nin vasitəçi qismində çıxış etdiyi Ukrayna böhranının tənzimlənməsi prosesində iştirak etməyə hazırlaşır.
“Böhranın yalnız bir həlli var - siyasi həlli. Gələcək hərəkətlərə dair yeni konsensus təmin etmək üçün təcili surətdə həqiqi dialoq gərəkdir”, - Avropa diplomatiyasının başçısı vurğulayıb.
Həmçinin baronessa Ashton-u Ukraynada fövqəladə vəziyyət tətbiq ediləməsinin mümkünlüyü haqda məlumatlar narahat edibr.
“Bu, heç kəsə fayda gətirməyən gərginliyin daha da artmasına səbəb olardı. Mən eləcə də müxalifət liderlərini zorakılığa əl atanlardan aralanmağa çağırıram”, - Ashton-u UNİAN agentliyi iqtibas edir.
Ötən şənbə günü Viktor Yanukoviç konstitusiya dəyişikliyinə razılıq verib və parlament-prezident respublikası idarəetmə sisteminə keçmək üçün işçi qrup yaratmağa hazır olduğunu bildirib.
“Batkivşina” partiyası mətbuat xidmətinin yaydığı müraciətində Yuliya Timoşenko müxalifət liderlərini danışıqların hakimiyyətin şərtlərini həqarətli adlandırıb və onları qəbul etməməyə çağırıb.
Ukraynanın birinci prezidenti Leonid Kravçuk ölkədə siyasi böhranın tənzimlənməsi məqsədilə dəyirmi masa təşkil edib, lakin nə iqtidar, nə də müxalifət nümayəndələri onun işində iştirak etməyib.
Etirazlar davam edir
Kiyevdə aksiya iştirakçıları ilə milis arasında qarşıdurma davam edir.
Milli müqavimət qərargahının bəyanatına görə, son gün ərzində milislə mülki geyimli yaraqlılar kobud güc və silah tətbiq edərək, Zaporojye, Dnepropetrovsk, Çerkası və Sumı şəhərlərində vətəndaşların dinc aksiyalarını dağıdıblar.

Şəklin mənbəyi, AP
“Son bir sutka ərzində Maydan ümumiyyətlə barışığa və sakitliyə əməl edir, lakin rejim anlamalıdır ki, hakimiyyətin eşitməzliyindən hiddətlənmiş insanların səbri hər an partlaya bilər”, - bəyanatda qeyd olunur.
Müxalifətin məlumatına görə, ölkədə qeyri-qanuni həbslər, basqınlar və mitinqçilərin arasından girov tutma halları davam edir.
Bəyanatda jurnalistlərin təqib olunması davam edir, vəzifələrinin yerinə yetirilməsinə maneələr törədilir.
Bazar günü bir çox Ukrayna şəhərlərində “Avromaydanın” dəstəyinə kütləvi aksiyalar davam edib. Sumı şəhərində mitinqçilər vilayət və şəhər şuralarının iclasları keçirilən Şuralar Evini ələ keçiriblər.
Zaporojyedə etirazçılar vilayət administrasiyası binasını ələ keçirməyə cəhd ediblər.
Hakimiyyət ziddinə
Kirovoqradın mərkəzi meydanında eyni vaxtda hakimiyyət tərəfdarları və əleyhdarlarının aksiyaları keçib.
Kremençuqda bir qrup fəallar meriya binasını mühafizə altına almaq üçün binanın yanında toplaşıb. Mer müavini Viktor Kalaşnikin dilə tutmasına baxmayaraq, etirazçılar binaya daxil olmağa cəhd ediblər, lakin içəridə milis onların qabağını kəsib. Dalaşma nəticəsində qapılardan biri yerindən çıxıb.
Donetskdə kazaklar və Əfqanistan müharibəsi veteranları prezident Viktor Yanukoviçin lehinə aksiya zamanı şəhərdə ictimai asayişi qorumaq üçün xüsusi dəstələr yaratmaq qərarına gəliblər, “5 kanal” Ukrayna televiziyası xəbər verib. Təxminən 2 min nəfər inzibati binaların ələ keçirilməsinə yol verməmək üçün keşik çəkməyə hazır olduğunu bildirib.
Eyni zamanda, hakimiyyət orqanları artıq müxalifətin ixtiyarında olan, Ukraynanın qərb bölgələri açıqcasına mövcud hakimiyyətin ziddinə gedir.
Ternopol və İvano-Frankovsk vilayət şuraları öz ərazilərində Regionlar və Ukrayna Kommunist partiyalarının fəaliyyəti və simvollarının istifadə olunmasını qadağan ediblər.
İvano-Frankovsk vilayət şurası “Ukraynada məhəlli özünüidarəetmə” qanununa istinad edib. Qərarda deyilir ki, sözügedən partiyaların fəaliyyəti və simvolları “milli maraqlara ziddir və Ukrayna vətəndaşlarının hüquqları və azadlıqlarını pozur”.
Regionlar Partiyasında bu qərarları Ukrayna qanunvericiliyinə zidd adlandırıblar.




