Putin: mənim geylərlə yoldaşlıq münasibətlərim var

Rusiya prezidenti Vladimir Putin BBC icmalçısı Andrew Marr-a bildirib ki, onun geylərlə yoldaşlıq münasibətləri var. Soçidə korrupsiya barədə suala cavabında isə prezident olimpiya layihəsi çərçivəsində heç bir korrupsiya əlamətləri görmədiyini bildirib.
Andrew Marr Vladimir Putinə bir neçə sual verib: Doğrudanmı Rusiyada seksual azlıqlara münasibət Qərbdəkindən prinsipial şəkildə fərqlənir? Putin şəxsən hesab edirmi ki, adamlar sonradan gey olmurlar, gey kimi doğulurlar? Homoseksual təbliğatın qadağanına onun şəxsi münasibəti necədir?
“Mən adamların anadangəlmə, yoxsa sonradan homoseksual olmaları barədə sualınızın birinci hissəsinə cavab verə bilməyəcəyəm. Bu barədə sanballı cavabım sadəcə olaraq yoxdur” – deyə gülümsəyib prezident.
Rusiya prezidenti BBC, ABC News, CCTV, Rossiya-1, ORT və Around the Rings informasiya agentliyinin jurnalistlərinə təfərrüatlı televiziya müsahibəsi verib, bundan sonra isə BBC müxbiri Andrew Marr-la ayrıca söhbət edib.
Yoldaş geylər
“Diqqənizi belə bir məqama çəkmək istərdim ki, dünya ölkələrinin üçdə birindən çoxunda olduğu kimi Rusiyada qeyri-ənənəvi seksual oriyentasiyaya görə cinayət məsuliyyəti yoxdur. Dünya ölkələrinin 70-də homoseksuallıq üçün cinayət məsuliyyəti nəzərdə tutulub. 7 ölkədə buna görə ölüm cəzası var” – deyə bu dəfə prezident üzündə daha ciddi ifadə ilə danışıb.
Bundan sonra Marr Putinin homoseksuallar məsələsinə şəxsi münasibətini dəqiqləşdirməyə çalışıb.
Yeni qanun haqqında danışarkən Putin aydınlıq gətirib ki, söhbət təbliğatın qadağanından gedir: “Həm də burada söhbət təkcə homoseksualizmin təbliğatının yox, uşaqlara qarşı təcavüzün qadağanından gedir. Lakin bu, adamların özlərinin seksual oriyentasiyalarına görə təqib edilməsi deyildir. Bunlar, bizdə deyildiyi kimi, iki fərqli məsələdir”.
Prezidentin fikrincə, Rusiyada qəbul edilmiş qanun “heç kimə toxunmur”.
Andrew Marr prezidentdən həmçinin Rus Pravoslav kilsəsinin homoseksuallığa görə cinayət məsuliyyətinin bərpa olunmasına dair təklifinə münasibət bildirməsini xahiş edib.
“Bizdə kilsə qanunla dövlətdən ayrıdır. Və kilsənin öz nöqteyi-nəzərinə malik olması üçün hüququ var – deyib Vladimir Putin – demək olar ki, dünyanın bütün ənənəvi dinləri bu məsələdə həmrəy mövqe tutublar. Məgər Roma kilsəsinin bu məsələdə mövqeyi Rus Pravoslav kilsəsinin mövqeyindən fərqlənirmi? Yoxsa İslam qeyri-ənənəvi seksual oriyentasiyaya malik insanlara başqa cür münasibət bəsləyir?”
Rusiyada geylərin vəziyyəti barədə söhbətinə davam edərkən prezident qeyd edib ki, Olimpiadaya qonaq və ya iştirakçı qismində gəlmək istəyən belə qeyri-ənənəvi seksual oriyentasiyası olan insanlar üçün heç bir təhlükə yoxdur:
“Qeyri-ənənəvi oriyentasiyası olanlar bizdə özlərini ikinci dərəcəli insan kimi hiss edə bilməzlər, çünki onlara qarşı ayrı-seçkilik yoxdur”.
Bu məqamda Putin öz fikrini aydınlaşdırmaq üçün Britanıya auditoriyasının başa düşəcəyi misal gətirib: “Əgər belə adamlar, məsələn, Elton John kimi görkəmli nailiyyət qazanırlarsa, bizdə onları sevirlər. Bizdə onun oriyentasiyasına baxmayaraq milyonlıarla insan Elton Johnu sevir”.
“Mənim üçün insanın seksual oriyentasiyası mühüm deyil. Mən özüm şəxsən bəzi belə adamları tanıyır və onlarla münasibət saxlayıram” – deyə etiraf edib Rusiya lideri.
“Mən bir neçə belə adamı onların seksual oriyentasiyasına görə yox, gördükləri işlərin nəticələrinə görə təltif də etmişəm” – deyə Putin əlavə edib.
“Əgər müğənni Elton John və ya aktyor Ian McKellen Rusiyaya gəlsəydilər, onlarla ünsiyyətdə olardımı” sualına Putin “əlbəttə” cavabını verib.
Olmayan korrupsiya əlamətləri
Beynəlxalq Olimpiya Komitəsində Soçi Olimpiadasına hazırlıq zamanı irimiqyaslı korrupsiyanın (məsələn Bazeldə komitə üzvlərindən biri 18 milyard dollar rəqəmini göstərib) baş verməsi barədə gedən söhbətlərə dair sualın cavabında Putin “bu belə deyil” deyə cavab verib.
“Birincisi İsveçrədə bu barədə danışılmayıb. İkincisi, əgər kimdəsə korrupsiya halları barədə konkret məlumatlar varsa, bizə obyektiv informasiya versin. Biz buna sevinərik və minnətdar olarıq, bu sahədə qayda-qanun yaradarıq. Lakin hələlik bizə söz-söhbətdən başqa heç kim heç nə təqdim etməyib” – deyib Putin.
“Soçi layihəsinin icrası çərçivəsində biz hələlik hansısa böyük, itrimiqyaslı korrupsiya halları görmürük, - bildirib prezident - icraçı və podratçıların qiymətləri qaldırmaq cəhdləri var. Lakin bu, bütün dünya ölkələrində baş verir. Bizim vəzifəmiz isə qiymətləri endirmək və layihənin keyfiyyətli icrasına nail olmaqdır”.
Ambisiyalar və təhlükəsizlik
Bundan sonra Rusiya lideri diqqəti Soçi Olimpiadasının başqa bir aspektinə yönəldib: “Məsələnin mənəvi aspekti də var. Burada nədənsə çəkinmək və ya utanmaq lazım deyil. SSRİ dağılandan, Qafqazda baş verən ağır və qanlı hadisələrdən sonra cəmiyyətin ümumi əhvalı bərbad idi”.
“Bizə özümüzə gəlmək lazımdır. Biz başa düşməli və hiss etməliyik ki, nəhəng, miqyaslı layihələri həyata keçirə bilərik – deyib prezident və əlavə edib ki, “Soçi Olimpiadası hansısa ambisiyaların təmin olunması xatirinə keçirilmir”.
“Təhlükəsizliyin təminatı üçün hüquq-mühafizə və təhlükəsizlik orqanlarının 40 min əməkdaşı hərəkətə gətiriləcək” – deyib prezident.
“Ümidvaram bu elə bir şəkildə ediləcək ki, gözə çarpmasın, Olimpiada iştirakçılarını sıxmasın” – deyə əlavə edib Vladimir Putin.
Dördüncü müddət?
Müsahibə zamanı Andrew Marr Vladimir Putindən soruşub ki, o yenidən seçkilərə getmək barədə düşünürmü, beynində belə bir fikir yetişirmi?

“Ambisiyaya gəlincə, bu barədə danışmaq hələ tezdir. Başa düşürsünüzmü, indi 2014-cü ildir, seçkilər isə 2018-ci ildə olacaq. İşləmək lazımdır. Vaxtı gələndə bəlli olar, baxarıq” – deyib dövlət başçısı.
BBC müxbirinin xahişi ilə Putin həmçinin belə bir fakta münasibət bildirib ki, bu yaxınlarda onu nüfuzuna görə dünyanın üçüncü şəxsi elan ediblər və o, hətta bu sırada Roma Papasını da geridə qoyub.
“Siz prezidentlikdən cana yığılan adama bənzəmirsiniz” – deyə qeyd edib Marr.
“Bu reytinqlərə çox da fikir verməyə dəyməz – deyib Putin, - heç bir dünyəvi şəxs Roma Papasını keçə bilməz”.
“Siyasətlə məşğul olan insan üçün ən pisi və ən təhlükəlisi odur ki, o, öz kreslosundan yapışıb dursun və yalnız bu barədə düşünsün. Bu halda iflas qaçılmazdır. Çünki daim yanlış addım atmaqdan qorxacaqsan. Bu barədə düşünmək lazım deyil, öz işinin nəticəsi barədə düşünməlisən. Sonra hər şey bəlli olar” – deyib Rusiya lideri.
“Gülərüz ayı”
BBC icmalçısı həmçinin Vladimir Putindən Rusiyada dalbadal verilən amnistiyaların səbəbini soruşub.
“Tənqidçilərin fikrincə, rus ayısı sifətinə təbəssüm maskasını Soçinin xətrinə taxıb və Oyunlar qurtarandan sonra hər şey öz yerinə qayıdacaq. Məni maraqlandıran isə budur ki, rus ayısının ürəyində azacıq da olsa liberalizm varmı və biz bunu gələcəkdə də görəcəyikmi? – deyə soruşub Marr.
“Siz məndən necə bir cavab eşitmək istəyirsiniz?” – gülümsünüb prezident.
“Mən sizdən “mən xeyirxah, liberal bir prezidentəm, baxışlarımı dəyişmişəm və məndən heç kəs qorxmamalıdır” cavabını eşitmək istərdim” – deyib jurnalist.
“Düzdür. Elə belə də var” – söyləyib Putin.
Bununla yanaşı, Vladimir Putin əlavə etməyi lazım bilib ki, amnistiya barədə qərarı o yox, Rusiya parlamenti qəbul edib və qanun Olimpiada öncəsi yox, Rusiya Konstitusiyasının 20 illik yubileyi münasibətilə qəbul olunub:
“Amnistiya haqqında qərarı mən yox, parlament qəbul edib. Mən, sözsüz, bu təşəbbüsü dəstəkləmişəm və hesab edirəm ki, bu düzgün qərar olub”.

Putin jurnalistlərə həmçinin yaxşı idman formasını necə saxladığı barədə danışıb:
“Burada heç bir möcüzəli həb yoxdur. Mən hər gün bir az məşğul oluram. Dünən gecə saat ikinin yarısınadək burada xizək sürmüşəm. Səhərdən idman zalında məşğul olmuşam. Hər gün praktik olaraq min metrlik məsafəyə üzürəm. Xüsusi olaraq heç bir şey yoxdur, lakin sistem var. Bilsiriniz, bizlərdə belə bir el deyimi var: toyuq buğda-buğda dənləyir”.
Çin teleşirkətinin müxbiri Rusiya liderindən soruşub ki, o pensiyaya çıxdıqdan sonra “kinoda yaraşıqlı oğlanlar roluna çəkiləcəkmi?”
Prezident cavab verib: “Çətin. Ola bilsin, xokkey oynayacağam”.
“Mən iki il yarım bundan əvvələdək heç konkilərin üstündə dura bilmirdim. Bu gün isə, özünüz də gördünüz ki, nəsə edə bilirəm. Əgər pensiyaya çıxsam, xoşladığım şeylərlə məşğul olacağam” – deyib Putin.
Şotlandiya və Gömrük İttifaqı
Britaniya jurnalisti Soçini öz doğma yurdu olan Şotlandiyanın dağları ilə müqayisə edib və Rusiya prezidentindən xahiş edib ki, bu il öz müstəqilliyinə dair referendum keçirəcək Şotlandiya barədə baş nazir Kamerona məsləhət versin.
“Bu bizim işimiz deyil. Bu Böyük Britaniyanın daxili problemidir. Məncə hər bir xalqın öz müqəddaratını təyinetmə hüququ olmalıdır” – deyib Putin.
“Bəlkə şotlandları öz Gömrük İttifaqınıza dəvət edəsiniz” – deyə jurnalist Marr sual edib.
“Bəli, mən belə bir imkanı istisna etmirəm” – deyə gülüb Putin.




