Rəşad Şirinin bloqu: Gürcüstanda 2013-cü ilin payızı

Marqvelaşvili
Şəklin alt yazısı, Bir siyasətçi olaraq Giorgi Margvelaşvili də güclü fiqur deyil.
    • Müəllif, Rəşad Şirin
    • Vəzifə, Siyasi təhlilçi, Bakı

Bu il Gürcüstandakı prezident seçkiləri həm Gürcüstanda əvvəllər keçirilmiş seçkilər, həm də bir çox post-Sovet ölkələrində indiyə qədər baş tutmuş seçkilərlə müqayisədə daha çox yerli qanunlara və beynəlxalq standartlara uyğun idi.

Gürcüstanda seçki təşviqatı dövründə ciddi qanun pozuntuları olmadı, seçki administrasiyası şəffaf və peşəkar şəkildə çalışdı, sərbəst toplaşma ilə bağlı heç bir maneə yox idi, media hadisələri işıqlandırmaqda heç bir problem yaşamadı.

Bir post-Sovet ölkəsi üçün bəlkə də "analoqu olmayan" bir seçki idi.

Amma bu seçkiləri daha yaxşı anlamaq üçün bir il əvvələ, 2012-ci ilin oktyabrına qayıtmaq lazımdır, çünki Gürcüstanda əsas dəyişiklik həmin vaxt baş verdi.

2012-də hələ də hakim partiya olan Birləşmiş Milli Hərəkat (BMH) ilə yeni formalaşmış, 6 partiyadan ibarət və başında milyarder Bidzina İvanişvilinin durduğu "Gürcü Arzusu" (GA) bloku arasında çox gərgin siyasi qarşıdurma yaşanırdı.

BMH 2012-ci il parlament seçkilərini uduzdu; parlamentdə 85 yeri GA, 65 isə BMH qazandı. Ümumiyyətlə, Saakaşvilinin ikinci dönəmindən sonra onun və partiyasının ölkədəki nüfuzu sürətlə aşağı düşməyə başladı.

Bunun üç əsas səbəbi var idi: 2007-ci ildə meydanda Saakaşvili hökumətinə qarşı çıxmış nümayişçilərə qarşı güc tətbiq edilməsi, Rusiya ilə müharibə, BMH-in ölkədə siyasi və iqtisadi monopoliya qurmağa çalışması.

Saakaşvili artıq əvvəlki Saakaşvili deyildi və daha avtoritar və daha sərt bir liderə çevrilirdi. Getdikcə gürcülər ondan qurtulmaq haqqında düşünməyə başladılar.

Bir gürcünün dediyi kimi 2012-ci il seçkilərindən sonra “ölkə axır ki rahat nəfəs aldı”. İddialara görə, BMH seçki qabağı həm seçki administrasiyasını nəzarətdə saxlayırdı, həm də inzibati resurslardan istifadə edirdi.

Məsələn, məlumatlara görə, seçki vaxtı dövlət qulluqçularına, məktəb müəllimlərinə və s. BMH-a səs vermələri üçün təzyiq edilirdi.

Amma bütün bunlara baxmayaraq, Gürcüstanda formalaşmış siyasi sistem müxalifətə də güclü ola bilmək imkanı yaratmışdı. Gürcüstan Arzusu nüfuzlu iş adamı Bidzina İvanişvili tərəfindən idarə olunur və maliyyələşirdi.

İvanişvilini əslində bu yaxınlara qədər heç kim tanımırdı və o daha çox mistik bir şəxsiyyət idi - sənətçilərə və polisə maliyyə ayıran, üzünü heç kimin görmədiyi, müəmma dolu bir insan. İvanişvili Tiflisə gəlib təpələrin birinin üstündə şüşədən özünə ev tikmişdi və hətta Baş Nazir olandan sonra da onun iş kabineti həmin evdə idi.

Mixail Saakaşvili
Şəklin alt yazısı, "Öncə Saakaşvili İvanişviliyə mane olmaq istədi".

İlk əvvəl Saakaşvili İvanaşviliyə mane olmaq istədi, onun digər ölkənin vətəndaşı olması məsələsi gündəmə gəldi. Lakin sona qədər gedə bilmədi Mişa. İvanişviliyə və onun partiyasına qarşı hədələr və repressiyalar nəticə vermədi və Gürcü Arzusu oktyabr seçkilərində qalib gəldi.

Son bir il Gürcüstanın müstəqillik tarixində çox unikal bir il idi, çünki insanlar tam olaraq anlamırdılar ki,ölkədə iqtidar kimdir. Təbii ki, Gürcü Arzusu artıq öz sözünü demişdi, amma Saakaşvili hələ də, prezident idi.

Bu cür vəziyyət insanlarda çaşqınlıq, elitalar arasında isə gərginlik yaradırdı. Gürcülər bu dövrə “kohabitasiya” (yəni, birgə yaşayış) adı verdilər və Gürcü Arzusunun seçkiqabağı əsas şüarlarından biri də kohabitasiyanı sona çatdırmaq oldu.

Gürcü Arzusu parlament seçkilərini udduqdan sonra “ədalətin bərpa edilməsi” adı altında BMH-in bəzi rəsmilərinə qarşı cinayət işi acıldı, həbslər oldu. Onlar bu prosesə “ədalətin bərpa edilməsi” adını verdilər. Prezidentliyə namizədlərdən biri, çox yaşlı olmasa da (49 yaş) Gürcüstan siyasət səhnəsinin ağbirçəklərindən sayılan Nino Burjanadze isə hətta daha dərinə getməyə, Saakaşvilini həbs etməyə söz verirdi.

Maraqlısı odur ki, Gürcüstanın 2004-dən sonra formalaşmış siyasi sistemi və Saakaşvilinin Gürcüstanı dünyaya demokratiya və azadlıqlar ölkəsi kimi tanıtması nəticə etibarilə elə Saakaşvilinin əleyhinə işlədi. Demokratik dövlət qurmağa çalışan Saakaşvili sonda özü demokratik yolla məğlub oldu və məğlubiyyətini etiraf etdi.

Sadəcə, bu prosesdə təbii ki, ABŞ və Avropanın da rolu var idi. Bir Amerikalı professorun mənə dediyinə görə, Mişaya Ağ Evdən xəbərdarlıq edilmişdi ki, əgər seçkini saxtalaşdırsan, biz sənin yanında olmayacayıq.

Təbii ki, ABŞ-ın Saakaşvilinin arxasında durub durmayacağını biz ancaq o halda bilə bilərdik ki, Mişa seçkini saxtalaşdırardı. Eyni zamanda ABŞ və Avropa İvanişviliyə də Saakaşvilini təqib etməsin deyə xəbərdarlıq etdi.

Geniş mənada Gürcüstanda bu ilki seçkilər keçən ilki elita dəyişikliyinin rəsmiləşdirilməsi idi. Gürcü Arzusu parlamentdən sonra prezidentliyə də əl qoydu və iqtidarı konsolidasiya etməyə doğru mühüm bir addım daha atdı.

Düzdür, onu da söyləmək lazımdır ki, Gürcüstanda prezidentin artıq demək olar ki heç bir səlahiyyəti yoxdur - bir siyasətçi olaraq Giorgi Margvelaşvili də güclü fiqur deyil və daha çox İvanişvilinin təyin etdiyi şəxs kimi görülür. Yəni əslində koalisiyada prezident ola biləcək daha güclü şəxslər var idi, məsələn, İrakli Alasaniya.

Bundan əlavə seçkidən sonra İvanişvili “siyasətdən getdi” və yerini gənc baş nazirə verdi .(İrakli Garibaşvilinin 31 yaşı var). Ümumiyyətlə, Gürcüstan siyasəti sanki keçmişlə bağlantını tezliklə kəsmək istəyir. Əksər siyasətçilər yeni və gəncdir.

Prezident Giorgi Margvelaşvili özü 44 yaşındadır. BMH-ın prezidentliyə namizədi David Bakradzenin 41, yeni təyin olunmuş daxili işlər nazirinin isə 28 (!) yaşı var.

Yaxşı, gəlin indi sual edək - Gürcüstanda demokratiya var, yoxsa yox? Son vaxtlar bir çoxları bu sualı tez-tez verirlər. Mən seçkilərdə müşahidəçilik missiyamı bitirib Bakıya döndükdən sonra bu sualı məndən tez-tez soruşurdular.

Geniş yayılmış rəyə görə, demokratiya hakimiyyətin iki dəfə dinc yolla bir siyasi qrupdan digər siyasi qrupa ötürülməsindən sonra başlayır.

Dinc yol dedikdə, bir siyasi elitanın seçki nəticələrini qəbul edərək, könüllü olaraq hakimiyyətdən çəkilməsi nəzərdə tutulur. İnqilablar nəticəsində dəyişən hökumət buna aid deyil. İnqilablar dinc və zorakılıqsız olsa da...

Çünki yenə də güc faktoru var ortada. Yəni, sən zorən hakimiyyətə gəlirsənsə, bu o deməkdir ki, qolu güclü olan haqlıdır, xalqın səsini qazanan yox.

Eyni zamanda hakimiyyətin bu cür dinc şəkildə ötürülməsi azı iki dəfə baş verdikdə ,bir-birinin arxasınca dəyişən elitalarda sistemə güvən hissi formalaşır; insanlar əmin olur ki, onlar hakimiyyəti itirdikdən sonra təzyiqə, qisasçılığa məruz qalmayacaqlar – haqlı və ya haqsız.

Gürcüstanda birinci transfer 2012-nin oktyabrında baş verdi. Gürcülər dedi ki, ölkə rahat nəfəs aldı. İndi qaldı çox mühüm olan ikinci transfer. Əgər bu da baş versə, artıq Gürcüstanda demokratiyanın mövcudluğu demək olacaq.

Yeri gəlmişkən, gürcülərin bir çoxu düşünür ki Azərbaycanda insanların hamısı zəngin və xoşbəxtdir. Hətta bəziləri deyirdi ki, “bizdəki qeyri-sabit demokratiya və kasıbçılıqdansa sizdəki kimi sabitlik və dolanışıq yaxşıdı”.

Bəs siz necə, özünüzü zəngin və xoşbəxt hiss edirsinizmi? Sizcə, həqiqətənmi Azərbaycanda vəziyyət Gürcüstandan daha yaxşıdır? Elədirsə, hansı sahələrdə?

Bizə yazın: azeri.service@bbc.co.uk

Fikirlərinizi <link type="page"><caption> Facebook</caption><url href="https://www.facebook.com/BBCAzeri" platform="highweb"/></link> və <link type="page"><caption> Twitterimizə</caption><url href="https://twitter.com/bbcazeri" platform="highweb"/></link> də göndərə bilərsiniz.