İstanbulda partlayış: “Bombanı qoyan şəxs saxlanılıb”

Türkiyə, İstanbul, terror

Şəklin mənbəyi, Getty Images

İstanbulda bazar günü partlayışa səbəb olan şəxsin saxlanıldığı bildirilir. Partlayış zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisə yerində verdiyi açıqlamada "bombanı qoyan şəxs saxlanıldı. Əldə etdiyimiz məlumata görə, PKK/YPG terror təşkilatıdır", deyib.

"Partlayış təlimatının Kobanidən (Suriyada şəhər - red.) gəldiyini düşünürük. Hadisəni törədənin Afrindən keçdiyi qənaətindəyik", - Soylu bildirib.

"Bizə bu acını yaşadanların yaxın zamanda qat-qat daha ağır acı yaşayacaqlarını onlara göstərəcəyik", - daxili işlər naziri qeyd edib.

Daha əvvəl 21 nəfərin saxlanıldığını deyən türkiyəli nazir çıxışında ABŞ-ı da günahlandırıb.

Süleyman Soylu ABŞ-ın başsağlığı mesajını "qatilin hadisə yerinə ilk gələnlərdən biri olması" kimi də dəyərləndirib.

İstanbul

Şəklin mənbəyi, Getty Images

Hadisə yerinə gələn Türkiyənin vitse-prezidenti Fuat Oktay yaralıların sayının 81-ə çatdığını, 2 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

"Bunu terror aktı hesab edirik", - Fuat Oktay deyib.

Prezident Recep Tayyip Erdoğan ilk açıqlamasında, baş vermiş hadisənin birmənalı olaraq "terror" adlandırılmasının bəlkə hələ bir qədər tez olduğunu qeyd edərək, ilkin məlumatların terror hadisəsinə dəlalət etdiyini də qeyd edib.

Partlayış zamanı alovlanmanın baş verdiyi görünür

Şəklin mənbəyi, DHA

Şəklin alt yazısı, Partlayış zamanı alovlanmanın baş verdiyi görünür

Yayılan görüntülərdə hadisə yerinə çoxlu sayda təcili yardım və polis maşınının göndərildiyi görünür.

Bazar günü olduğundan hadisə baş verən zaman İstanbulun İstiqlal küçəsi insanlarla dolu olub.