Türkiyədə mədəndə partlayış: xilasetmə-axtarış işləri sona çatıb

Mədənçilər

Şəklin mənbəyi, Reuters

Türkiyənin Amasra rayonundakı kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra axtarış-xilasetmə işləri sona çatıb.

Cümə günü baş verən partlayış vaxtı mədəndə 110 nəfər olub.

Türkiyənin daxili işlər naziri Bartındakı şaxtadan 58 nəfərin xilas edildiyini, 11 yaralının müalicə aldığını deyib.

Şənbə günü mədənə baş çəkən Prezident Recep Tayyip Erdoğan ölənlərin ailələri və yaxınlarına başsağlığı verib. O, həmçinin partlayışa görə məsuliyyət daşıyanların müəyyən olunacağını bildirib.

Nə baş verib?

Partlayışın təxminən 300 metr dərinlikdə baş verdiyi güman edilir.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, 300-350 dərinliyindəki "riskli" zonada 49 nəfər işləyirdi.

"Biri ağır olmaqla, dörd xəstəmiz reanimasiyadadır. Bir xəstəmiz palatada müalicə olunur. 6 vətəndaşımız təcili yardım təyyarələri ilə İstanbul Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının Yanıq Mərkəzinə köçürüldü", şənbə günü Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

İnsanlar və təcili yardım maşınları, mədən texnikası

Şəklin mənbəyi, Getty images

Türkiyənin energetika nazirinə əsasən, ilkin əlamətlərə görə, partlayışa səbəb yerin təkində toplanan metan qazının alovlanması ola bilərdi.

Hakimiyyət mədəndə qismən çökmələrin olduğunu deyib.

Mədənçi

Şəklin mənbəyi, Getty Images

"Toz və tüstü bürüyüb"

Hadisənin baş verdiyi Amasra rayonunun bələdiyyə sədri Recai Çakır sağ qalanların "ciddi xəsarətlər" aldığını bildirib.

Mədənçilərdən biri yerin altında baş verənləri təsvir edərkən deyib ki, ətrafı "toz və tüstü bürüyüb, nəyin baş verdiyini dəqiq bilmirik".

Mədən dövlətin Türkiyə Taşkömürü Müəssisələrinə məxsusdur.

Türkiyə kömür mədənlərində ən ölümcül fəlakət 2014-cü ildə Soma şəhərində baş verib. O vaxt partlayış 301 nəfərin ölümünə bais oldu.