Ukraynada müharibə: Rusiyanın İrkutsk vilayətində bir nəfər hərbi komissara atəş açıb

Şəklin mənbəyi, MIKHAIL TERESHCHENKO/TASS
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində bir nəfər hərbi komissara atəş açıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hərbi çağırış komissiyasının rəhbəri ağır yaralanıb. Ötən həftə Rusiyada qismən səfərbərlik elan edilib.
İrkutsk vilayətinin qubernatoru İqor Kobzev məlumatı təsdiqləyib: "Ust-İlimskdə gənc oğlan hərbi komissara atəş açıb".
Qubernatorun sözlərinə görə, hərbi komissar "reanimasiyadadır, vəziyyəti ağırdır". "Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı göstərişlər verdim", o, Telegram kanalında yazıb.
"Bu gün saat 11:40 radələrində hərbi komissarlığa gələrək sənədləri təhvil verdik. Birinci saatda hərbi komissar bir saat akt zalda ölkədəki vəziyyətdən danışdı. Dövlətin iradəsini yerinə yetirdiyini bildirdi. Sonra atəş açıldı. Hücum edən şəxs hərbi komissara yaxınlaşıb "İndi hamımız evə gedəcəyik" dedi və komissara atəş açdı. Mən döşəməyə yıxıldım, ikinci atəşdən sonra isə qaçdım, indi komissarlıqdayam", - hərbi komissarlıqda baş verən atışmanın şahidi RBK-ya deyib.
Atəş açan şəxs saxlanılıb. Sosial şəbəkələrdə yayılan videoda onun işsiz olan 25 yaşlı Ruslan Zinin adlı yerli sakin olduğu bildirilir.
İstintaq Komitəsi atəş açan şəxslə bağlı məlumatı təsdiqləyib və "hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd" və "qanunsuz silah saxlama" maddələri ilə cinayət işinin başlandığını elan edib.
Milli Qvardiyanın region üzrə departamentinin mətbuat xidmətindən İnterfaks-a bildirilib ki, atəş açan şəxs silahın qanuni sahibi deyil.
Ruslan Zininanın anası bildirib ki, hərbi komissarlığına oğlunun adına çağırış vərəqəsi gəlməyib.
"Bu yaxınlarda Ruslan nənəsi ilə yaşayırdı. Səhər ona könüllü kimi hərbi komissarlığa getdiyini deyib. Sonra onunla əlaqə saxlaya bilmədik, daha sonra da bu xəbəri gördük. Ruslanın özünə çağırış gəlməyib, amma dünən ən yaxın dostuna gəlib. Ruslan bundan çox kədərlənib, çünki dostu hərbi xidmətdə olmayıb. Dedilər ki, qismən səfərbərlik olacaq, amma məlum olur ki, hamını aparırlar". Hücumda günahlandırılan Ruslanın anası ASTRA teleqram kanalına bildirib.
Qadın oğlunun silahı haradan aldığını bilmir.
Putinin səfərbərliyinə qarşı etirazlar

Şəklin mənbəyi, Reuters
Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra bir çox şəhərlərdə etiraz aksiyaları keçirilib. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 32 şəhərdə baş tutan nümayişlər vaxtı 800-ə yaxın insan saxlanılıb.
Rusiyadakı vəziyyəti şərh edən Ukrayna Prezidenti səfərbərliyə çağrılan ruslara müraciət edib.
Zelenskinin müraciəti
"Rusiya komandirləri rusların həyatı ilə maraqlanmırlar - onlar sadəcə olaraq ölən, yaralanan, qaçan və ya əsir düşən rus əsgərlərindən sonra qalan boş yerləri doldurmalıdırlar", - rus dilində televiziya ilə çıxış edən Volodimir Zelenski deyib.
Ukrayna lideri həmçinin təslim olan bütün ruslarla beynəlxalq konvensiyalara uyğun şəkildə rəftar ediləcəyinə zəmanət verib.
Bundan əvvəl Rusiyada könüllü təslimə görə 10 ilədək həbs cəzasını nəzərdə tutan qanuna əlavələr təsdiqlənib.

Şəklin mənbəyi, EPA
Səfərbərliyə qarşı etirazlar
Şənbə günü Moskvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilib. Rusiya KİV-lərinin məlumatına görə, onlara gələnlərin sayı üç gün əvvəl baş tutan nümayişlərə gələnlərin sayından daha az olub.
İnsan hüquqları üzrə OVD-İnfo layihəsi Moskvada azı 374 nəfərin saxlanıldığını bildirir. Sentyabrın 21-də Moskvada keçirilən mitinqdə axşam saat 9-a kimi 394 nəfər saxlanılmışdı.
Etirazlar Sankt-Peterburq da daxil olmaqla, bir sıra şəhərlərdə keçirilib.
İnzibati binalara hücumlar
Rusiyada səfərbərlik elan edildikdən sonra hərbi komissarlıqların və inzibati binaların yandırılmasının yeni dalğası başlayıb.
Bu yanğınların əksəriyyəti bu ilin may ayında qeydə alınıb. Putin səfərbərlik elan etdikdən sonra belə halların sayı yenidən artıb.
Ötən gecə Leninqrad vilayətinin Qatçina rayonunda Syaskelevski kənd qəsəbəsinin inzibati binasında yanğın baş verib.
Yanğının mənbəyi pəncərədən atılan "Molotov kokteyli" butulkaları olub. Yanğınla bağlı məlumatı Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.
Ukraynada "referendum"
Bu arada Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrdə Rusiya Federasiyasına qoşulmaq üçün "referendum" başlayıb.
Bu səsvermə beş gün ərzində keçiriləcək.
Qərb liderləri hesab edirlər ki, səfərbərlik Ukraynanı necə məğlub edəcəyini bilməyən Rusiya rəhbərliyinin çaxnaşma və çarəsizliyinin əlamətidir.








