Ukrayna müharibəsi: Rusiyada müharibə əleyhinə nümayişlərdə yüzlərlə insan həbs edilib

Moskva polisi səfərbərlik əleyhinə etirazlar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Moskva polisi səfərbərlik əleyhinə olan etirazçıları saxlayıb

Çərşənbə günü Rusiyanın qismən səfərbərlik elan etməsi vətəndaşların etiraz aksiyalarına səbəb olub. Artıq Rusiya polisinin yüzlərlə insanı həbs etdiyi bildirilir.

Rusiyanın insan haqları təşkilatı OVD-İnfo həbs olunanların ümumi sayının 1300-dən çox olduğunu bildirib. Ən çox həbs edilənlər Sankt-Peterburq və Moskvada qeydə alınıb.

Vladimir Putinin səfərbərliklə bağlı açıqlamasından sonra Rusiyadan xaricə təyyarə biletləri sürətlə tükənib.

Sosial şəbəkələrdə yayılan şəkillərdə sərhəd postlarında uzun növbələr yarandığı görünür, Google-da isə "Rusiyanı necə tərk etmək olar" ifadəsini axtaranların sayı sürətlə artıb.

Moskva etiraz

Şəklin mənbəyi, AFP

Moskva prokuroru insanlara xəbərdarlıq edərək bildirib ki, müharibə əleyhinə aksiyalarda iştirak edənlər inzibati və ya cinayət cəzası, o cümlədən "15 ilədək həbs cəzası" ilə üzləşə bilərlər.

Ukrayna müharibəsi ilə bağlı "dezinformasiya"nın yayılmasına görə Rusiyanın sərt cəzaları və polisin anti-Putin fəallarını təqib etməsi müharibə əleyhinə ictimai etirazları nadir hala gətirib.

Lakin müharibə əleyhinə müxalifət qrupu Vesna geniş etirazlara çağırıb və Telegram-da Rusiya daxilində çoxlu həbslər olduğunu bildirib. Sankt-Peterburqdan çəkilmiş videoda polisin etirazçıları zorla avtobusa yığdığı görüntüləri yayılıb.

Vesna öz aksiyasını söz oyunu ilə "Moqilizasiyaya yox" adlandırıb. Çünki "moqila" rus dilində məzar deməkdir.

Rusiya, Vladimir Putin, Ukrayna, səfərbərlik

Şəklin mənbəyi, KREMLIN.RU

Putin "qismən səfərbərlik" elan edib

Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü ölkədə "ana vətəni, onun suverenliyini, ərazi bütövlüyünü və insanların təhlükəsizliyini" qorumaq üçün "qismən səfərbərlik" elan edib.

O bildirib ki, səfərbərlik "yalnız orduda xidmət keçmiş və hərbi ehtiyatda olan vətəndaşlara" aiddir.

Kreml rəhbəri açıqlamasında Qərbə hədə-qorxu gəlib:

"Ölkəmizin ərazi bütövlüyü təhdid edilirsə, Rusiyanı və insanlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil".

Rusiya lideri qeyd edib ki, "ana vətənin bütövlüyü, müstəqillik və azadlığı nəyin bahasına olursa olsun" təmin ediləcək.

"Bizi nüvə silahları ilə şantaj etmək istəyənlər bilməlidir ki, küləyin səmti onlara tərəf çevrilə bilər", - Putin deyib.

Sergey Şoyqu, Vladimir Putin, Rusiya, Ukrayna

Şəklin mənbəyi, EPA

300 min nəfər orduya çağrılır

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ehtiyatda olan 300 min hərbçinin orduya çağrılacağını bildirib.

Yerli mediaya verdiyi müsahibədə Rusiya müdafiə naziri səfərbərliyə qismən hərbi təcrübəsi olanların cəlb ediləcəyini vurğulayıb.

Şoyqu həmçinin, Ukraynadakı döyüşlərdə 6 minə yaxın əsgərin (5937) həlak olduğunu açıqlayıb:

"Biz artıq Ukraynadan çox kollektiv Qərblə müharibə aparırıq"- o əlavə edib.

Rusiya hökuməti martdan bəri ilk dəfədir ki, itkilərlə bağlı məlumat verir.

BBC-nin rus xidməti "Mediazona" nəşri (Rusiyada "xarici agent" kimi tanınır) və könüllülərdən ibarət komanda ilə birlikdə Ukraynadakı müharibədə həlak olan rus hərbçilərinin siyahısını araşdırır. Araşdırmanın ilkin nəticəsinə görə, hələ sentyabrın 16-na qədər 6476 əsgər və zabitin öldüyü təsdiq olunub.

Məlumatda bildirilir ki, onların tərtib etdiyi siyahıda rəsmilərin təsdiqləmədiyi itkilərin sayı haqda təsəvvürü qəbristanlıqlar yaradır:.

"Biz hər həftə Rusiyanın müxtəlif ərazilərində hökumətin açıqlamadığı rus hərbçilərinin dəfninə şahidlik edirik", - araşdırma sənədində qeyd olunub.

Putin, Rusiya

Şəklin mənbəyi, Reuters

Putin rusları ölkəni müdafiə etməyə çağırarkən, günahı Qərbin üzərinə atır

Steve Rosenberg-in şərhi

BBC Rusca redaktoru

Bugünədək Kreml iddia edirdi ki, Ukraynada başlatdığı "xüsusi hərbi əməliyyat" plana uyğun şəkildə gedir. Daha yox.

Ehtiyatda olan hərbçilər barədə "qismən səfərbərlik" elan etməklə Vladimir Putin etiraf etdi ki, döyüş bölgəsində Rusiyanın daha çox əsgərə ehtiyacı var.

Rusiya lideri Ukraynanı işğal etməklə bağlı 7 ay əvvəl verdiyi qərarında peşman görünmür.

Kreml rəhbəri Rusiyanın üzləşdiyi bütün çətinliklərə görə Qərbi günahlandırıb və onları "Rusiyanın parçalanmasını" arzulamaqda ittiham edib.

O bildirib ki, Rusiyanın "ərazi bütövlüyünə təhdid olacağı halda ölkəni qorumaq üçün bütün vasitələrdən" istifadə edəcək.

İşğal altında olan Ukrayna ərazilərinin Rusiyaya ilhaqı ilə bağlı heç bir ölkə tərəfindən tanınmayan referenduma hazırlıq ərəfəsində Putinin verdiyi açıqlama Ukrayna və Qərb üçün açıq mesajdır: Ələ keçirdiyimiz torpaqları geri almağa cəhd etməyin, ora biz iddia edəcəyik.

Rusiya prezidenti bu məsələyə aşağıdakı təhdidi ilə nöqtə qoydu:

"Bizi nüvə silahları ilə şantaj etmək istəyənlər bilməlidir ki, küləyin səmti onlara tərəf çevrilə bilər".