Rusiyanın Ukraynada müharibəsi ATƏT-in Minsk Qrupunun taleyini “sual altına” alıb?

ATƏT-in müşahidə missiyası

Şəklin mənbəyi, Alexander Reka\TASS via Getty Images

    • Müəllif, Elçin Süleymanov
    • Vəzifə, BBC News Azərbaycanca

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ üzrə ATƏT-in Minsk Qrupunun taleyi ilə bağlı dedikləri azı üç onillikdir ki, fəaliyyət göstərən bu qrupun taleyini "sual altına" alıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Moskvada keçirilən birgə mətbuat konfransında Rusiya xarici işlər naziri deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrlər "üçlüyünün" gələcək taleyi məlum deyil. Sergey Lavrovun sözlərinə görə, bu "anlaşılmazlığın" səbəbi ABŞ və Fransanın mövqeyidir.

Ararat Mirzoyan isə deyib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini məhz ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində görür.

Bu açıqlamalardan sonra Minsk qrupunun fransalı həmsədri Ermənistana gedərək xarici işlər naziri ilə görüşüb.

Bakıda isə Prezident İlham Əliyev Minsk qrupunu yenə tənqid edib. Bundan əvvəl də Azərbaycan İkinci Qarabağ müharibəsi bitəndən sonra Minsk qrupunu münaqişənin həllində "heç bir rol oynaya" bilmədiyinə görə dəfələrlə tənqid edib.

Lavrov nə deyib?

"Bizim ABŞ və Fransa, necə deyərlər, tərəfdaşlarımız rusofob məstliyi ilə Rusiya Federasiyasına aid olan nə varsa, ləğv etməyə çalışaraq bəyan ediblər ki, bizimlə bu formatda ünsiyyət saxlamayacaqlar. Bu onların ixtiyarıdır, əgər onlar Qarabağda və ümumiyyətlə Zaqafqaziyada tənzimləmə üzrə maraqlarını qurban verməyə hazırdırlarsa, bu - onların seçimidir", - Sergey Lavrov cümə günü Moskvada keçirilən mətbuat konfransında deyib.

Sergey Lavrovun sözlərinə görə, ABŞ və Fransa "tək bu münaqişəni deyil, dünyada bütün digər münaqişələri də, öz birtərəfli iradələrini diktə etmək üçün hamını bütün formatlarda [Rusiya ilə] əlaqələri kəsməyə məcbur edir".

Ukraynaya hərbi müdaxilədən sonra Rusiya ilə Qərb ölkələri arasında münasibətlər kəskin şəkildə pisləşib. Moskvaya ilə əlaqələr məhdudlaşdırılıb, Rusiyaya, eləcə də Kreml elitasının ailə üzvlərinə qarşı sərt sanksiyalar elan olunub.

Lavrovun sözlərinə görə, Moskva Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli formatda qəbul olunmuş "bütün razılaşmaların nizamlanmasına" sadiqdir.

Ermənistan xarici işlər naziri isə Qarabağ üzrə beynəlxalq vasitəçilərin gələcək fəaliyyəti ilə bağlı fərqli mövqe sərgiləyib.

"Mənə başqa məlumatlar gəlir: azərbaycanlı həmkarlarımızın artıq Dağlıq Qarabağ münaqişəsi, bundan əlavə - Dağlıq Qarabağ adlı region olmadığına görə, Minsk Qrupu həmsədrliyinin də yox olması haqqında bəyanatlarına baxmayaraq, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini ATƏT-in Minsk Qrupu həmsədrliyi çərçivəsində görməkdə davam edir və bu, olduqca ümidverici haldır", - Ararat Mirzoyan deyib.

Sergey Lavrov

Şəklin mənbəyi, POOL/AFP/ Getty Images

Şəklin alt yazısı, Sergey Lavrov ATƏT barədə bəyanatla cümə günü Moskvada keçirilən mətbuat konfransında danışıb

Ermənistan münaqişənin həllini Minsk qrupunun çərçivəsində görmək istədiyini təkidlə bəyan edir. Azərbaycan isə 44 gün davam edən İkinci Qarabağ müharibəsi vaxtı və ondan sonra da Minsk qrupunun fəaliyyətini tənqid edib.

Aprelin 12-də Prezident İlham Əliyev keçirdiyi müşavirədə bir daha Minsk qrupundan danışıb:

"Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır".

Müharibədən sonra bir çox təhlilçi Azərbaycanın daha çox ikitərəfli tənzimləməyə meylli olduğunu göstərib. Hərçənd ki, Bakı ATƏT-in Minsk qrupunun postmünaqişə dövründə pozitiv rolunu da qeyd edib.

Bunu Azərbaycan XİN rəhbərinin ötən il dekabr ayında verdiyi bəyanatından görmək olar: "ATƏT-in Minsk Qrupu postmünaqişə kontekstində Ermənistan və Azərbaycan arasında normallaşmaya yardım edə bilər", - Ceyhun Bayramov deyib.

Amma yanvar ayında Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin "Dağlıq Qarabağa" səfər edə bilməməsindən narahat olduğunu bildirib. Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya" agentliyinin onlayn brifinqində bildirib.

Aprelin 11-də Fransa Xarici işlər Nazirliyi öz saytında Minsk qrupunun gələcəyindən bəhs edib.

Minsk qrupunun həmsədri və Aİ Şurasının Prezidenti kimi "fərqli rollarında Fransa humanitar məsələlərdə irəliləyiş əldə etmək, sərhədin müəyyənləşdirilməsi, regionun açılması, mirasın qorunması, iki ölkə arasında sülh müqaviləsinin təmin edilməsi və Dağlıq Qarabağ probleminin həlli istiqamətində səyləri dəstəkləmək üçün Ermənistan və Azərbaycanla işləməyə davam edir".

Elə həmin gün Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun fransalı həmsədri Brice Roquefeuil Yerevanda keçirdikləri görüşdə "Dağlıq Qarabağ münaqişəsinin" nizamlanmasında ATƏT Minsk qrupunun həmsədrliyinin rolunu vurğulayıblar.

Avropa İttifaqının rolu artırmı?

Hərçənd ki, bəzi təhlilçilər postmünaqişə dövründəki tənzimləmədə fəallığın Avropa İttifaqına keçdiyini qeyd edirlər. Bu fikirdə olanlardan biri də "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur.

Onun sözlərinə görə, ötən ilki müharibədən sonra Azərbaycanın ATƏT-ə "ehtiyacı qalmayıb" və Ukraynadakı müharibədən sonra ATƏT çərçivəsində "böyük üçlüyün" əməkdaşlıq perspektivlərinə daha bir zərbə dəyib.

"Ortada sanksiyalar varsa, mümkün deyil ki, Rusiya, Amerika və Fransa Qarabağ məsələsində əməkdaşlıq etsin".

Təhlilçinin dediyinə görə, Azərbaycan üçün Aİ ilə əməkdaşlıq daha faydalıdır, çünki o, "Rusiyadan fərqli olaraq, Cənubi Qafqazı özünün arxa bağçası kimi görmür".

Rusiyanın tənqidçilərinə görə, Qərbin ünvanına sərt bəyanatlar verən, Azərbaycan və Ermənistanda hərbi qüvvə ilə təmsil olunmuş Rusiya ilk öncə öz vasitəçilik rolunu əlində saxlamaqda maraqlıdır.

İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel, Ermənistan, Nikol Paşinyan, Azərbaycan Brüssel, 6 aprel 2022-ci il

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı, Aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilib

"Buna görə Brüsseldə keçirilən görüşdən sonra Ermənistan xarici işlər naziri Moskvaya çağırılıb, Yerevanda müxalifət Paşinyana qarşı mitinq keçirib və Tovuzda müəmmalı şəkildə atəşkəs pozulub - Elxan Şahinoğlu deyir, - bunların hamısı təzyiq və prosesə maneə olmaq cəhdləridir, çünki Moskva istəmir ki, Avropa İttifaqının bölgədə rolu artsın".

Bu arada Azərbaycan məhz Avropa İttifaqı ilə təmasların vacibliyini vurğulayır. İlham Əliyev aprelin 12-də keçirilən müşavirədə deyib ki, müharibədən sonra Aİ ilə əlaqələr daha intensiv xarakter alıb.

"Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir. Əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə "Dağlıq Qarabağ" adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və "münaqişə" sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub".

Bakıda Avropa İttifaqının rolunun diqqət yetirilməsi Moskvanın sülh prosesində rolu azalmasıdırmı? Yerevanlı siyasi icmalçı Armen Bağdasaryana əsasən, Rusiyanın bölgədə rolunun zəifləməsi müşahidə olunsa belə, söhbət Ukrayna hadisələri ilə bağlı müvəqqəti zəifləmədən gedə bilər.

"Avropa İttifaqı, təbii ki, ilk növbədə öz maraqlarına əməl edərək, bundan faydalanmağa, regionda öz iştirakını genişləndirməyə çalışır", - Armen Bağdasaryan BBC News Azərbaycancaya bildirib.

Aprelin 6-da Aİ Şurasının Prezidenti Charles Michel-lin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri - İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə növbəti görüş baş tutub.

Tərəflər bu ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.

Görüşdən sonra, aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri telefonla danışıblar.

"Aİ Ermənistan və Azərbaycan arasında əlaqəni tam dəstəkləyir", - Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan rəsmiləri ilə telefon danışığı apardıqdan sonra Twitter-də yazıb. O, Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eləcə də Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və A🇿ərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə söhbət etdiyini bildirib.