Çörəyin qiyməti: Azərbaycan, Gürcüstan və Ermənistanda bahalaşmaya səbəb nədir?

Çörək bişirən qadın

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bakıda pandemiya vaxtı çörək bişirən qadın. May, 2020-ci il

Azərbaycanda çörəyin bahalaşması xəbərləri ən çox müzakirə olunan mövzulardan biridir. Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanda çörəyin qiymətində artım müşahidə olunur. BBC News Azərbaycanca bu ölkələrdə yaranan vəziyyətə nəzər salıb.

Üç Cənubi Qafqaz ölkəsində çörəyin qiymətindəki bahalaşma idxal buğdanın qiymətinin artması və subsidiyaların ləğvi ilə izah edilir.

Azərbaycan

Azərbaycanın iqtisadiyyat nazirinə əsasən, idxal edilən xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başlayıb.

Mikayıl Cabbarovun sözlərinə görə, məhsulun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal kimi faktorlarda da qiymət artımı nəzərə alınmalıdır.

Hökumət bildirir ki, bahalaşmanın təsirlərini minimuma endirmək üçün son dövlət büdcəsi əhalinin gəlirlərinin "artırıl­ması komponentini" nəzərə almaqla formalaşdırılıb.

"Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətləri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri indeksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcuddur," - Mikayıl Cabbarov deyir.

Onun sözlərinə görə, gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının "yeganə yolu" ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaqdır.

Un və bəzi çörək növlərində qiymət artımının qarşısını alan vasitələrdən biri indiyədək tətbiq edilən subsidiyalar olub. Azərbaycandan əvvəl bu iqtisadi alətin istifadəsindən qonşu Gürcüstanda imtina ediblər.

Gürcüstan

Gürcüstan hökumətinin proqramına görə, iyun ayının sonuna kimi birinci dərəcəli 50 kiloqramlıq buğda ununun kisəsinə 20 larilik (11 AZN) subsidiya tətbiq olunurdu.

Onun ləğvindən iki həftə sonra tələbatı yüksək olan yarım kiloqramlıq "sosial" adlanan çörəyin qiyməti təxminən 15 tetri (0,27 AZN) bahalaşaraq 1 lariyə (0,55 AZN) çatıb. Hazırda bu növdən olan çörək daha 10 faiz bahalaşıb.

Gürcüstanda milli geyimli yeniyetmələr

Şəklin mənbəyi, AFP/Getty Images

Şəklin alt yazısı, Tbilisidən 120 km aralıda yerləşən Siqnaxi şəhərində milli geyimli yeniyetmələr təndir ətrafına toplaşıb

Gürcüstanda buğda və buğda ununun 90 faizi xaricdən və əsasən, Rusiyadan idxal olunur. Oktyabr ayında ölkəyə rekord həddə çatan 30 min ton buğda idxal olunub ki, bu da istehlakın iki aylıq normasını təşkil edir, kənd təsərrüfatı naziri Levan Davitaşvili deyib.

Dekabr ayında çörək istehsalçıları birliyinin rəhbəri idxalın artması nəticəsində qiymətlərin sabitləşdiyini qeyd etmişdi: "Gürcüstanda çörək bahalaşmayacaq. Məsələ burasındadır ki, Gürcüstana külli miqdarda un gətirilib, bu qədər heç vaxt gətirilməyib. Və qiymət aşağı düşüb. Bir kisə un 72 lariyə başa gəlirdisə, indi 65 laridir (35.70 AZN-red.)," - çörək istehsalçıları birliyinin rəhbəri Malxaz Dolidze yerli mediaya bildirib.

Gürcüstanda qiymətləndirməyə, həmçinin koronovirus pandemiyasının bilavasitə təsiri də qeyd olunur.

Belə ki, infeksiyanın yayılması fonunda qablaşdırma materiallarına tələbat artıb. Gürcüstanda bunun yerli istehsalı olmadığı üçün çörək bağlamaları qonşu Türkiyədən idxal olunur.

Ermənistan

Ermənistanda da ötən il ərzində unun və çörəyin bahalaşması milli valyutanın devalvasiyası və müharibənin nəticələri kimi daxili amillərdən daha çox, xarici amillərlə izah olunur.

Ermənistan mediası burada əsas faktor kimi, Rusiyadan idxal olunan buğdanın bahalaşmasını və onun ölkəyə çatdırma xərclərindəki artımı qeyd edir.

NV.am saytına əsasən, sentyabr ayından çörəyin qiyməti 30-50 dram (0,11-0,18 AZN) bahalaşıb və yarım kiloqramlıq "məşhur" "Matnakaş" çörəyinin qiyməti 350 drama (1,25 AZN) çatıb. Ondan daha azçəkili olan çörək əvvəlki 110 dram əvəzinə 140-150 drama (0,55 AZN ) satılır.

Çörək satan qadın

Şəklin mənbəyi, LightRocket/Getty Images

Şəklin alt yazısı, Yerevan yaxınlığındakı Geqard monastırı qarşısında çörək satan qadın

Ermənistan mediasında Rusiyadan alınan buğdanın qiymətində artımın dinamikası göstərilir.

2020-ci ildə bir ton buğda 9 min rubla (123 USD) alınıbsa, 2021-ci ilin sentyabrında onun qiyməti təxminən 199-a, noyabrda isə 290 dollara çatıb. Bu barədə Sputnik.am saytına Ermənistanın ən böyük un dəyirmanlarından biri - "Manana Grain" müəssisəsinin rəhbəri danışıb.

Qurgen Nikoqosyan burada ölkəsinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün üstünlüklərini də qeyd edir. Onun sözlərinə görə, əks halda Ermənistan digər qonşu ölkələr kimi Rusiyanın təsdiqlədiyi taxıl kvotası üçün pul ödəməli olacaqdı.

Ermənistan mediası il ərzində ölkədə təxminən 390-420 min ton buğdanın istehlak olunduğunu bildirir ki, bunun da 320-350 min tonu əsasən Rusiyadan idxal hesabına qarşılanır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək həddinə çatıb. Ən böyük ixracatçılar olan Kanada, Çin və Rusiyada məhsul həcmlərinin aşağı olmasına görə buğdanın qiyməti 40 faizədək bahalaşıb.

Əlində sünbül tutan qadın

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Dünya bazarlarında buğdanın qiyməti 40 faizədək bahalaşıb

Ötən il Rusiyada taxıl istehsalı rekord səviyyəyə - 133 milyon tona çatmışdı. Bunun təxminən 86 milyon tonunu buğda təşkil edib. Lakin hazırda göstəricilər daha aşağıdır. Rusiya Kənd Təsərrüfatı Nazirliyi bu ilki məsulun 127 milyon ton civarında olacağını proqnozlaşdırır.

Rusiyada buğdaya ixrac rüsumu dekabrın 15-dən bir ton üçün 84,9 dollardan 91 dollara artırılıb.

BMT-nin məlumatına görə, ərzaq məhsullarının bahalaşmasına bir sıra amillər, o cümlədən təchizatın pozulması, yüksək əmtəə qiymətləri, bəzi istehsal müəssisələrinin bağlanması və siyasi gərginlik təsir göstərir.