Rusiyadan axan türkmən neftinin yarısı “Bakı-Tbilisi-Ceyhan”a qayıdır

Bakı-Tbilisi-Ceyhan

Şəklin mənbəyi, BP

Bu günün xəbərləri: Azərbaycan Dövlət Neft Şirkəti Vitol şirkəti ildə təxminən 1 milyon ton Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqli barədə razılığa gəlib. Bu gündən Azərbaycanda"Aİ-95 premium" və "Aİ-98 super" markalı benzinin qiyməti bahalaşıb. Recep Tayyip Erdoğan Azərbaycanın müdafiə naziri və Baş Qərargah rəisi ilə mətbuata qapalı görüş keçirib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İsveçrə-Hollandiya şirkəti olan Vitol şirkəti ildə təxminən 1 milyon ton Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqli barədə razılığa gəlib.

Türkmənistanın Dövlət Xəbər Agentliyi yazır ki, indiyədək türkmən nefti tankerlərlə Rusiyanın çay və dəniz limanlarından Novosibirskə, ordan isə neft kəməri ilə nəql olunurdu.

SOCAR daha əvvəl Rusiya və Türkmənistandan bir çox şirkəti cəlb etməklə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükünü artırmaq istədiyini bildirmişdi.

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban BBC News Azərbaycancaya deyib ki, Azərbaycanla Türkmənistanın Bakı-Tbilisi-Ceyhan kəməri üzərindən türkmən neftinin nəqli 2010-cu ildən başlayıb və bu əməkdaşlıq "heç zaman dayanmayıb".

O düşünür ki, iki ölkənin Bakı-Tbilisi-Ceyhan üzrə tranzit nəqlinə dair əməkdaşlığı neft hasil ədən Xəzəryanı ölkələr arasında "nümunə" ola bilər.

"Ən yüksək həcmlər 2016-cı ildən sonrakı dövrə təsadüf edir - 4 milyon tonadək yüksəlib. Bu, Türkmənistan üçün də çox əlverişlidir, çünki onun şelfində Xəzərin türkmən sektorunda neft hasil edən Dragon oil və digər şirkətlər hasil etdikləri neftin bir hissəsini dünya bazarına məhz Azərbaycan vasitəsilə çıxarırlar. Bu, istər logistik, istər bazarlara çıxış baxımından ən optimal yoldur".

İlham Şaban söyləyir ki, üç il əvvəl Azərbaycanda bir qədər "arxayınlıq" yaranıb və həmin vaxt Rusiyanın "Transnet" şirkəti Türkmənistana "daha yaxşı şərtlərlə" neftin bir hissəsini Rusiya vasitəsi ilə aparmağı təklif edib.

"Təbii ki, heç bir şey öz yerində dayanmır. SOCAR-ın Türkmən neftinin Rusiya üzərindən satışını həyata keçirən Vitol şirkəti ilə anlaşması göstərir ki, Azərbaycan tərəfi bazarda daha yaxşı şərtlər irəli sürməyi bacarır və bununla da həcmlərin demək olar ki, yarısını özünə cəlb edib. Deməli, BTC ilə daha çox nəql imkanları olacaq və burada həm Azərbaycan tərəfinin, həm BTC-nin səhmdarlarının qazanmaq imkanları artacaq".

Cənab Şaban hesab edir ki, Rusiya şirkətləri ilə rəqabət qarşılıqlı münasibətə "mənfi təsir göstərməyəcək".

"Azərbaycanın digər enerji hasil edən ölkələrdən üstün cəhəti odur ki, ölkənin 7 neft-qaz ixrac boru kəməri var və biz bunların imkanlarından məhz əməkdaşlıq çərçivəsində çox məharətlə istifadə edirik. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz çalışırıq ki, bu kəmərlər bizi birləşdirsin, bizi ayıran, qarşı-qarşıya qoyan layihələr olmasın".

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir.

benzin

Şəklin mənbəyi, Azərtac

Azərbaycanda benzinin qiyməti 30 qəpiyədək bahalaşıb

Azərbaycanda"Aİ-95 premium" və "Aİ-98 super" markalı benzinin qiyməti bahalaşıb.

Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi "SOCAR Petroleum" bildirib ki, bu gündən "Aİ-95 Premium" markalı benzinin 1 litrinin qiyməti 15 qəpik artaraq 1,60 AZN, "Aİ-98 Super" markalı benzində isə 30 qəpik bahalaşaraq 1,90 AZN təşkil edib.

"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli BBC News Azərbaycancaya açıqlamasında qiymət artımının səbəblərini izah edib:

"Bu yanacaq növləri ölkəmizə xarici ölkələrdən idxal olunur. Bu dəfəki sifarişimiz Rumıniyadan idxal olundu. Qiymət artımı mənbə ölkədəki yanacaq növlərinin qiymətinin artırılması ilə əlaqəlidir".

O deyib ki, qiymət artımını əvvəlcədən proqnozlaşdırmaq "mümkün deyil" və qiymət ancaq "sifariş zamanı bilinir".

Cənab Həbibbəyli yerli istehsal olan "Aİ-92" markalı benzinin qiymətinin artmayacağını bildirib.

Bu ilin avqust ayında "Aİ-98" markalı benzinin qiyməti, iyul ayında isə "Aİ-95" markalı benzininin qiyməti hər biri 5 qəpik bahalanmışdı.

Daha öncə isə yanvar ayında Tarif Şurasının qərarı ilə "92 markalı" benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.

Erdoğan bu ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovu və Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev qəbul edib.

Şəklin mənbəyi, Türkiyə Prezident Administrasiyası

Azərbaycan Müdafiə Nazirliyi rəhbərliyi Prezident Erdoğanla görüşüb

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bu ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovu və Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyevi qəbul edib.

Türkiyənin Prezident Administrasiyası bildirir ki, çərşənbə axşamı günü keçirilən görüşdə Türkiyənin müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Güler də iştirak edib.

Görüşün mətbuata qapalı keçirildiyi bildirilir.

Azərbaycanın müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov da Hulusi Akarın dəvəti ilə Türkiyədə səfərdədir.