Ermənistan rəsmiləri Dağlıq Qarabağın statusundan və Zəngəzur dəhlizindən danışıb

Ararat Mirzoyan

Şəklin mənbəyi, Gov.am

Ermənistanın yeni XİN rəhbəri Ararat Mirzoyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla Qarabağ ətrafındakı məsələləri müzakirə edib. Ermənistan Zəngəzur dəhlizinin açılmasının şərtlərini açıqlayıb, ABŞ hərbisi Əfqanıstanı tərk edib, - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Bu mərhələdə Ermənistanla Azərbaycan arasında sülh razılaşması üzrə hər hansı danışıqlar aparılmır, Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, çərşənbə axşamı günü Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib ki, bu danışıqlardan öncə "mütləq Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir".

"Ermənistanla Azərbaycan arasında ehtimal olunan sülh müqaviləsinə gəlincə, Azərbaycan hökumətinin yerinə olsaydım, 9 noyabr 2020 və 11 yanvar 2021 -ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində artıq əldə edilmiş razılaşmaların icrasına diqqətimi cəmləşdirərdim. Bu mərhələdə sülh müqaviləsi ilə bağlı heç bir danışıqlar aparılmır. Əgər belə danışıqlar başlasa, mütləq Dağlıq Qarabağın statusu məsələsi olmalıdır [daxil edilməlidir]", - TASS Ararat Mirzoyana istinadən yazır.

Ermənistan XİN rəhbəri Azərbaycanı 10 noyabr bəyanatının tələblərinə əməl etməməkdə ittiham edib.

Azərbaycanın bu ittihamlara reaksiyası hələlik məlum olmasa da, daha öncəki çıxışlarında Azərbaycan hakimiyyəti "üçtərəfli razılaşmaya sadiq qaldığını" bildirib.

O söyləyib ki, Ermənistan regionda sabitliyin qorunması istiqamətində "aktiv dialoqa hazırdır", lakin Azərbaycanın "destruktiv siyasətinə görə gərgin vəziyyət qalmaqdadır".

Ararat Mirzoyanın sözlərinə görə, Azərbaycan "Ermənistanın suveren ərazisinə birbaşa müdaxilə olan aktiv təxribatçı addımlar atır".

Rusiya xarici işlər naziri Sergey Lavrov hər iki tərəfin bir-birinə qarşı ritorikanı "yumşaltmalı" olduğunu söyləyib.

"Əlbəttə ki, hər iki tərəfdəki ritorikanı ciddi, əhəmiyyətli dərəcədə yumşaltmaq lazımdır. Bu, yekun, tamhüquqlu həll üçün şərait yaradacaq, buna şübhəm yoxdur", - o deyib.

Rusiya rəsmisi bildirib ki, hər şeydən əvvəl "etibarlı təhlükəsizliyin təmin edilməsi və etibarın bərpasına" başlanılmalıdır.

Onun sözlərinə görə, bu işdə üç ölkənin Baş nazirləri səviyyəsində formalaşdırılan işçi qrupun rolu böyük olacaq.

Sergey Lavrov Ararat Mirzoyanla Azərbayandakı "erməni əsirlərin azad edilməsi məsələsinin son həlli, minalanmış ərazilərin xəritələrinin verilməsi və ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək fəaliyyəti" barədə müzakirələr apardıqlarını deyib.

Cənab Lavrov deyib ki, Rusiya Azərbaycanı "erməni hərbi əsirləri qeyd-şərtsiz azad etməyə" çağırır.

"Biz bu siqnalı [hamının hamıya mübadiləsi üzrə] azərbaycanlı həmkarlarımıza göndəririk, onları hər kəsi heç bir şərt olmadan azad etməyə çağırırıq", - Rusiya XİN rəhbəri söyləyib.

O söyləyib ki, Azərbaycan tərəfinin bu hərəkəti "hazırda çatışmayan etimadın simvolik addımı" olardı.

Ermənistan TŞ-nin katibi Armen Qriqoryan

Şəklin mənbəyi, Armen Qriqoryan/Twitter

Ermənistan rəsmisi Zəngəzur dəhlizindən danışıb

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, respublikanın suveren ərazisində "başqa suveren ölkənin dəhlizi ola bilməz".

O, bazar günü Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibəsində bildirib ki, dəhlizdən danışmaq "məntiqsizdir".

Bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində deyib ki, onlar Zəngəzur dəhlizini "icra edəcəklər". "Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik,"- İlham Əliyev vurğulamışdı.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana görə, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan 10 noyabr bəyanatı regionda müəyyən sabitləşməyə əsas olsa da, problemləri "tam həll edə bilməyib".

O qeyd edib ki, nə 10 noyabr, nə də 11 yanvar bəyanatında dəhlizdən bəhs edilib, buna görə də "bu müzakirələr yersizdir".

Ermənistanın Təhlükəsizlik Şurasının katibi bildirib ki, blokadanın açılmasının "o halda mənası olar ki, bütün yollar açılsın və regionun blokadadan çıxmasına imkan yaradılsın".

"Yeri gəlmişkən, biz də Rusiya ilə ünsiyyət üçün Azərbaycan ərazisindən istifadə edəcəyik və burada dəhlizdən danışmaq məntiqsizdir. Əgər Azərbaycan dəhliz məntiqindən danışırsa, dəhliz məsələsinin belə bir müzakirəsi olarsa, bizim də dəhlizimizin olacağı aydındır,"- o, müsahibəsində deyib.

ABŞ təyyarəsi

Şəklin mənbəyi, EPA

ABŞ hərbisi Əfqanıstanı tərk etdi

20 ildən sonra ABŞ hərbi qüvvələri Əfqanıstanı tərk edib.

Ölkənin idarəetməsini öz əlinə alan Taliban liderlərinin bir neçəsi Kabil hava limanına gəlib.

AFP xəbər agentliyi Taliban-ın sözçüsü Zabihullah Mujahidin sitatını yayıb: "Təbriklər, Əfqanıstan, bu qələbə hamımızındır".

O deyib ki, ABŞ və dünya ölkələri ilə "yaxşı əlaqələlər" istəyirlər: "Hamısı ilə yaxşı diplomatik münasibətləri alqışlayırıq".

Taliban

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Taliban qüvvələri Kabildə ABŞ hərbçilərinin gedişini atəşfəşanlıqla qeyd ediblər

Məlumatlara görə, avqustun 31-i erkən saatlarda Taliban qüvvələri Kabildə ABŞ hərbçilərinin gedişini atəşfəşanlıqla qeyd ediblər.

ABŞ hərbi missiyası Kabildə hərbi aviasiya və hərbi nəqliyyat vasitələrini aparmayıb, amma onu yararsız edib. Bunu missiyanın komandiri general Kenneth McKenzie deyib. Onun sözlərinə görə, gecə uçmazdan əvvəl 73 aviasiya vasitəsi, 70 zirehli taktiki maşını və 27 Humvees'i "silahsızlaşdırılıb" və Taliban bundan istifadə edə bilməyəcək.

"Təyyarələr heç vaxt uça bilməyəcək. Onlar heç kim tərəfindən idarə edilə bilməyəcək".

ABŞ missiyası, həmçinin, yüksək texniki raket müdafiə sistemini də yararsızlaşdırıb.