Bu günün xəbərləri: Azərbaycanda Covid-19-un "Delta" variantı aşkarlanıb, Rusiya Baş nazirinin müavini Bakıdadır, Azərbaycan ordusunun hərbçisi "özünü güllələyib"

Şəklin mənbəyi, Getty Images
Azərbaycanda Covid-19-un "Delta" variantı aşkarlanıb, Rusiya Baş nazirinin müavini Bakıdadır, Baş leytenant Orxan Əhmədov intihar edib, MN açıqlayıb, Gürcüstanda hökumətin istefasını tələb edən jurnalistlər parlament binasına daxil olublar - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycanda hakimiyyət koronanvirusa yoluxan xəstələrdə "Delta" və "Alpha" kimi yeni ştamlarının aşkar edildiyini açıqlayıb.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə bəyanatlarında bildiriblər ki, ''son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən'' bu variantlar aşkar olunub.
İyulun 13-də yayılan məlumatda qeyd olunub ki, ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində Covid-19 virusunun genetik variantlarına dair "mütəmadi analizlər aparılır".
Səhiyə qurumları xatırladıblar ki, "virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır."
Eyni zamanda vurğulanıb ki, vaksinasiya ilə yanaşı, "fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, normal həyata qayıtmağın yeganə yoludur."
Rusiya Baş nazirinin müavini Bakıdadır

Şəklin mənbəyi, President.az
Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəsmi səfərə gələn Rusiya Baş nazirinin müavini Aleksey Overçuku bu gün qəbul edib.
Aleksey Overçuk Rusiya Prezidenti Vladimir Putinin salamlarını İlham Əliyevə çatdırıb, Prezident Əliyev də salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.
"Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər" müzakirə edilib, toxunulan mövzularla bağlı məlumatda qeyd olunub.
"Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunulub, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulanıb."
Eləcə də "Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər" müzakirə olunub, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin "çox fəal getdiyi" bildirilib.
"Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi" aparılıb, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Qarabağla bağlı Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin də qatıldığı üçtərəfli işçi qrupunda Rusiyanı təmsil edir.
İndiyə kimi verilmiş rəsmi məlumatlarda işçi qrupun hazırda Azərbaycanla Naxçıvanı quru yolla birləşdirəcək Zəngəzur dəhlizi üzərində kommunikasiyaların bərpası yönümündə işlədiyi açıqlanıb.

Şəklin mənbəyi, Getty Images/BULENT KILIC
Azərbaycan ordusunun hərbçisi "özünü güllələyib"
Müdafiə Nazirliyinin iddiasına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Orxan Əhmədov bazar ertəsi intihar edib.
Qurum hərbçinin ona təhkim olunmuş PM markalı tabel silahdan istifadə etdiyini bildirir və əlavə edir ki, hadisə qeyri-döyüş şəraitində baş verib.
Müdafiə Nazirliyinin ilkin ehtimalına görə, hadisənin "hərbi xidmətlə əlaqəsi yoxdur".
Hadisə ilə bağlı Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanılıb.
Gürcüstan parlamentində dava
Bazar ertəsi günü Gürcüstanda hökumətin istefasını tələb edən jurnalistlər mühafizə dəstəsini yararaq parlament binasına daxil olublar.
Jurnalistlərə media nümayəndələrinin dinləmə yerinə buraxılmasını tələb edən müxalif millət vəkilləri kömək edib. Nəticədə parlamentdə düşən dava Gürcüsan televiziya kanalları vasitəsilə canlı efirdə yayımlanıb.
Gürcüstanın Baş naziri İrakliy Qaribaşvili istefa verməyə hazırlaşmadığını bildirib. Bu, ötən etiraz aksiyasının tələbi idi. Həmin aksiyanın iştirakçıları LGBT cəmiyyətini dəstəkləyən marşla bağlı aksiyada jurnalistlərin döyülməsinə etiraz edirdilər.
Sözügedən aksiyada döyülən "Pirveli" kanalının operatoru Aleksandr Laşkarava aldığı xəsarətlərdən ölüb. Ondan başqa, aksiyada 50-dək jurnalist xəsarət almışdı.

Parlament dinləmələri zamanı jurnalistlərin binaya daxil olmağına kömək etməyə çalışan müxalif deputatlar tribunaya Gürcüstan və Avropa İttifaqının bayraqlarını yerləşdirərək hökumətin istefasını tələb ediblər.
İcra məmurları deputatları tribunadan uzaqlaşdırdıqda müxalifət millət vəkillərinin bir hissəsi etiraz əlaməti olaraq parlamentin fəaliyyətini boykot edəcəklərini bildiriblər.
Bazar günü axşam müxalifət tərəfdarları və jurnalistlər parlament binasının qarşısında hökumətin istefası tələbiylə etiraz aksiyası keçiriblər. Aksiyada 12 nəfər saxlanılıb.

Şəklin mənbəyi, Reuters









