Azərbaycanda istilər: Bakıda temperatur 39 dərəcəyə qədər yüksələcək

Bakıda temperatur 39 dərəcəyə qədər yüksələcək, iyulun 1-dən toy, nişan, ad günləri keçirilməsinə icazə verilir, İranın yeni Prezidenti İbrahim Rəisi Vyanadakı danışıqların uzadılmasına icazə verməyəcəyinə söz verib,- bu və digər hadisələr BBC News Azərbaycancanın icmalında.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyunun 23-də havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Rayonlarda isə hava əsasən yağmursuz keçəcək, amma orada da isti hava olacaq.

Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

İyunun 21-də Milli Hidrometeorologiya Xidməti əhalini anomal isti havaya görə xəbərdarlıq etmişdi.

Qurum bildirmişdi ki, bu həftə ərzində Bakıda və Abşeron yarımadasında havanın tempraturu 42 dərəcəyə, aran rayonlarında isə 44 dərəcəyə qədər yüksələ bilər.

Toy, nişan, ad günləri keçirilməsinə icazə verilir

İyulun 1-dən toy, nişan, ad günləri keçirilməsinə icazə verilir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Lakin bəzi şərtlər var:

Əgər mərasimdə 50 nəfərdən 150 nəfərə qədər şəxs iştirak edəcəksə, yaşı 18-dən yuxarı olanların COVİD 19 pasportu olmalıdır.

Eyni zamanda, şənlik mərasimlərində iştirak edən qonaqlar üçün maskalardan məcburi istifadə tələbi ləğv edilir.

Musiqiçilər istisna olmaqla, mərasimdə xidmət göstərən heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir, Azərtac yazır.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi obyekt daxilindəki tədbir zalları, onların tutumu və çalışan işçi heyət barədə məlumatı icaze.e-gov.az portalına daxil edilməldir.

Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.

Keçiriləcək tədbirin tarixinə azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı portala daxil edilməlidir.

Portalda qeydiyyata salınmayan və məlumatları daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı mərasimi keçirən və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır.

Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və mərasimi keçirən birgə cavabdehlik daşıyacaqlar.

Əgər mərasimdə 50 nəfərə qədər şəxs iştirak edəcəksə, onlardan COVID-19 pasportunun təqdim edilməsi tələb olunmur, lakin maska tələbi qüvvədədir.

150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir.

"Zəngəzurda Azərbaycanla sərhədin "problemli sahələrində" Rusiya postları artıq vardır"

Ermənistanın Sünik vilayətində (Zəngəzur) Azərbaycanla sərhədin "problemli sahələrində" Rusiya hərbçilərinin postları artıq vardır. Bu istiqamətdə gələcək addımlara gəldikdə isə, gözləmək lazımdır, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Yerevanda jurnalistlərə deyib.

Daha əvvəl Ermənistanın Geğarkunik vilayətinin qubernatoru Qnel Sanosyan "24news.am" TV kanalına deyib ki, yaxın günlərdə Azərbaycan-Ermənistan sərhədində Rusiya qüvvələri yerləşdiriləcək, erməni və azərbaycanlı qüvvələri isə, onun sözlərinə görə, sərhəd xəttindən geri çəkiləcəklər.

O, vəziyyətin hazırda dəyişməz qaldığını, lakin "üçtərəfli danışıqlar aparılır", deyib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan iyunun 22-də jurnalistlərlə söhbəti zamanı Rusiya sülhməramlıların Geğarkunik vilayətində yerləşdirilməsi ilə bağlı danışıqlar aparıldığını təsdiq edib, lakin prosesin nə vaxt başa çatacağı və son qərar qəbul olunacağı məlum deyil.

"Bu gün bizim əsas vəzifəmiz bizim ərazimizə müdaxilə etmiş Azərbaycan qoşununun toqquşmasız çıxarmaqdır", - Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan ərazisində olan Azərbaycan hərbçilərinin sayı da dəyişməyib.

Hərbi Dəniz Qüvvələrinin təlimləri başlayıb

Azərbaycanda bu gün Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb.

Təlimlər müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilir.

"… təlimlərin məqsədi Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və HDQ birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılmasıdır,"- Müdafiə Nazirliyi bildirir.

Qurumun məlumatına görə, təlimlər iki mərhələdə keçiriləcək və bu zaman döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları da təkmilləşdiriləcək.

"Təlimlərin birinci mərhələsində gəmi və katerlər döyüşə və səfərə hazırlanacaq, şərti düşmənin suüstü hücum vasitələrini və üzən minalarını məhv edəcək, eləcə də təyin olunmuş rayonda lövbərə duraraq universal müdafiəni təşkil edəcəklər," - nazirlik bildirir.

İkinci mərhələdə isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstəriməsi nəzərdə tutulub.

Təlimlər iyunun 23-dək davam edəcək.

İbrahim Rəisi nüvə razılaşması danışıqlarının "uzadılmamasını" istəyir

İranın yeni seçilmiş Prezidenti dünya gücləri ilə 2015-ci ildə imzalanan nüvə anlaşmasını canlandırmaq üçün aparılan danışıqlardan danışıb və deyib ki, bu danışıqlar zamanı tərəflər "milli maraqlara zəmanət verməlidirlər".

Seçkidən qələbəsindən sonra mətbuata ilk açıqlamasında İbrahim Rəisi Vyanadakı danışıqların uzadılmasına icazə verməyəcəyinə söz verib.

O, eyni zamanda İranın ballistik raket proqramının "müzakirə edilməz" olduğunu bildirib.

Nüvə razılaşması ABŞ ondan imtina etdikdən və üç il əvvəl İrana qarşı sanksiyaları bərpa etdikdən sonra dağılmağa yaxın idi.

Qatı şiə müsəlmanı olan cənab Rəisi İran məhkəmə sisteminin başçısı idi və o, Ali Dini Lider Ayətullah Əli Xameneiyə yaxındır.

İbrahim Rəisi seçkidə səslərin 62 faizi ilə İran Prezident seçkilərinin qalibi elan olunub.

Cənab Raisi xarici siyasətə yanaşmasının sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşmış keçmiş Prezident Həsən Ruhaninin nüvə anlaşması ilə məhdudlaşmayacağını deyib.

"Biz danışıqlar xatirinə danışıqların aparılmasına icazə verməyəcəyik. Müzakirələr uzadılmamalı, hər bir müzakirə nəticə verməlidir. Nəticə yönümlü [danışıqlar] bizim üçün vacibdir və bu, İran milləti üçün nəticə verməlidir, "- cənab Rəisi Vyana danışıqları barədə deyib.

Cənab Rəisi ABŞ-ı dərhal razılaşıb geri dönməyə və "İran iqtisadiyyatını şikəst edən" bütün sanksiyaları ləğv etməyə çağırıb.

O, ABŞ Prezidenti Joe Biden ilə görüşüb-görüşməyəcəyi barədə suala "Yox" deyə cavab verib.

İran özünün nüvə proqramı ilə bağlı ABŞ sanksiyaları ilə üzləşəndən bəri ağır iqtisadi vəziyyət içindədir və bu, iranlılar arasında narazılıqları genişləndirib.