You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İri ticarət mərkəzləri, ibadət yerləri, çimərliklər, idman obyektləri açılıb
Cümə axşamı günüdən Azərbaycan ərazisində əhali ibadət yerləri, idman obyektləri, çimərliklər, iri ticarət mərkəzlərinə gedə biləcək, Xalq Artisti Ramiz Əzizbəyli bu gün dəfn olunur - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
İbadət yerlərində maska və sosial məsafə qaydalarına əməl edilməsi istəniləcək, çimərliklər ötən ilki qayda ilə - yəni əvvəldən icazə almaqla fəaliyyət göstərəcək.
Yeni qaydaları mayın 26-da Nazirlər Kabineti Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov açıqlayıb.
Azərbaycanda iri ticarət mərkəzləri və "moll"arın fəaliyyəti 2020-ci ilin martın 23-dən dayandırılımışdı.
İbadət yerləri
Məlumata əsasən, dini ayinlərin icrasında yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin iştirakına icazə verilir.
Məscid və ya digər ibadət yerlərinə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslərin, habelə yaşı 14-dən yuxarı olmayan uşaqların gəlməsinə yol verilmir.
İbadət etmək istəyən şəxslər məscidə namaz və ya müvafiq ibadət icra olunan zaman gəlməli və onlar başa çatan kimi ərazini tərk etməlidirlər.
İctimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə, maska taxmaq, məsafə gözləmək kimi digər qaydalara da riayət olunmalıdır.
Dini ibadətlər eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə təşkil edilməlidir.
İdman və istirahət yerləri
Həmçinin bu gündən idman zalları və sağlamlıq-bərpa mərkəzlərinə də getmək mümkün olacaq, amma bunun üçün əhalidən Covid pasportu istəniləcək.
Çimərliklər və onların ərazisində yerləşən hovuzlar, su attraksionları və idman oyunu yerlərinə də fəaliyyətə başlayır.
İdman və sağlamlıq-bərpa obyektlərinə maskasız getmək mümkün olsa da, Covid pasportu tələb olunacaq.
İdman zallarına və sağlamlıq-bərpa mərkəzlərinə nəzarəti Daxili İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi həyata keçirəcək.
Çimərliklər
Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərində dəniz suyunun keyfiyyəti "norma daxilindədir".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlayıb.
Nazirlik bildirib ki, bu, dəniz suyunda aparılan analizlərin nəticələrinə görə müəyyən edilib.
Analizi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları aparıb.
Nazirlik ötən həftə girişinə qadağa qoyulmuş çimərliklərin də adını açıqlamışdı - Sahil, Şıx, Hövsan və Türkan.
Xalq Artisti Ramiz Əzizbəyli bu gün dəfn olunur
Azərbaycanın Xalq artisti, kinorejissor, aktyor Ramiz Əzizbəyli ötən gün 73 yaşında vəfat etdib və bu gün dəfn olunur.
Mədəniyyət Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Ramiz Əzizbəyli "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Ramiz Əzizbəyli bir müddət öncə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, daha sonra infarkt keçirib.
O, Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.
Ramiz Əzizbəyli 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib və film böyük rəğbət qazanıb.Azərtacın məlumatına görə, "Bəxt üzüyü" kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tarixdə çəkilən ilk ən gəlirli kino işi olub.
Ramiz Əzizbəyli 2000-ci ildə Azərbaycanın "Əməkdar artisti", 2008-ci ildə isə Azərbaycanın "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.