Ankara Tacikistanla Qırğızıstan arasında "atəşkəsdən məmnundur", Sputnik V Azərbaycana çatdırılıb

Qırğızıstanla Tacikistan arasında sərhəd zonası

Şəklin mənbəyi, Getty Images

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Qırğızıstan və Tacikistan Xarici işlər nazirləri ilə telefonda danışıb, Rusiyanın Sputnik V peyvəndi Azərbaycana çatdırılıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Ankara Tacikistanla Qırğızıstan arasında "atəşkəsdən məmnundur"

Türkiyə xarici işlər Naziri Mevlüt Çavuşoğlu Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbaev və Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə telefonda danışıb.

Bu barədə Çavuşoğlu özünün rəsmi Twitter səhifəsində paylaşım edib.

"- İki qardaş ölkə arasında problemin sülh yolu ilə həll olunmasını istəyirik.

- Ehtiyac olarsa kömək göstərməyə hazırıq.

- Atəşkəs haqqında razılaşmadan məmnunuq," - Çavuşoğlu öz Twitter hesabında yazıb.

twitter.com/MevlutCavusoglu

Şəklin mənbəyi, twitter.com/MevlutCavusoglu

Şənbə günü informasiya agentlikləri Qırğızıstan ilə Tacikistan arasında atəşkəs rejiminə əməl olunduğunu xəbər veriblər.

Qırğızıstan-Tacikistan sərhədində Qırğızıstan tərəfdən yaralananların sayı 178 nəfərə çatıb, ölənlərin sayı 34-dür.

Tacikistandan isə 15 nəfər ölüb, 110 nəfər yaralanıb.

Qırğızıstan hökuməti Tacikistanla sərhəddəki qarşıdurmada ölənlərin xatirəsini yad etmək üçün iki günlük matəm elan edib.

İki ölkə arasında münaqişəyə səbəb sərhəd xətti ilə bağlı məsələlərin həll olunmamış qalmasıdır. Qırğızıstan və Tacikistan arasındakı dövlət sərhəd xəttinin ümumi uzunluğu 980 kilometrdir ki, bunun da təxminən yarısı demarkasiya olunmamış qalır.

Sputnik V peyvəndinin ilk partiyası Azərbaycana çatdırılıb

Sputnik V

Şəklin mənbəyi, AZERTAG

Mayın 2-də Rusiyadan Azərbaycana Sputnik V vaksinlərin birinci partiyası gətirilib.

İlkin olaraq 40 min doza Sputnik V peyvəndi yüklənmiş Sky Gates Airlines Rusiya yükdaşıyan şirkətinə məxsus Boeing 747 təyyarəsi bazar günü Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Sputnik V peyvəndini gətirən təyyarəni hava limanında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qarşılayıblar.

Xələf Xələfov, Mixail Boçarnikov, Viktor Qasımov

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, səhiyyə nazirinin müavini Viktor Qasımov
Sputnik V

Şəklin mənbəyi, AZERTAG

Azərbaycanda indiyədək 1 milyon 516 min 923 vaksin vurulub

Vaksin

Şəklin mənbəyi, Anadolu Agency

Mayın 2-də Azərbaycanda daha 11 min 717 nəfər yeni koronavirus COVID-19 infeksiyasına qarşı vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bildirdiyinə görə, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 685, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı isə 8 min 32 nəfər olub.

Hazırkı dövrədək ölkə üzrə vurulan vaksinlərin sayı 1 milyon 516 min 923 təşkil edib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 975 min 208, ikinci mərhələ üzrə peyvənd vurduranların sayı isə 541 min 715 nəfərdir.

18-mərtəbəli yaşayış binasında yanğın söndürülüb - xəsarət alan yoxdur

Binada yanğın

Şəklin mənbəyi, fhn.gov.az

Bazar günü səhər saatlarında Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib.

18-mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində baş vermiş yanğın barədə xəbər FHN-in "112" qaynar telefon xəttinə olunmuş zəng vasitəsilə edilib.

"Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub," - FHN-in məlumatında qeyd olunub.

Yanğın xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə həyata keçirilib.

Yanğınsöndürmə əməliyyatında xüsusi təyinatlı texnika - avtonərdivandan istifadə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb, məlumatda deyilib.