Tacikistan-Qırğızıstan qarşıdurmasından sonra matəm elan olunub

Tacikistan-Qırğızıstan qarşıdurmasından sonra yas tutulur, Azərbaycan AstraZeneca-nın tətbiqinə başlayır, Lavrov Yerevan və Bakıya səfər edəcək, Azərbaycanda 12 il əvvəl Neft Akademiyasının ikinci korpusunda 12 nəfərin ölümü ilə nəticələnən hadisə yad edilir, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Tacikistan-Qırğızıstan qarşıdurmasından sonra yas tutulur
Qırğızıstan hökuməti Tacikistanla sərhəddəki qarşıdurmada ölənlərin xatirəsini yad etmək üçün iki günlük matəm elan edib.
Şənbə günü informasiya agentlikləri zorakılığa son qoyan atəşkəs rejiminə əməl olunduğunu xəbər verirlər. Bununla yanaşı, sərhəd bölgəsində əlavə hərbi qüvvələrin cəmləşdiyi qeyd olunur.
Bişkek Tacikistanla Qırğızıstan sərhədində başlayan silahlı insident nəticəsində 31 nəfərin həlak olduğu bildirilib. Qırğızıstan daha 150-dən çox insanın xəsarət aldığını deyir.
Tacikistan tərəfindən ölüm və xəsarət halları barədə məlumatlar dəqiqləşdirilməyib.
Ötən gün Qırğızıstan Fövqəladə Hallar Nazirliyi qarşıdurmanın baş verdiyi Batken vilayətində 20-dən çox ev, məktəb və səkkiz mağazaya od vurulduğu barədə məlumat yayıb. Buradan 20 min sakinin təxliyə olunduğu deyilir.
Qırğızıstan ərazisindəki Tacikistana aid Vorux anklavında SSRİ dövründə inşa edilmiş və indi qonşu ölkələri su ilə təchiz edən suvarma anbarı yerləşir. Hazırda Tacikistanda hesab edirlər ki, Qırğızıstan buradakı suyun bölüşdürülməsində ədalətsizliyə yol verir. Qırğızıstan tərəfi də eyni ittihamları dilə gətirir.
Məlumata əsasən, çərşənbə günü yerli sakinlər arasında supaylama məntəqəsinə nəzarətlə bağlı mübahisədən sonra, tərəflər bir-birini daşa tutub, bir qədər sonra münaqişəyə hərbçilər cəlb olunub.
Bu bölgədə yaz və yay aylarında suya tələbat kəskin şəkildə artır və bu, qonşular arasında vaxtaşırı baş verən mübahisələrə səbəb olur.
Gərginliyi artıran əsas amillərdən biri də sərhəd mübahisələridir. Qırğızıstan və Tacikistan arasındakı dövlət sərhəd xəttinin ümumi uzunluğu 980 kilometrdir ki, bunun da təxminən yarısı demarkasiya olunmamış qalır.
Azərbaycan AstraZeneca-nın tətbiqinə başlayır

Şəklin mənbəyi, NurPhoto/Getty images
Azərbaycanda gələn həftədən AstraZeneca peyvəndi tətbiq olunacaq. Bu barədə Səhiyyə Nazirliyinin bildirir.
Məlumata əsasən, mayın 3-dən etibarən, COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "Vaxzevria" vaksinindən (İstehsalçı şirkət "AstraZeneca") də istifadə edə biləcəklər".
Peyvəndin Bakı ilə yanaşı Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacağı qeyd edilir.
"COVAX" platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza "Vaxzevria" peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir", - Səhiyyə Nazirliyi bildirir.
Azərbaycanda keçirilən vaksinasiya kampaniyası çərçivəsində peyvənd olunanların ümumi sayı 1,5 milyona yaxınlaşır.
Lavrov Yerevan və Bakıya səfər edəcək

Şəklin mənbəyi, Reuters
Rusiyanın Xarici İşlər naziri may ayında Azərbaycan və Ermənistana səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.
"Mövcud razılaşmalara uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin başçısı 5-6 may tarixlərində Yerevana və 10-11 may tarixlərində Bakıya işgüzar səfərlər edəcək", - cümə axşamı günü keçirilən brifinqdə Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri, habelə beynəlxalq sahəyə aid əlaqələrin "geniş spektrinin" nəzərdən keçirilməsi planlaşdırılır.
Məlumata əsasən, görüşlərin mərkəzində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrası ilə bağlı məsələlər olacaq.
Azərbaycanda 30 aprel-ADNA hadisələrindən 12 il ötür

Şəklin mənbəyi, Sosial Media
Sosial şəbəkə istifadəçiləri bu hadisələri hər il xatırlayaraq ölənlər barədə görüntülər və xatirələr yayır, rəylər bildirirlər.
Rəsmi məlumata görə, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Akademiya binasına daxil olaraq sonuncu mərtəbəyə qədər qarşısına çıxanlara atəş açıb.
Qədirov sonda özünü güllələyib.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bildirmişdi ki, Qədirov haqqında cinayət işinə xitam verilsə də, onunla əlaqəli şəxsləri müəyyən edib.
Hadisənin sifarişçisinin Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu iddia edilib və barəsində İnterpolla axtarış verilib.
Digər təqsirləndirilənlər, Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanova ömürlük, Ariz Qabulova isə on bir il həbs cəzası verilib.










