"3 bala basdırdım". Gəncə hücumundan sonra gözü yaşlı qalan analar və atalar
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Şənbəyə keçən gecə erməni silahlılarının Gəncəyə atdığı raket zərbəsindən həlak olan Şahnəzorovlar ailəsindən yalnız Xədicə sağ qalıb.
Həmin gecə onun atası, anası və yaş yarımlıq bacısı Mədinə həyatlarını itiriblər.
Balaca Xədicə hələ də özünə gələ bilməyib, o nə yemək yeyir, nə gözlərini açır, hərdən ayılanda isə bircə babasını səsləyir.
Saçlarındakı hörük anasının son yadigarıdır, onun yaxınları BBC News Azərbaycancaya deyirlər.
Amma gecədə ailə üzvlərini itirən Xədciə tək deyil. Narin adlı körpənin ağ parçaya bükülmüş cansız bədəninə sarılan bir kişinin şəkli Gəncəyə düşən son raket zərbəsinin simvoluna çevirilib.
Sentyabrın 27-də müharibə başlayandan bir həftə sonra Gəncə erməni silahlarının raket zərbələri ilə üzləşməyə başlayıb. Cəbhə bölgəsindən azı 60 kilometr uzaqda olan Azərbaycanın ikinci böyük şəhərində bu zərbələr nəticəsində 20-dən çox dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının rəhərliiyi" oktybrın 4-də, Gəncəyə ilk hücumdan sonra bəyan etmişdi ki, Azərbaycanın iri şəhər və rayonlarında hərbi obyektləri hədəfə alacaqlar.
Azərbaycan və Ermənistan arasında döyüşlər oktyabrın 27-də başlayıb. Tərəflər arasında oktyabrın 10-da və 18-də humanitar atəşkəs elan edilib. Amma tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.









