İranda partlayışlar: mühüm obyektlərə sirli hücumların arxasında nə dayanır?

Şəklin mənbəyi, Reuters
- Müəllif, Jiyar Gol
- Vəzifə, BBC Farsca
İyunun 30-da gecə yarısından dərhal sonra poçt qutuma bir email gəldi. Həmin məktubun müəllifləri Vətən Pələngləri adlı naməlum bir qrupa mənsub olduqlarını bildirmişdilər.
Qrup elektron məktubunda İranın Nətənzdəki böyük bir nüvə obyektinə təxminən iki saat əvvəl, yerli vaxtla 02:00-da hücum etdiyini bildirib. Məktubda iddia edilirdi ki, həmin obyekt partladılıb və İran rejimi bu hadisəni gizlədə bilməyəcək.
Qrup, İran ordusu və təhlükəsizlik qüvvələrindəki dissidentlərdən təşkil olunduğunu və İran hökumətinin hələ də ictimaiyyətdən gizlətdiyi çoxsaylı hücumların arxasında durduğunu qeyd edib.
İran İnformasiya agentlikləri və sosial şəbəkələrini yoxlamaq üçün internetə axtarış etdim, amma heç bir yerdə belə bir hücum haqqında bir qeyd tapmadım.
Bir neçə saatdan sonra İran Atom Enerjisi Təşkilatı Nətənzin nüvə obyektində insidentin baş verdiyini bəyan etsə də, bunun təxribatın nəticəsi olduğunu istisna edib.
Ertəsi gün, İranın ali təhlükəsizlik orqanı olan Ali Milli Təhlükəsizlik Şurası Nətənzdə insidentin nə səbəbdən baş verdiyini bildiyini açıqladı, lakin "təhlükəsizlik səbəbləri üzündən" bunun üstünü açmaq vaxtının hələ yetişmədiyini qeyd etdi.
NASA-nın peyk şəkilləri Nətənzdə yanğının 02:06-da baş verdiyini göstərib. Obyektə dəyən zərər Vətən Pələnglərinin elektron məktubunda olan detallarla üst-üstə düşüb.
İranın daxilində strateji obyektlərə həyata keçirilən hücumlara dair təbliğat videoçarxı daxil edilmiş məktubu bu qrupun diqqətlə hazırladığı aydın idi.
Bu cür bəyanatın və videonun hazırlanması saatlarla, bəlkə də günlərlə vaxt tələb edir.
Onu yazanlar, Nətənzdə partlayış barədə əvvəlcədən biliblər, bu isə sabotaj aktı olduğunu təsdiqləyən nəzəriyyəni təsdiqləyir.
Lakin bu məktub hücumun arxasında duranlardan diqqəti yayındırmaq cəhdi də ola bilər və onun, özlərini İrandakı rejimin opponentləri kimi qələmə verən xarici agentlər tərəfindən hazırlandığı ehtimalı da nəzərə alınmalıdır.
Hücumun "qarşısı alınıb"
Qrupun adı – Vətən Pələngləri – İran İnqilabı Keşikçiləri Qvardiyasının kiber ordusuna məxsus olduğu güman edilən “Fars Pişiyi” və ya 'Füsunkar Pişik” kimi xaker quplarının adlarına bənzəyirdi.
Mümkündür ki, Vətən Pələnglərinin yaradılmasının məqsədi Fars Pişiyi qrupuna bir cavab idi.

Mayın sonunda İranın düşməni olan İsrailin milli kiber təhlükəsizlik qurumu bildirib ki, ölkə öz su sisteminə nəhəng kiberhücumun qarşısını alıb. İsrail düşünür ki, bu hücumun arxasında İran durur.
Bir neçə gündən sonra İranın cənubundakı mühüm iqtisadi və gəmiçilik qovşağı olan Şəhid Rəcai limanına kiberhücum həyata keçirilib.
İranın idxal-ixrac əməliyyatlarının 50%-dən çoxu bu liman vasitəsilə həyata keçirilir. Hücum nəticəsində limanın su kanallarının işi pozuldu, ətraf avtomobil yolları daşqın nəticəsində suyun altında qaldı.
İran rəsmiləri bu texnogen qəzanın səbəbinin elektrik enerjisi sistemində nasazlıqla bağlı olduğunu bildirsələr də, Qərb kəşfiyyat mənbələri hesab edirlər ki, həmin hadisə İsrailin İrana cavab idi.
Yanğınlar və partlayışlar
Son üç ay ərzində İranda ölkə üçün mühüm obyektlərdə baş verən müəmmalı insidentlərin sayı artıb.
Nüvə obyektlərində, neftayırma zavodlarında, elektrik stansiyalarında, iri zavod və müəssisələrdə çoxsaylı yanğınlar baş verib.

Şəklin mənbəyi, AFP/Getty Images
Təkcə iyunun 26-dan başlayaraq bir neçə belə hadisə baş verib:
· 26 İyun: Tehrana yaxın olan Pərçinin qonşuluğunda yerləşən Xocirdə ballistik raketlər üçün maye yanacaq istehsal edən zavodda partlayış; Şirazdakı elektrik stansiyasında yanğın;
· 30 iyun: Tehran tibb klinikasında partlayış nəticəsində 19 nəfər həlak olub
· 2 iyul: Nətənz nüvə obyektində partlayış və yanğın
· 3 iyul: Şirazda böyük yanğın
· 4 iyul: Əhvazdakı elektrik stansiyasında partlayış və yanğın; Məşəhrdə Karun neft-kimya zavodunda xlor qazının sızması
Hadisələri izləyən, Finlandiyada mənzillənən iranlı jurnalist Səid Ağanji bu insidentlərin qəribə olduğunu qeyd edir və qəsdən törədildiyini istisna etmir.
"Məqsəd İranın strateji və iqtisadi obyektlərini hədəfə almaqla İran iqtisadiyyatını diz çökdürmək, rejimi silahlı qrupların maliyyələşdirilməsini dayandırmağa və Yaxın Şərqdəki kursu dəyişməyə məcbur etməkdir."
Tehranın şərq kənarında yerləşən iki hərbi obyekt olan Pərçin və Xocirdə, güman edildiyinə görə, İranın nüvə və raket istehsalı yerləşir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) müfəttişlərinə uzun müddətdir ki, Pərçinə girişə icazə verilmir. Şübhələrə görə, İranın bu obyektində nüvə silahı istehsalı ilə bağlı sınaqlar keçirilir.
İranın xəbərdarlığı
Nadir bir hal olaraq, İranın İrna dövlət informasiya agentliyi etiraf edib ki, Nətənzdə baş verən yanğın "düşmən ölkələr tərəfindən, xüsusilə də sionist rejim [İsrail] və ABŞ tərəfindən" edilən təxribatın nəticəsi ola bilər.
İranın mülki müdafiə rəhbəri söz verib ki, İranın kiberhücumun qurbanı olduğu üzə çıxacağı təqdirdə bu hərəkətə "cavab verəcək".

Şəklin mənbəyi, Getty Images
Bazar günü adı açıqlanmayan "Yaxın Şərq kəşfiyyatının əməkdaşı" New-York Times qəzetinə bildirib ki, Nətənzdə baş vermis partlayışın arxasında İsrail durur. Bundan bir gün əvvəl İsrailin xarici işlər naziri İsrailin bu insidentin arxasında olub-olmaması ilə bağlı suala qeyri-müəyyən cavab verərək deyib ki, "bizim İrandakı aksiyalarımızdan danışmasaq yaxşıdır".
İsrail adətən bu cür "hücumlara" görə məsuliyyəti üzərinə götürmür, İran rəsmiləri isə İsraili birbaşa ittiham etməkdən çəkinirlər.
Lakin görünür, iki ölkə arasında kibermüharibə artıq başlayıb.








