İnanılmaz sevgi məktubları ilə yaşayan insan

Əfqanıstan
Şəklin alt yazısı, Nemət 20 il əvvəl yazdığı eşq məktublarını nəzərdən keçirərkən xatirələrə dalır.
    • Müəllif, Sahar Rahimi
    • Vəzifə, BBC

Əfqanıstanın şimalındakı ucqar bir kənddə yaşayan 50 yaşlı Nemətqad uzun illər əvvəl yazdığı eşq məktublarını nəzərdən keçirəndə yaşadığı hisslər, yazdığı məktubların mətni yaddaşında canlanaraq sanki bir film kimi gözünün qarşısından keçir.

Rustaq rayonunun Taxar kənd sakini Nemətqad məktublaşma həvəskarıdır.

Əfqanıstan kimi ölkələrdə romantik münasibətlər barədə açıq danışmaq adət olunmayıb, elə smartfon və internet dövründən əvvəl də bu mövzu qapalı olan mövzulardan sayılıb.

İndi Nemət onun "köhnə yarası" olan və 20 il əvvəl yazdığı eşq məktublarını yenidən nəzərdən keçirərəkən uğursuz sevgi xatirələrini həyəcanla yada salır.

Ötən müddət ərzində Əfqanıstanda yaşadığı bütün çətinliklərə baxmayaraq, ailəli və bir neçə uşaq atası olan bu kişi 20 il bundan əvvəl yazılmış sevgi məktublarını hələ də saxlayır.

Əfqanıstan
Şəklin alt yazısı, Nemətin ailəsi və övladları olsa da, 20 il əvvəl yaşadığı hissləri unutmur.

"Üzünün sürəti qəlbimdədir"

"Yazışmaq və əlaqə qurmaq imkanları məhdud idi, - Nemət xatırlayır, - Görüşmək üçün min bir bəhanə ilə xiyabandan keçib gedərdik."

Sevgilisinin şəklini tapa bilməyən Nemət deyir ki, həmin qadının üzünün sürəti "onun ürəyində döyünür və əlbətdə ki, unudulmayacaq."

Ənənəvi və mühafizəkar əfqan cəmiyyətində romantik münasibət qurmaq sosial və ailə normalarına zidd hesab olunur.

"O dövrdə, adətən, eşq məktublarına cavab məktubu yazmağa cəsarət edilmirdi, çünki qohum-əqrəba, tanışlar tərəfindən sorğu-sual edilə bilərdi, - Nemət deyir. - Eşq ifadə edilən məktublar cavabsız qaytarılırdı".

Nemət deyir ki, sonradan onun həyatı dəyişib, valideynlərinin tələbiylə evlənməli olub.

Nemət o illərdə yazdığı və cavabsız qalan məktubları evinin xəlvəti və etibarlı bir küncündə saxlayır.

Əfqanıstan
Şəklin alt yazısı, 30 il bundan əvvəl yazılmış sevgi məktubunun bir hissəsi

"Məni baxışınla öldür"

Onilliklər əvvəl sevgi məktublarının ədəbi tərtibatı daha sadə, gözəl və incə idi.

Bu gözəlliyi və incəliyi yaradan məktubların mətnindəki söz ardıcıllığı, poetik cümlələrdə və sətirlərdəki səmimiyyət olub.

Nemət sevgilisinə göndərdiyi məktubundan bir cümləni iqtibas edir: "Sevgilim! Dünyada hər nə varsa unudular. Qoca və cavan, çirkin və gözəl - hamı ölüb gedər, izləri də qalmaz. Sevgilim, məni baxışınla öldür".

Xatirə

Eşq məktublarına aşiqlər bəzən xatirə əşyaları da əlavə ediblər: çiçək, ən sevdikləri hansısa bir şəkil və ya nəsə digər bir əşya.

Əşrəf (ad dəyişdirilib) və həyat yoldaşı da romantik yazışma həvəskarları olublar.

Bu cütlük bir-biriylə iyirmi il əvvəl yazışıb.

"İlk görüşümüzdə o, ağacdan bu budağı kəsib vidalaşmazdan əvvəl mənə verdi, - o deyir. - Bu, ilk sevgi xatirəmiz idi - yaşıl yarpaq".

Onların sevgi hekayəsinin xoşbəxt bir ardı olub.

"Bütün bu illərdən və dörd övladımız doğulduqdan sonra bağlılığımız və sevgimiz günbəgün artıb. Bu məktublarda yazdıqlarımızın hamısı gerçəkləşib. Həyatımız boyu bir-birimizi sevməyə davam edirik."

Yarpaq

Vərəqdə əllə yazılmış sevgi məktubları üçün xüsusi bir zərf, möhür və ya poçt qutusu tələb olunmurdu.

Velosipedli poçtalyonlar həmin məktubları xüsusi həssaslıq və diqqətlə ünvanlarına çatdırırdılar.

Məktub yazmağa uzun illər sərf etmiş insanlar və hətta müasir dövrün bəzi gəncləri də hazırda geniş yayılmış elektron yazışmanın əllə yazılmış məktublarla müqayisədə süni göründüyünü və köhnə məktubların yerini vermədiyini qeyd edirlər.

Əfqanıstanda əhalinin təxminən üçdə birinin, yəni 10 milyona yaxın insanın İnternetə çıxışı var və əksəriyyəti sosial şəbəkələrdən, xüsusən də ən populyar olan Facebook-dan istifadə edir.

İndi Facebook kimi sosial şəbəkələr eşq münasibətlərində olan insanlara heyrətamiz imkanlar yaradır, burada bəzi hallarda bir kliklə münasibətlərə başlamaq və bir düyməni basmaqla yeni bir əlaqə yaratmaq mümkündür.

Yazdıqları "Səni sevirəm" mesajları isə sevgi hissinə heç bir dərin məna əlavə etmir.

Məktub

Müasir dövrdə qədim vaxtlardan qalmış məşhur məhəbbət məktubları müəlliflərin ölümündən yüzlərlə il sonra hərraca çıxarılır və minlərlə dollar pula satılır, bəziləri hətta muzeylərdə saxlanılır.

Məsələn, məşhur amerikalı yazıçı Ernest Hemingway-in kinoulduz Marlene Dietrich-ə vaxtilə göndərdiyi məktub, iki il əvvəl 7000 dollara hərraca çıxarılaraq satılıb.

Məktubun bir hissəsində bu sözlər yazılıb: "Xahiş edirəm bil ki, mən səni həmişə sevirəm. Bəzən ürəyimin döyüntüsünü unutduğum kimi səni də unuduram. Ancaq ürəyim həmişə döyünür."

Görəsən, müasir dövrdə kağız məktublardan onlayn yazışmalara keçid bir balinanın dəniz mühitindən çıxarılaraq akvariuma yerləşdirilməsinə bənzəmirmi?

Eşq məktublarında bildirilən sevgi hissinin yaşa, zamana və ya məkana heç bir aidiyyəti yoxdur.

Lakin köhnə məktublarla müqayisədə müasir aşiqlərin elektron yazışmalarında əsl sevgi hissinin öz rəngini itirmiş kimi göründüyünü söyləyənlər də var.

Məktub
Şəklin alt yazısı, İyirmi il əvvəl yazılmış məktublar.