Azərbaycan Şahmat Federasiyası: "Biz erməni şahmatçının Türkiyədəki turnirdə iştirakına etiraz etməmişik"

Mariya Gevorqyan
Şəklin alt yazısı, Mariya Gevorqyan turnirdən kənarlaşdırılmasını özü üçün təhqir hesab edir

"Azərbaycan Şahmat Federasiyası erməni şahmatçı Mariya Gevorqyanın Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirakına etiraz etməyib", - Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib.

O, BBC News Azərbaycancaya bildirib ki, "hətta əgər hansısa azərbaycanlı idmançı Gevorqyanın iştirakına etiraz etmişdisə belə, turnirin təşkilatçısı oyunçunu uzaqlaşdırma qərarını özü verməməli idi".

Erməni şahmatçı Mariya Gevorqyan avqustun 7-də Türkiyədə keçiriləcək beynəlxalq şahmat turnirinə dəvət aldığını, lakin daha sonra Azərbaycan nümayəndə heyətinin etirazına görə dəvətin ləğv olunduğunu iddia edib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Azərbaycanın Beynəlxalq Şahmat Federasiyasındakı nümayəndəsi Faiq Həsənov bildirib ki, turnirlər təşkil olunarkən iştirakçılar kiminsə istəyinə görə yox, bütün ölkələrin təmsilçilərinin yarışda iştirakının təmin olunmasına əsasən dəvət edilir.

"Erməni şahmatçı Mariya Gevorqyanın oyunda iştirakını azərbaycanlıların etirazına görə təmin etməməsini təşkilatçının fərsizliyimi, savadsızlığımı, özbaşınalığımı adlandıraq ki, doğru olsun. Azərbaycan şahmatçıları indiyə qədər neçə-neçə beynəlxalq yarışlarda, hətta qrossmeysterlər səviyyəsində erməni şahmatçıları ilə üz-üzə gəliblər. Heç vaxt da "oynamıram" deməyiblər. İdmanı siyasətə qatmaq olmaz. Azərbaycan Şahmat Federasiyası da bu prinsipləri həmişə üstün tutub", - cənab Həsənov deyib.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) erməni şahmatçı Mariya Gevorqyanın cəlb olunduğu insidenti araşdırdığını bildirib.

Türkiyənin Sivas şəhərində Beynəlxalq Şahmat Federasiyasının himayəsi altında keçirilmiş beynəlxalq şahmat turnirinin təşkilatçıları "Azərbaycan nümayəndə heyətinin etirazına" görə erməni şahmatçı Mariya Gevorqyana göndərdikləri dəvəti ləğv ediblər, şahmatçı BBC-yə deyib.

Gevorqyanın sözlərinə görə, o öz "Facebook" profilində qərara etirazını bildirdikdən sonra təşkilatçılar onu məhkəməylə hədələyiblər.

BBC News Azərbaycanca məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasından hələlik şərh ala bilməyib.

Beynəlxalq Şahmat Federasiyası məsələnin tez bir zamanda araşdırılacağını və bütün tərəflərin dinləniləcəyini söyləyib.

Sivas Buruciye beynəlxalq şahmat turniri avqustun 19-24-də baş tutub.

"Təhqiredici qərar"

Mariya Gevorqyan beynəlxalq dərəcəli şahmat ustasıdır, beynəlxalq turnirlərin mükafatçısı və qadınlar üzrə Ermənistan çempionudur.

Daha əvvəl Gevorqyan Türkiyədə keçirilən turnirlərdə iştirak edib və belə problemlərlə qarşılaşmayıb.

Gevorqyanın sözlərinə görə, avqust ayında yarış qrafiki sıx olduğu üçün o, Türkiyədəki turnirdə iştiraka xüsusi can atmayıb.

Amma avqustun 7-də ona təşkilatçılardan dəvət gəlib, onlar yazıblar ki, həm yolpulunu, həm də qalmaq xərcini ödəyəcəklər.

Gevorqyan razılıq verəndən az sonra təşkilatçılardan biri - Mustafa Eroğlu dəvəti ləğv edib.

O Gevorqyana yazıb ki, Azərbaycan şahmatçıları ultimatum veriblər: erməni şahmatçı turnir qatılarsa, onlar iştirakdan imtina edəcəklər.

Eroğlu Gevorqyandan üzr istəyib və biletlərinin geri qaytarıldığını bildirib.

Gevorqyan Eroğlunun yazdığı məktubun şəklini də öz "Facebook" profilində paylaşıb.

"Yarışdığım bütün ölkələrdə milliyyətindən və siyasi baxışlarından asılı olmayaraq mən bütün opponentlərimə həmişə hörmətlə yanaşmışam" - Gevorqyan profilində belə yazıb.

Mariya Gevorqyan FİDE-yə şikayət ərizəsi göndərib və ümid edir ki, şahmat təşkilatları bundan sonra belə ultimatumların səsləməsinə imkan verməyəcəklər.

O, həmçinin əlavə edib ki, milli mənsubiyyətinə görə dəvətin ləğv edilməsini özü üçün son dərəcə təhqiramiz hesab edir.

Bundan sonra Eroğlu Gevorqyanla əlaqə saxlayıb və onu yazışmanın konfidensiallığını pozmaqda ittiham edərək məhkəməylə hədələyib.

Beynəlxalq Şahmat Federasiyasının öz saytında paylaşdığı açıqlamada deyilir ki, şahmatçı Türkiyənin Sivas şəhərində Buruciye beynəlxalq şahmat turnirinə dəvət aldığını, lakin daha sonra dəvətin onun milliyyətinə görə ləğv edildiyini iddia edir.

"İqr, din, etnik mənsubiyyət və ya milliyyətə görə ayrı-seçkilik təkcə Beynəlxalq Şahmat Federasiyasının yox, eləcə də bütün təməl idman prinsiplərinə qarşıdır. Əgər araşdırma şahmatçının hüquqlarının pozulduğunu və ya onun milliyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını göstərəcəksə, Beynəlxalq Şahmat Federasiyasının nizamnaməsinə uyğun olaraq ən ciddi qaydada ölçü götürüləcək", - Beynəlxalq Şahmat Federasiyasının məlumatında deyilir.

FİDE-nin məlumatında deyilir ki, Ermənistan Şahmat Federasiyası onlara məsələ ilə bağlı rəsmi şikayət edib.

İdman və millətçilik

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağa görə başlamış konflikt 1988-ci ildən bəri davam edir.

Bu konfliktə görə Azərbaycan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu itirib.

Dağlıq Qarabağdan kənarda yaşayan ermənilər və Ermənistanda yaşayan azərbaycanlılar evlərini tərk etmək məcburiyyətində qalıblar.

Hazırda Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsi yoxdur, bu iki millətin qonşu əraziyə keçməsi isə ciddi çətinliklərlə müşayiət olunur.

May ayında - Avropa Liqasının Bakıda keçiriləcək finalından əvvəl erməni soyadlı və hətta erməni soyadına bənzər soyadlı azarkeşlər Azərbaycana viza ala bilmədiklərindən şikayətlənmişdilər.

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan rəsmi Bakının təhlükəsizlik təminatı vədinə baxmayaraq komandasıyla birlikdə final matçında iştirak üçün Azərbaycana getməkdən imtina edib.

Армянский гроссмейстер Левон Аронян

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Erməni idmançı, qrossmeyster Levon Aronyan Dünya Kuboku zamanı Bakıda olub.

Amma bəzi erməni idmançılar Azərbaycanda keçirilən beynəlxalq yarışmalarda iştirak ediblər.

Erməni idmançı, qrossmeyster Levon Aronyan Dünya Kuboku zamanı Bakıda olub. Bakıdakı Avropa Oyunlarında erməni güləşçisi Miqran Arutunyan gümüş medal qazanıb.

Erməniləri, o cümlədən soyadları fonetik olaraq erməni soyadına bənzəyənləri Azərbaycan sərhəddində tez-tez saxlayırlar. Onların bəzilərinə ölkəyə daxil olmağa icazə verilmir.

Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Azərbaycana səfər edən Rusiya vətəndaşları erməni soyadına, adına və ata adına görə etnik diskriminasiyaya məruz qalırlar.

Yanvar ayında XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova bildirmişdi ki, nazirlik bu vəziyyətin yolverilməz olduğunu dəfələrlə Azərbaycan tərəfinin diqqətinə çatdırıb.