Tbilisidə etirazlar: Rusiya Gürcüstana uçuşları qadağan edir

Şəklin mənbəyi, TASS
Tbilisidə keçirilən etirazlar ardınca Rusiya aviaşirkətlərinə rusiyalıları Gürcüstana aparmaq qadağan edilib. Rusiya prezidenti Vladimir Putinin müvafiq fərmanı iyulun 8-dən qüvvəyə minməlidir.
Kreml saytında dərc olunmuş sənəd həmçinin Rusiya vətəndaşlarının geri qaytarılmasını nəzərdə tutur.
Sərnişin uçuşlarına dair qərar Gürcüstanda pravoslav ölkələrin parlamentlərarası assambleyasının sessiyası zamanı rusiyalı deputat Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kreslosunda əyləşməsi ilə bağlı yaranmış etirazlardan sonra qəbul edilib.

Şəklin mənbəyi, Getty Images
Cümə axşamı günü Tbilisidə yerləşən parlament binası qarşısında etiraz aksiyası vaxtı polislə nümayişçilər arasında toqquşmalar baş verib.
Gecə çağlarında polis mühasirəsini yaran kütlə parlament binasına daxil olub.

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images
Etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnağı və rezin güllələrdən istifadə olunub.
Hadisələr nəticəsində polis və nümayişçilər arasında xəsarət alanlar var, 300-dək insana tibbi yardım göstərilib.
Qarışılqlıq ardınca Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze istefaya çıxıb.

Şəklin mənbəyi, Reuters
Rusiyanın turist şirkətləri vasitəsilə Gürcüstana gələn rusiyalıların sayı 5-7 min nəfərə arasındadır.
Rusiya turoperatorları birliyinin dəyərləndirmələrinə görə, öz hesabına səyahət edənlərin sayı bu rəqəmdən 2-3 dəfə artıq ola bilər.
Rusiyanın ən iri hava şirkəti - Aeroflot Tbilisiyə uçuşların dayandırıldığını elan edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, qadağa müvəqqətidir və o, ölkədə vəziyyətin normallaşması ardınca ləğv oluna bilər.







