Ermənistanda Paşinyanın məhkəmə binalarını təcrid etmək çağırışı necə qarşılanıb?

Ermənistan rəhbərliyi

Şəklin mənbəyi, WWW.GOV.AM

Ermənistanın Baş naziri Nikol Paşinyanın məhkəmə binalarını təcrid etmək çağırışı ölkədə birmənalı qarşılanmayıb və bir çoxları tərəfindən tənqid edilib. Rəsmi və qeyri-rəsmi təşkilat və şəxslər dərhal bəyanatlarla öz münasibətlərini bildiriblər.

Nikol Paşinyan məhkəmənin keçmiş prezident, hazırda barəsində məhkəmə prosesi başlayan Robert Koçaryanın barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsindən sonra xalqı məhkəmə binalarının giriş-çıxışını bağlamağa çağırmışdı.

Bu gün cankı efirdə xalqa müraciətində o bildirib ki, yaxın bir-iki ay ərzində "keçid dövrünün ədliyyə-məhkəmə sisteminin" tətbiq edilməsi zəruridir.

Onun sözlərinə görə, bütün hakimlərin öz siyasi əlaqələri və mülkləri ilə bağlı dəqiq məlumat verməli, verdiyi qərarların Avropa Məhkəməsi tərəfindən qanunsuz sayıldığı hakimlər isə istefaya getməlidirlər.

Parlament partiyalarının münasibəti

Ermənistan parlamentində təmsil olunan müxalif siyasi fraksiyalar Baş nazir Paşinyanın məhkəmələrin işini iflic etmək çağırışını Konstitusiyaya zidd hesab edirlər.

Firavan Ermənistan Partiyası Baş naziri məhkəmələri təcrid etmək çağırışını dayandırmaq və "məhkəmələrin təbii fəaliyyətinə" mane olmamağa çağırıb.

Firavan Ermənistan Paşinyanın çağırışını ölkə Konstitusiyasına zidd sayır və xəbərdarlıq edir ki, Paşinyanın bu addımı ölkənin beynəlxalq nüfuzuna xələl yetirə, cəmiyyətin parçalanmasına gətirə bilər.

"FE fraksiyası məhkəmə sistemində mövcud olan ciddi problemləri və birgə hüquqi həll tapmağa hazırdır, dövlətçiliyimizə və Ermənistanın beynəlxalq nüfuzuna zərər yetirən, iqtisadi inkişafı, insan haqlarını və daha əvvəl elan edilən islahatların həyata keçirilməsini əngəlləyə bilən qeyri-konstitusiya hərəkətlərdən çəkinməyə çağırır", - Firavan Ermənistan Partiyası Siyasi Şurasının bayanatda deyilir.

Zəkalı Ermənistan parlament fraksiyası Paşinyanı məhkəmələrin giriş-çıxışını bağlamaq təşəbbüsündən dönməyə və "Koçaryana belə hədiyyə" etməməyə çağırıb.

"Bu halda Ermənistanda minlərlə insan üçün haqq-ədalətin təmin olunması və konstitusiya hüquqları pozulmuş olur. Ermənistan Respublikasında insan haqları pozulmuş olur və inqilabdan sonra toplanmış hüquqi dövlət yaratmaq potensialı üstündən xaç çəkilir", - partiyanın bəyanatında deyilir.

Zəkalı Ermənistan fraksiyası həmçinin "yaranmış vəziyyəti" müzakirə etmək üçün parlament sədrinə müraciət edib və bunun üçün imza toplamağa başlayıb.

Parlamentdə təmsil olmayan partiyalar da Paşinyanın təşəbbüsünü pisləyiblər

Daşnaksutyun Erməni İnqilabi Federasiyası Paşinyanın çağırışını avantürizm hesab edir və vətəndaşları "təxribata" varmamağa çağırıb.

Daşnaksutyun Paşinyanın "məhkəmələrə giriş-çıxışları bağlamaq" çağırışını "sülhlə hərb arasında yaşayan erməni xalqını, ölkənin stabilliyi və təhlükəsizliyini yeni çağırışlar qarşısında qoymaq və bərpa olunmaz təhlükələrə uğratmaq" kimi qiymətləndirir.

Daşnaksutyun Baş nazirin çağırışını "konstitusiyaya zidd, məhkəmə sisteminin işinə maneə olan və ümumiyyətlə, dövlətçiliyi avantürizmə aparan addım" adlandırır, vətəndaşları bu təxribatdan qaçmağa və "ölkə üçün çox vacib sabitliyi müdafiə etməyə" çağırır.

Keçmiş hakim Ermənistan Respublikaçı Partiyası da bəyanat yayıb və Paşinyanın hərəkətlərini "Konstitusiya üçün təhlükə" adlandırıb.

Partiyanın bəyanatında "Ermənistanda konstitusiya quruluşunun, hakimiyyət qollarının bölünməsi və əsas hüquq və azdlıqların yenə təhlükəyə uğradığı" bildirilir.

"Paşinyanı Ermənistan məhkəmə sistemini misli görünməmiş təzyiqə məruz etdiyinə görə pisləyirik. Onun bu davranışı ölkədə ədalətli məhkəmə icrasına və qanunun aliliyinə əvəzedilməz zərər vura bilər", - bəyanatda deyilir.

Bəyanatı müəllifləri beynəlxalq birliyi, Ermənistanda fəaliyyət göstərən diplomatik missiyaları "Ermənistan hakimiyyətinin Konstitusiya və məhkəmə sisteminə hücumuna" qiymət verməyə çağırırlar.

İnsan haqları müdafiəçisi (ombudsman) tənqid edib

Ermənistan insan haqları müdafiəçisi (ombudsman) Armen Tatoyan Paşinyanın çağırışı sayəsində Ermənistanda "Konstitusiya və qanunlarla nəzərdə tutulan qanunverici, icra və məhkəmə hakimiyyətlərinin bölümnəsi və balansı əsasında dövlət hakimiyyətinin icra edilməsinin" pozulduğunu bildirib.

"Bu hakimiyyət qolları nümayəndələrinin və ya rəsmilərinin hər birinin digər hakimiyyət qoluna şəksiz ehtiramla yanaşmaq öhdəliyi vardır", - ombudsanın bəyanatında deyilir.

Tatoyan Ermənistanda məhkəmələrin fəaliyyətinə və məhkəmə-ədliyyə qərarlarının qəbul olunmasına hər hansı müdaxilənin qadağan olunduğunu xatırladıb.

Tatoyan Ermənistan məhkəmə sistemində, o cümlədən, daxili və xarici azadlıqlarla bağlı problemlər olduğunu, vətəndaşların məhkəmələrə tam etimad göstərmədiyini etiraf edib.

O, bir çox hallarda məhkəmələrin öz hərəkətləri ilə məhkəmənin nüfuzuna mənfi təsir etdiyini də deyib və Ombudsman ofisinə daxil olan şikayətləri əsas gətirib.

İnsan haqları müdafiəçisi eyni zamanda baş nazirin məhkəmələrin giriş-çıxışını bağlamaq çağırışının "ölkə ədliyyə sisteminin təhlükəsizliyi və sabitliyi üçün təhdid" kimi qiymətləndirir.

Paşinyana dəstək

Bu arada "Sasna tsrer" partiyası Baş nazir Paşinyana "məhkəmə sisteminə cərrahiyə müdaxiləsində dəstək olmağa" hazır olduğunu bildirib.

"Keçid mərhələsinin ədliyyəsi tam və əhatəli olmalıdır, çünki hakimiyyətin zəbt edilməsi ilə bağlı cinayətlər sitemli səciyyə daşıyıb və həyatın bütün sahələrini əhatə edib", - təşkilatın bəyanatında deyilir.

Bu partiya 2016-cı ildə Polis keşikçi-patrul alayı ələ keçirib, bir neçə polis işçisini girov saxlayan və iki həftədən sonra hakimiyyətə təslim olmuş silahlı "Sasna tsrer" dəstəsinin əsasında və Paşinyanın başçılıq etdiyi "məxməri inqilab"ın qələbəsindən sonra əksəriyyətinin həbsdən azad edilməsindən sonra yaradılıb.