Adın nədir? Bu sual bir çox ölkələrin hökumətlərini maraqlandırır

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Boris Maksimov
- Vəzifə, BBC
"Atanızın adı?" - Bakı aeroportunda mənə sual verən sərhədçi hələ Sovet dövründən qalmış anketi nəzərdən keçirərək soruşur. Orada atamın adı barədə bir hərif də yazılmayıb.
- "O ad məndə yoxdur. Pasportuma baxın".
- "Ola bilməz. Atanızın adı?"
- "Pasportumu yoxlayın - o ad yoxdur!"
Bu cür söz güləşdirməsi ən azı yarım saat çəkdi. Axırda məni ölkəyə buraxdılar, baxmayaraq ki, atamın adı pasportumda yox idi.
Təxminən 1995-ci il idi və bu hadisə Zabrat aeroportunda baş verirdi.
Əlbəttə ki, bu - atamın adının soruşulması - gülməli görünə bilər, lakin söhbət ciddi məsələdən gedir.
Dövlətin rolu
Sizin adınızdan (soyadınızdan və əgər varsa, atanızın adından) daha şəxsi və özəl nə ola bilər.
Lakin müxtəlif ölkələrdə bu, 2-3 və daha çox sayda ola bilən sözlərə münasibət fərqlidir.
Bu yaşa gəlib çatana qədər mən təkcə öz atamın adını yox, hətta hələ məktəbdə oxuyan vaxt soyadımı da dəyişmişəm.
Soyadımı dəyişəndən sonra, xoşhallı gülümsəyərək, özündən çıxmış sovet müəlliməsinin qəzəbli baxışını izləməkdən yaxşı heç nə yox idi: o, lövhəyə çıxmağa çağırırdı, lakin onun dediyi soyadda şagird sinifdə artıq yox idi.
Soyadımı dəyişməklə iki dərs də almış oldum: birincisi, məlum oldu ki, sizə zülm verəni, cəzasız olaraq, lağa qoymaq adama böyük ləzzət verir, ikincisi isə, gender təhsili keçdim - ərə gedəndən sonra soyadlarını dəyişən milyonlarla qadının necə yaşadığını öz üzərimdə hiss etdim.
Və bir də ki, başa düşdüm ki, soyad insanın kimliyini müəyyən edən heç də əsas element deyil.
Soyadsız yaşamaq

Şəklin mənbəyi, Getty Images
İslandiyada həmin o, bakılı sərhədçi özünü evində kimi hiss edərdi.
Orada hamının adı və atasının adı var.
Düzdür, soyadlara İslandiyada nadir hallarda rast gəlinir.
Orada soyadlar hər 10 nəfərdən təxminən, yalnız birində var, qalanlara soyad əldə etmək qanunla qadağan olunub, islandiyalılar soyadı olsa-olsa, yalnız xaricdə nə yollasa ala bilərlər.
Soyadlar olmadığından, telefon soraq kitabları və bu kimi digər siyahılar əlifba ardıcıllığı ilə tutulur - ad əsasında.
Misal üçün, əgər siz siyahıda David Oddsson-u tapmaq istəyirsinizsə, onu "D" hərfinə aid siyahıda axtarmalısınız...
Bəzən də islandiyalılar xaricdə gözlənilməz problemlərlə üzləşirlər.
Tutaq ki, ana, ata və onların kiçikyaşlı qızı və oğlu İspaniyaya istirahətə yollanıblar.
Atanın pasportunda yazılıb ki, onun adı Björgvin Ásgeirsson-dur (Ásgeirs oğlu), arvadının adı isə - Hrafnhildur Hreinsdottir-dir (Hrein qızı). Aydındır ki, onların uşaqlarının adı Steinn Björgvinsson (Björgvin oğlu) və Urður Björgvinsdóttir-dir (Björgvin qızı).
Xarici aviaşirkətlər və otellər isə bunu anlamaya bilər və hətta kiminsə oğurlandığından şübhələnib polis çağıra bilərlər.

Şəklin mənbəyi, Sergei Savostyanov/TASS
İslandiya rəsmiləri bu cür vəziyyətin yaranmaması üçün çıxış yolu tapıblar.
Belə ki, İslandiyada xaricə yollanan ailələr müəyyən ödəniş etməklə ailə üzvlərinin hamısının atasının adı eyni yazılmış müvəqqəti pasportlar əldə edə bilərlər.
Bu, hələ hamısı deyil.
Britaniyalılar ad və soyadları tənzimləyən bir çox qanunları inanılmaz qəribəlik sayırlar, o cümlədən, həmin qaydaların mövcudluğunu da.
Britaniyada uşağı qeydiyyatdan keçirərkən və doğum haqqında şəhadətnaməsi veriləndə cəmi iki sual soruşulur: uşağın adı nədir və bütün adları və soyadı necə yazılır.
İkinci sualı üç dəfə soruşacaqlar ki, yazanda səhvə yol verilməsin: vəssalam - öz Marusyalarınızı və Əbduləzizlərinizi evə apara bilərsiniz.
Heç bir şaftalı olmaz
Bir çox başqa ölkələrdə vəziyyət fərqlidir. Orada hökumətlər fəal şəkildə uşağın necə adlandırılması işinə qarışır.
Məlumdur ki, uşaq doğulmaqdan əvvəl valideynlər ona ad seçmək üçün aylarla mübahisə edirlər.
Amma misal üçün Almaniyada Bob Geldof-un ciddi problemləri olub.
Onun mərhum qızının adı Peaches (Şaftalılar) olub.
Almaniyada Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi (Standesamt) tərəfindən uşaq adı üçün əşya və ərzaq adları seçmək qadağan olunub.
Almaniyada eləcə də ad və soyadı dəyişmək olmaz.
Əgər, misal üçün, siz Almaniyaya gəlmisiniz və adınız Mstislav Patarkatsişvilidirsə, bu, sizin şəxsi probleminizdir.
Amma burada bir istisna var.
Polşa, Rusiya, Qazaxıstandan gəlmiş etnik almanlar, ad və soyadlarını dəyişə bilər, çünki həmin ölkələrdə yerli rəsmilıər onların alman ad və soyadlarını vaxtilə dəyişib.
Liberalizm adası
Lakin misal üçün, Danimarka, İsveç və ya İslandiya ilə müqayisədə Almaniya adlar məsələsində liberalizmin adası sayıla bilər.
Qeyd olunmuş Skandinaviya ölkələrində adlar üzrə rəsmi dövlət komitələri mövcuddur, həmin komitələr icazə verilən adların siyahısını tutur.
Əgər həmin siyahıda sizin adınız yoxdursa, onda sizi böyük problemlər gözləyir.
Əlbəttə ki, bu sahədə də "dissidentlər" tapılır.
İsveçdə bir cüt, dövlətin körpə uşağa adqoyma məsələsinə müdaxiləsindən qəzəblənərək etiraz əlaməti olaraq oğluna Brfxxccxxmnpcccclllmmnprxvclmnckssqlbb11116 adı verməyə cəhd edərək inandırmağa çalışıb ki, bu ad "Albin" kimi tələffüz olunur.
Onlar rədd cavabı alandan sonra, daha bir cəhd edərək uşağa "A" adı seçib deyiblər ki, bu ad da "Albin" kimi tələffüz olunur - amma yenidən rədd cavabı alırlar.
Nəhayət, valideynlər təslim olaraq uşağa adi ad veriblər.
Adlar üzrə dövlət komitəsilə mübahisə aparmaq xərc də tələb edir - verilən apellyasiyalara görə real pul ödəmək lazım gəlir.
Lakin vəziyyət bundan da pis ola bilərdi.

Şəklin mənbəyi, Getty Images
Reykjavik yaxınlığında yaşayan ingilis-island cütü 12 il ərzində yerli adlar komitəsi ilə məhkəmə çəkişməsi aparıb.
Onlar qız uşağına Harriet, oğlana isə Duncan adları vermişdilər.
Lakin adlar üzrə komitə onları qeydiyyatdan keçirməkdən imtina edirdi, çünki island dilində Harriet adı hallanmır, Duncan adında isə "c" hərfi var ki, island dilində bu hərf yoxdur.
Bu mübahisəli vəziyyət çözülənədək uşaqların sənədindəki ad bölməsində müvafiq olaraq "oğlan" və "qız" sözləri yazılmışdı.
Sonda isə valideynlər qalib gəldilər və hazırda İslandiyada Harriet və Duncan adları rəsmi olaraq mövcuddur.
Vladimir Aşkenazi qanunu dəyişir
Maraqladır ki, İslandiyada Sovet adları da özünə məxsus iz buraxıb.
1960-cı illərdə dünyada məşhur Sovet pianoçusu Vladimir Aşkenazi öz islandiyalı arvadı ilə Londonda qalmaq qərarına gəlir, 1969-cu ildə isə ailə İslandiyaya köçür - orada Aşkenazi dirijor karyerasına başlayır.
Vladimirin İslandiya vətəndaşlığı almaq vaxtı çatanda o, gözlənilməz problemlə üzləşir.
Həmin dövrün qanunlarına görə, immiqrant İslandiya vətəndaşlığını alarkən öz adını yerli qaydalara uyğun dəyişməli idi.
Vladimir Davidoviç Aşkenazi - Valdimar Davidsson (Valdimar Davíðsson) olmalı idi.
İslandiya rəsmiləri isə tərəddüd edirdi - dünya şöhrətli sənətçinin adını dəyişməyə cürət etmirdilər, çünki bütün dünyanı özlərinə güldürəcəkdirlər.
Bəs ölkədəki demokratiya və qanunun aliliyi necə olsun? Nə etməli?
Əvvəlcə, Aşkenazi üçün istisna etdilər, sonra isə qanunun özünü də ləğv etdilər, odur ki, indi ölkədə Polşa, Filippin və Rusiya adları və soyadları olan xeyli sayda yeni vətəndaşlar var.

Şəklin mənbəyi, Getty Images
Odur ki, insanlar bəzən dirəniş göstərərək hansısa hökumətin uşağa advermə prosesinə qarışmasının qarşısını ala bilirlər.
Bəzi ölkələrdə isə adı könüllü sürətdə də dəyişmək olar.
Misal üçün, Britaniya kral ailəsi vaxtilə belə addım atıb.
I Dünya Müharibəsi dövründə kral V Georg Britaniya kral ailəsinin alman köklərinə diqqəti çəkməmək və Britaniya kimliyini qabartmaq üçün özünə və bütün kral ailəsinə Sachsen-Coburg-Gotha adı əvəzinə Windsor adı seçib.
Britaniya kralı Almaniya kayzeri ilə qohum olmasına diqqəti cəlb etmək istəmirdi.
Hər şey elə də sadə deyil
O biri tərəfdən, tarixi də unutmaq lazım deyil.
Nəsildən nəslə keçən soyad ideyası Avropada Orta Əsrlərin erkən çağlarında yaranıb.
Qitənin şərqində, Rusiya imperiyasında soyadlar ənənəsi isə yalnız XIX əsrdə formalaşıb.
Soyadlar nəyə lazımdır? Bu kimin ideyasıdır? Əlbəttə ki, hakim dairələrin.
Hökumət bütün dövrlərdə camaatdan nə istəyib? Əlbəttə ki, vergi.

Şəklin mənbəyi, Getty Images
Hamı kəndli olanda vergini yığmaq asan işi idi: gəldin kəndə, evləri gəzdin - vergilər yığıldı.
Kəndli və fermerlər torpağa bağlı olduqlarından onları tapmaq asan idi.
Orta əsrlərdə isə, şəhərlər yaranmağa başlayandan sonra isə, ora-bura hərəkətdə olan sənətkarı, taciri, musiqiçini necə tapasan? Onların vergi ödəyib-ödəmədiklərini necə biləsən?
Odur ki, hakim dairələr soyadların hamıda olmasında təkid etməyə başladı.
Yeni qaydalar yavaş-yavaş Avropanın şərqinə, o cümlədən, Rusiyaya da gəlib çıxdı.
Yerli ənənə isə burada özünəməxsus bir şəkil aldı: belə ki, rüşvət verib özünə istənilən adı, misal üçün, Goldberg (Qızıl dağ) soyadını seçmək mümkün idi. Pulu olmayana isə soyadı məmur özü istədiyi kimi yaza bilərdi.
Bəzi ölkələrdə və bəzi rejimlərdə hökumətlər insanların seçdiyi adları alqışlamır və buna qarşı çıxır.
Misal üçün Çində rəsmi dairələr son zamanlar Sincan-Uyğur Muxtar Rayonunda uşaqlara müsəlman adlarının verilməsini qadağan edirlər.
Keçmiş SSRİ-də də vaxtilə tələb olunurdu ki, hamının atasının adı "viç" və "vna" sonluğu ilə bitsin, hətta vətəndaşların mənsub olduğu etnik qrupların daxilində buna adət edilməsə də belə.
Odur ki, sizin adınız Johannes Coxaroviç Papadopulos-Kuznetsovdursa, zənn etməyin ki, siz unikalsınız.
Sizin unikallığınız - valideynlərinizn çətin vəziyyətdən çıxış yolu tapmaq məharətilə dövlət maraqları arasında əldə edilmiş bir növ kompromisin nəticəsidir.






